Silahdar Kürəkən Mehmed Paşa (bilinmir, İstanbul – 1737, Hələb əyaləti, Osmanlı imperiyası) — I Mahmud dönəmində 3 ay 22 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamı.[1]
Silahdar Kürəkən Mehmed Paşa | |
---|---|
1 oktyabr 1730 – 22 yanvar 1731 | |
Əvvəlki | Nevşəhərli İbrahim Paşa |
Sonrakı | Qabaqulaq İbrahim Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | bilinmir |
Doğum yeri | |
Vəfat tarixi | 1737 |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı |
Əslən türk olub, doğum tarixi məlum deyil. Uşaq yaşlarında Əndəruna alınaraq burada təlim-tərbiyə edildi. Ardından saray xidmətinə alındı və saray anbarında çavuş vəzifəsində xidmət etdi. Sultan Əhmədin silahdarlarından Bosniyalı Mehmed ağanın vəzir rütbəsiylə Anadolu bəylərbəyliyinə təyinatının ardından, o da 8 noyabr 1724-cü ildə saray ənənəsinə zidd olmasına baxmayaraq silahdar ağası təyin edildi. 1724-cü ildə Sultan Əhmədin qızlarından Aişə Sultanla nişanlandı. Nişan mərasiminin ardından Mehmed Paşa Rumeli bəylərbəyi təyin edildi. Daha sonra 1727-ci ilin avqustunda vəzir rütbəsi aldı və bu vəzifədə ikən 22 may 1728-ci ildə cütlüyün nigahı baş tutdu. Nigahın ardından divana daxil olan Mehmed Paşa Ərzurum sancaqbəyliyinə gətirildi. 25 sentyabr 1730-cu ildə başlayan Patrona Xəlil üsyanının dördüncü günü Sultan Əhmədin kürəkəni sədrəzəm Nevşəhərli İbrahim Paşa başda olmaqla bir çox dövlət adamı edam edilərək üsyançılara təslim edildi və sədarətə sultanın digər kürəkəni Silahdar Mehmed Paşa gətirildi (1 oktyabr 1730).
Sədarətinin ikinci günü Sultan Mahmud taxta çıxarıldı və Mehmed Paşa vəzifədə qaldı. Üsyançılar əvvəlcə heç bir rəsmi vəzifəyə gətirilmədən dövlət məsələlərinə müdaxilə etməyə başladı. Patrona Xəlil Sultan Mahmuddan əhali üzərinə yüklənən ağır vergilərin ləğvini istədi. Padşahın ona üsyanın yatırılması vəziyyətində 100 min qızıl təklif etməsinə qarşılıq olaraq, bütün İstanbulun və onun sərvətinin özünə aid olduğunu bildirdi. Yeniçəri ağası Kəl Mehmed ağa isə İstanbulun təhlükəsizliyini və xalqın iaşə məsələlərini qismən də olsa, həll etmişdi. Ancaq bir müddət sonra Patrona Xəlil dövlət gəlirlərini və vəzifə yerlərini öz yandaşları arasında böüşdürməyə başladı. Rüşvət qarşılığında vəzifələri satmağa başlayan Patrona Xəlil, Boğdan hakimliyinə təyin etdiyi Yanakidən 500 qızıl almışdı. Təqsirli gördüyü hamını qurduğu məhkəmədə mühakimə edərək edam etdirirdi. Bir neçə həftə ərzində 3 min kisə qızıl sərvəti olmuşdu. 400 nəfərlik heyətilə əvvəlcə Şahzadəbaşı səmtindəki köşkdə, daha sonra isə dəftərdar İzzət Əli Paşanın köşkündə yaşamağa başlayan Patrona Xəlil Ətmeydanındakı qərargahından İstanbuldakı məsələləri həll edərkən, Sultan Mahmud əyalətlərdəki vəziyyəti yaxşılaşdırmağa başlamışdı. Validə Saliha Sultan tərəfindən “ikinci oğlum” olaraq anılan Patrona Xəlil şəhərdə terror əsdirirdi.[2] Dükanlara, köşklərə basqınlar olur, İstanbul qazısı Dəli İbrahim Əfəndinin təşviqiylə Kağıthanə səmtindəki 120 köşk padşahın verdiyi fərmana zidd olaraq dağıdılmışdı. Bundan qəzəblənən Sultan Mahmud günahlarının bağışlanması şərtilə Ətmeydanındakı çadırlarını dağıdaraq üsyanını yatırılmasını əmr verdi. Nəhayət iki həftənin ardından İstanbulda dükanlar açıldı və sosial həyat bərpa olundu. Bu əsnada üsyançılar sədrəzəmlik, sədarət naibliyi, kaptan-ı dəryalıq kimi vəzifələrə namizəd olurdular. Ardından yeniçəri ağası Kəl Mehmed ağanın sədrəzəm, Patrona Xəlilin isə sədarət naibi olması təklif edildi. Tərəfdarları olan Zülali Həsən Əfəndi və Dəli İbrahim Əfəndi ilə birlikdə dövləti ələ alacaqlarını planlaşdıran üsyançılar 5 noyabrda bir yeniçərinin öldürülməsi ilə yenidən ayaqlandılar. Ancaq bu dəfə üləma və əhali üsyançılara dəstək vermədilər.[3][4]
