Gürcü İsmayıl Paşa (bilinmir – oktyabr 1738) — I Mahmud dönəmində 5 ay 13 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır.
Gürcü İsmayıl Paşa | |
---|---|
12 iyul 1735 – 25 dekabr 1735 | |
Əvvəlki | Həkimoğlu Əli paşa |
Sonrakı | Dimetokalı Mehmed Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | bilinmir |
Vəfat tarixi | oktyabr 1738 |
Fəaliyyəti | siyasətçi |
Əslən gürcü olub, yeniçəri ocağında təlim-tərbiyə edildi. İlk öncə yeniçəri ağası Şaban ağanın, ardından Mustafa ağanın xidmətində çalışdı. Patrona Xəlil üsyanına qatılmadığı üçün sarayın etibarını qazandı və 1731-ci ildə yeniçəri ağası oldu[1].
Sədrəzəm Həkimoğlu Əli Paşanın onu özünə rəqib görməsi səbəbilə 26 iyul 1732-ci ildə Rumeli bəylərbəyi təyin edilərək İstanbuldan uzaqlaşdırıldı[2]. Ardından Trabzon, Diyarbəkir və Bağdada təyin olundu[3]. Ancaq buna baxmayaraq Həkimoğlu Əli Paşanın vəzifədən alınmasının ardından Darüssəadə ağası Bəşir ağanın tövsiyəsilə 12 iyul 1735-ci ildə sədarətə yüksəldi[4].
Silahdar Mehmed ağa vasitəsilə sədarət möhürünü alan İsmayıl Paşa yeniçəri ağalığında olduğu kimi sədarət dövründə də sərt tədbirlərini davam etdirdi. Sarayda rüşvətin yayılmasını səbəb oldu. İşinə müdaxilə etmək istəyən şəxsləri böhtanla saraydan uzaqlaşdırdı. Bu kimi hərəkətləri səbəbilə saraya gələn şikayətlərin artması nəticəsində 25 dekabr 1735-ci ildə vəzifədən alındı.
Öncə Saqqız adasına, ardından isə Rodos adasına sürgün olunan İsmayıl Paşa 1737-ci ilin sentyabrında Hanya qalasının mühafizəsiylə vəzifələndirildi. Bu vəzifəsi davam edərkən 1738-ci ilin oktyabrında Hanyada vəfat etdi. Vəfat xəbərinin ardından İstanbuldakı mal-mülük müsadirə edildi. İstanbulun Təpəbaşı səmtində 1732-ci ildə öz adına inşa etdirdiyi çeşmə isə sonralar yol inşaatı səbəbilə dağıdıldı.[1]