Byornsterne Byornson

Byörnstyerne Martinus Byörnson (norv. Bjørnstjerne Martinius Bjørnson; 8 dekabr 1832[1][2][…]26 aprel 1910[1][2][…], Paris[3]) — Norveç şairi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1903), Norveç himninin sözlərinin müəllifi.

Byörnstyerne Byörnson
norv. Bjørnstjerne Bjørnson
Doğum adı Bjørnstjerne Martinius Bjørnson
Doğum tarixi 8 dekabr 1832(1832-12-08)[1][2][…]
Vəfat tarixi 26 aprel 1910(1910-04-26)[1][2][…] (77 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Xilaskar Məsih qəbiristanlığı[d][4]
Təhsili
Fəaliyyəti şair, dramaturq, yazıçı, jurnalist, nasir, siyasətçi
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Norveç şairi, dramaturqu, nasiri və jurnalisti Byörnstyerne Byörnson lüteran keşişinin altı övladından ən böyüyü idi. Uşaqlıq illəri ölkənin qərbində, Romsdalda keşmişdi. Erkən yaşlarından şeir yazmış, ədəbiyyat və siyasətlə maraqlanmışdı. Universitetə daxil olmaq üçün gəldiyi Xristianiyada (indiki Oslo) Henrix İbsen və digər Norveç yazıçıları ilə tanış olmuşdu. Yalnız üç il sonra tələbə adını qazansa da, 1853-cü ildə ali təhsil fikrindən daşınmış, ədəbi və siyasi fəaliyyəti daha üstün tutmuşdu. Norveç milli teatrının yaranması da müəyən mənada Byörnsonun adı ilə bağlıdır.

"İllyustreret Folkebladet" jurnalını təsis etdiyi il (1856) İsveçə gedən Byörnson bu ölkənin tarixi keçmişin və abidələrin qorunması təcrübəsini Norveçdə də yaymaq qərarına gəlmişdi. Sonralar "Mən necə şair oldum" məqaləsində müəllif xalqın yaddaşının korşalmaması üçün "əcdadların qalereyası" silsiləsindən tarixi pyeslər yazmaq üçün təntənəli and içdiyini xatırlayırdı.

Arzularını gerçəkləşdirmək məqsədi ilə 1857-ci ildə o, Bergendəki "Norske teater"in direktoru olmaq təklifini qəbul etmişdi. Az sonra bu teatrın aparıcı aktrisası Karolina Reymersə evlənmişdi. Həmin nikahdan doğulan oğlu Byörn aktyor və rejissor kimi məşhurlaşmış, qızı Berqlyut isə Henrix İbsenin gəlini olmuşdu. Teatra rəhbərliklə yanaşı Byörnson həm də qəzet nəşr edirdi. Onun 1859-cu ildə yazdığı "Bəli, biz bu ölkəni sevirik" şeri Norveçin milli himninə çevrilmişdi.

Byörnson 70-ci illərin ortalarına qədər əsasən şeir, oda, nağıl, povest və tarixi pyeslər müəllifi kimi tanınırdı. Əsərlərinin əsas personajları Norveç kəndliləri və orta əsr saqalarının qəhrəmanları idi. Müəllifin üslubi cəhətdən xalq ədəbiyyatı ilə səsləşən "Syunneve Sulbakken" (1857), "Arne" (1859), "Şən oğlan" (1860) povestlərində kənd həyatı idealizə edilirdi. Məşhur tənqidçi Georq Brandes 1886-cı ildə "Şən oğlan" povestini "norveçlilərin ağlını kədərli melanxoliya bataqlığından xilas etmək istəyən sağlamlaşdırıcı mehə" bənzətmişdi.

Yazıçı kimi Byörnson sadəcə şən, qayğısız kəndli həyatının tərənnümünü yetərli saymırdı. O, Norveç kəndlilərini xristianlıqla bütpərəstliyi birləşdirməyə çalışan və uğursuzluğa məhkum olan tarixi faciə qəhrəmanlarının mənəvi xələfləri kimi görmək və təqdim etmək istəyirdi. Byörnson XII əsr Norveç tarixinin dramatik hadisələrini əks etdirən "Savaş içində" pyesini 1857-ci ildə tamamlamışdı. Ardınca müəllifin "Çolaq Qulda" (1858), "Kral Sverre" (1861), "Bədniyyət Ziqurd" (1863), "Mariya Stüart Şotlandiyada" (1864) pyesləri meydana çıxmışdı. Saqalara əsaslanan "Bədniyyət Ziqurd" onun ən yaxşı dramı sayılır və İbsenin "Taxt-tac davası" pyesi ilə bərabər tutulur.