Nəhayət üsyançıların aradan qaldırılması üçün saray daxilində və xaricində iki ayrı heyət yaradıldı. Daxildəki heyətin rəhbərliyinə Hacı Bəşir ağa, saray xaricindəki heyətin başına isə o əsnada paytaxtda olan Krım xanı I Arslan Gəray gətirildi. Daha sonra bu iki qrup kaptan-ı dərya Xoca Mehmed Paşanın əmrində birləşdi. Sərt tutumu ilə fərqlənən Qabaqulaq İbrahim ağa saraya rahat gəlib getməsi üçün kəndxudalığa gətirildi. Bu qrupa Muhsinzadə Abdullah Əfəndi də daxil edildi. Bu əsnada üsyançılara müxalif olan yeniçəri zabitlərinə 5 min qızıl bəxşiş paylandı.[5] Üsyançılar isə aqibətlərini başa düşmüş, bu səbəblə paytaxtdan uzaqlaşmaq üçün səfər elan edilməsini tələb etdilər. 23 noyabrda səfər məsələsinin müzakirəsi üçün sədrəzəmin köşkündə məclis quruldu. Ancaq burada qərar qəbul edilmədi. O əsnada Zülali Həsən Əfəndi Arslan Gəraya, üsyançıların sədrəzəmi, şeyxülislamı və Darüssəadə ağasını istəmədiklərini bildirmişdi. Arslan Gəray isə Patrona Xəlili və adamlarını saraya çağıraraq bu müzakirənin padşahla birlikdə aparılmasını təkklif etdi. 25 noyabr günü saraya Sünnət otağında aparılan ikinci məclis üçün bütün tədbirlər görüldü.[6][7]
Bu məclisə Patrona Xəlil, Muslu Beşe, Kəl Mehmed ağa, Murtuz ağa, Zülali Həsən Əfəndi, İstanbul qazısı İbrahim Əfəndi kimi üsyançılar və üsyana dəstək verənlər qatıldı. Yanlarında gətirdikləri 25-30 nəfərlik mühafizə qrupu sarayın birinci qapısında saxlanıldı. İkinci qapıda isə 10 nəfər saxlanıldı və üçüncü qapıdan sadəcə 5-6 nəfərlik bir heyət saraya daxil oldu. İrəvan köşkündə aparılan müzakirədə Patrona Xəlilə Rumeli, Muslu Beşəyə Anadolu bəylərbəyliyi, Kəl Mehmed ağaya isə vəzirlik verilərək Səfəvilər üzərinə hazırlanacaq səfərə hazırlaşmaları əmr edildi. Üsyançılara xələt geyindiriləcəyi əsnada əvvəlcədən köşkün zirzəmisinə gizlədilən Pəhləvan Xəlil ağa idarəsindəki 32 silahlı şəxs sədrəzəmin verdiyi işarəylə hərəkətə keçdi. Patrona Xəlil, Kəl Mehmed ağa və Muslu Beşə qətlə yetirildi və digərləri təsim oldu. Ardından ikinci qapıda saxlanılanalar öldürüldü. Hadisələri eşidən birinci qapıdakılar isə qaçdılar. Anadoluya qaçanların ələ keçirilmələri üçün fərmanlar yazıldı. Üsyan rəhbərlərinin öldürülməsiylə şəhərdə nisbi sükunət təmin edilsə də, iğtişaşlar bir müddət davam etdi.[8][9]
Qabaqulaq İbrahim ağa bu problemin həllində göstərdiyi şücaət səbəbilə vəzir rütbəsi alaraq Hələb bəylərbəyliyinə gətirildi. Ancaq Sultan Mahmud onu sədarətə gətirmək niyyətində idi. Bu məqsədlə 22 yanvar 1731-ci ildə Silahdar Mehmed Paşa vəzifədən alındı və İbrahim Paşanın yerinə Hələbə göndərildi. 1733-cü ilin martında Diyarbəkir bəylərbəyliyinə, həmin ilin sentyabrında isə yenidən Hələbə təyin olundu. Yenə həmin ilin dekabrında Sayda sancaqbəyliyinə, 1735-ci ilin iyulunda Bağdad bəylərbəyliyinə, 1736-cı ilin iyununda Anadolu bəylərbəyliyinə, həmin ilin sentyabrında yenidən Hələb bəylərbəyliyinə yüksəldi. Bu vəzifəsi davam edərkən 1737-ci ildə Hələbdə vəfat etdi.