Byörnstyerne Byörnsonun Norveçin paytaxtı Osloda Milli Teatrın qarşısında ucaldılmış heykəli (1899)

Byörnsonun "Arnlyut Helline" (1870) epik poemasını Georq Brandes "təbiət təsvirləri baxımından misli-bərabəri olmayan əsər" kimi dəyərləndirmişdi. Eyni zamanda Brandes Kopenhagendəki mühazirələrində Byörnsonu və b. Skandinav yazıçılarını idilliyidan, romantik-tarixi mövzulardan uzaqlaşmağa, gündəlik həyata, real insan problemlərinə daha çox diqqət yetirməyə çağırmışdı. Bu çağırışa ilk səs verən Byörnson olmuşdu. 1873-1876-cı illərdə Romada yaşadığı dövrdə o, daha çox sosial mövzulu əsərlər yaratmışdı. Norveç müstəqilliyinin qızğın tərəfdarı olsa da, İsanın ilahi mənşəyi və lüteran kilsəsi ilə bağlı tənqidi fikirlərinə görə Byörnsonu vətənində sevməyənlər az deyildi.

Dövrün sosial-mənəvi problemlərini ciddiyyəti ilə ədəbiyyata gətirən ilk Norveç yazıçısı Byörnson idi. "İflas" (1875), "Redaktor" (1875), "Kral" (1877) kimi əsərlərində müəllif siyasi-maliyyə hakimiyyətinin simasını və yaradıcı fərdin daxili aləmini realist cizgilərlə əks etdirməyə çalışmışdı. O, "Əlcək" (1883), "Məhəbbət və coğrafiya" (1885), "Qüvvəmiz fövqündə" (1886) pyesləri ilə sosial həyatın və insan psixikasının dərin qatlarına nüfuz etmiş, burjua dəyərlərinə, xristian əxlaqının sağlam düşüncə ilə bir araya sığmayan ehkamlarına tənqidi yanaşmaqdan çəkinməmişdi. "Qüvvəmiz fövqündə" pyesi bir sıra Avropa ölkələri və ABŞ teatrlarının repertuarında özünə yer almışdı.

XIX əsrin sonları Byörnsonun epik nəsrə və gözlənilməz mövzulara müraciəti ilə səciyyəvidir. Məsələn, "Şəhər və liman üzərində bayraqlar dalğalanır" (1884) romanı məktəbli qızların seksual tərbiyəsinə, "Allahın yolu ilə" (1889) romanı isə elm–din qarşıdurmasına həsr olunmuşdu. Tədqiqatçıların fikrincə, hər iki əsər təfərrüatların dəqiqliyi və müşahidə zənginliyi ilə fərqlənir.

1903-cü ildə Byörnson "ilhamının təravəti və nadir mənəvi saflığı ilə həmişə seçilən hərtərəfli, nəcib və yüksək poeziyasına, eləcə də epik və dramatik istedadına görə" ədəbiyyat sahəsində Nobel mükafatına layiq görüldü. Üçüncü laureatın da rəqibi Lev Tolstoy idi. Lakin qrafın bəxti bu dəfə də gətirmədi. Yazıçının yaradıcılığı haqqında ən yaxşı araşdırmalardan birinin müəllifi Yalmar Boyersenin yazdığı kimi "Byörnson cındırından cin hürkən Norveç kəndlisinin simasında xalqın əzəmətini görmüş, qulağını millətinin sinəsinə dayayaraq onun qəlb çırpıntılarının ən munis, gizli məqamlarını eşitmişdi". Byörnsonu çox vaxt həmvətəni, müasiri və qohumu İbsenlə müqayisə edirlər. İbsen bütün istək və iddiasına baxmayaraq Nobel mükafatı ala bilməmişdi. Lakin ingilis tənqidçisi Brayan Daunzın yazdığı kimi "gələcək ədəbiyyat dünyasında böyük bir dövlət kimi qalmaqda olan İbsenin tərəfindədir", Byörnsonun əsərləri hər zaman diqqəti çəksə də onun haqqında bu sözləri demək mümkün deyildir. Norveç ədəbiyyatı dünya miqyasında Nobel laureatı Byernsondan daha çox İbsenin adı ilə tanınır. Amma fakt faktlığında qalır - Byörnson ədəbiyyat sahəsində Nobelə layiq görülmüş ilk üçlüyə daxildir.

  • İflas (1875)
  • Redaktor (1875)
  • Kral (1877)
  • Syunneve Sulbakken (1857)
  • Arne (1859)
  • Şən oğlan (1860)
  • Savaş içində (1857)
  • Çolaq Qulda (1858)
  • Kral Sverre (1861)
  • Bədniyyət Ziqurd (1863)
  • Mariya Stüart Şotlandiyada (1864)
  • Əlcək (1883)
  • Məhəbbət və coğrafiya (1885)
  • Qüvvəmiz fövqündə (1886)
  • Arnlyut Helline (1870) (epik poema)
  • Şəhər və liman üzərində bayraqlar dalğalanır (1884)
  • Allahın yolu ilə (1889)
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Bjornstjerne Martinius Bjornson // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Deutsche Nationalbibliothek Record #118511459 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. http://www.begravdeioslo.no/maler/grav/grave_id/12290.
  • Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]