Cavad Heyət 1925-ci il mayın 24-də Təbrizdə anadan olub. Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən böyük şəxslərdən hesab olunur. Həm Cənubi Azərbaycanda, həm də Şimali Azərbaycanda yüksək səviyyədə tanınır. Türkologiya, tibb elmi və digər sahələrdə əvəzedilməz xidmətləri olmuşdur. 2014-cü ilin avqustun 12-də Bakı şəhərində vəfat etmişdir. II Fəxri Xiyabanda dəfn edilmişdir.[6]
O, Azərbaycan, ingilis, fars, türk və s. dilləri mükəmməl bilirdi. Beş qızı, beş nəvəsi vardı.
Cavad Heyət ilk və orta təhsilini Təbriz, Həmədan və Tehranda almışdır. Orta hərbi məktəbi bitirdikdən sonra o, Tehran Universitetinə daxil olmuşdur. Burada təhsil alarkən özü Avropa universitetlərindən birinə qəbul olmaq istəyirmiş Lakin atası Mirzə Əli Heyət buna mane olmuşdur.[7]
Bundan sonra Cavad Heyət ikinci kursdan ali təhsilini Türkiyəninİstanbul Universitetində davam etdirərək 1943–1946-cı illərdə burada tibb fakültəsində oxumuşdur.[7]
Cavad Heyət dostu Prof. Dr. H. Nitqi ilə birlikdə İranda elmi türkologiyanın əsasını qoymuşdur.
Cavad Heyətin zəngin və çoxşaxəli səmərəli fəaliyyətində Azərbaycan ədəbiyyatı tarixi, türk xalqlarının keçmişi, milli folklor və eləcə də islamşünaslığa dair tədqiqatlar mühüm yer tutur. Bu əsərlərdə Azərbaycan dilinin inkişaf mərhələləri, şifahi xalq ədəbiyyatı, ədəbiyyatşünaslıq, folklor, ədəbi tənqid, publisistika və fəlsəfə tarixinin ən müxtəlif məsələlərindən əhatəli bəhs olunur. Mədəniyyətin müxtəlif problemlərinin öyrənilməsinə münasibətdə tarixi həqiqətlərdən çıxış edərək obyektivlik nümayiş etdirən alimin ədəbi simpoziumlarda və türkoloji konfranslarda çıxışları həmişə təqdirlə qarşılanmışdır[8].
İkisi fars və beşi də türk dilində olan yeddi cildlik türkologiya kitabın müəllifidir.[6]
Bundan əlavə, Cavad Heyət filologiya və türkologiya sahəsində "Azərbaycan ədəbiyyat tarixinə bir baxış", "Azərbaycan şifahi xalq ədəbiyyatı", "Türk dili və ləhcələrinin tarixi", "İki dilin müqayisəsi" kitablarının müəllifidir.[9]
Cavad Heyət atası Mirzə Əli Heyət və qardaşı Firuz Heyət ilə birlikdə 1956-cı ildə İran-Türkiyə Dostluq və Kültür Cəmiyyətini qurmuş, İranlaTürkiyə arasında dostluq və mədəni əlaqələrini inkişaf etdirməyə çalışmışdır.[5]
"Varlıq" jurnalı (ərəb qrafikası ilə: وارلیق) — İranda 1979-cu ildən 3 ayda bir dəfə dərc edilən jurnaldır. Azərbaycan və fars dillərində çıxır.[10]"Varlıq" İranda 1979-cu il islam inqilabından sonra, vətəndaşlara ana dilində jurnal nəşr etdirmək icazəsindən sonra yaradılmışdır. Jurnalın işıq üzü görməsində xüsusilə Cavad Heyətin böyük rolu olmuşdur. Professor Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Həsən Məcidzadə Savalan, Kərim Məşrutəçi (Sönməz), Mənzuri Xamneyi, Səməd Sərdarniya, Qulamhüseyn Beqdeli jurnalın yaradılmasında və yaşamasında yaxından iştirak etmişdirlər. Cavad Heyət bütün ömrü boyu jurnalı şəxsi vəsaiti hesabına nəşr etdirib.[6] Yazıların 80 %-i Azərbaycan dilində, 20 %-i isə fars dilindədir. Bütün İran cəmiyyətinə hesablanan məqalələr fars dilində verilir. Jurnalda Azərbaycanın müdafiəsi, Qarabağ problemi ilə bağlı məqalələr də yer alır. "Varlıq" jurnalı İranda tanınan və ciddi oxunan nəşrlərdəndir.[11]
Azərbaycan Yazıçılar Birliyinin M. F. Axundov adına mükafatına və "Dədə Qorqud" Assosiasiyasının təsis etdiyi "Məmməd Araz" mükafatına layiq görülüb.[9]
Cavad Heyət 2014-cü il avqustun 12-də səhər saatlarında Bakı şəhərində dünyasını dəyişmiş[12] və avqustun 15-də İkinci Fəxri Xiyabanda torpağa tapşırılmışdır[13].
İzah (Azərbaycan ədəbiyyat tarixinə bir baxış kitabına dair). Varlıq, 1982, № 1.
Türk dili və ləhcələrinin tarixi kitabından bir bölmə: Azərbaycan türkcəsinin adı və mövqeyi haqqında. Varlıq, 1982, № 3–4 (farsca).
Türk dili və ləhcələrinin tarixi. Varlıq, 1982, № 9–10 (farsca).
Türkmən dili və ədəbiyyatının tarixi haqqında bir neçə söz. Varlıq, 1982, № 11–12 (farsca).
İslamda və başqa məktəblərdə əxlaqın əsasları. Varlıq, 1982, № 11–12 (farsca).
Boğucu Pəhləvi dövründə Azərbaycan dili və ədəbiyyatının geriləməsi və İslam İnqilabından sonra onun yenidən çiçəklənməsi (İndiana Universiteti – Birinci Türk Araşdırmaları Beynəlxalq Konfransındakı məruzə). 1982 (ingiliscə).
Azərbaycan ədəbiyyat tarixinə bir baxış (1–38). Varlıq, 1983.
Mömin və etiqadlı şair Mehmet Akif. Varlıq, 1983, № 1–2 (farsca).
Yunus Əmrə — Türkiyənin mütəsəvvif xalq şairi. Varlıq, 1983, № 5–6 (farsca).
Əski türk şeirində vəzn, şəkil və qafiyə. Varlıq, 1983, № 7–8.
Oğuzlar. Varlıq, 1983 (farsca).
"Kutadqu Bilik" və ya Səadət Elmi. Varlıq, 1983, № 9–10 (farsca).
Mahmud Kaşğarinin "Divani-lüğatit-türk"ü. Varlıq, 1983, № 11–12 (farsca).
Gerçəyi söyləmək və ya xəyala dalmaq – "Mühəndis Bazərqan və simaların o biri üzü" məqaləsinə cavab. Keyhan-e həvai, sentyabr, 1993.
Gerçəyi söyləmək və ya xəyala dalmaq – "Mühəndis Bazərqan və simaların o biri üzü" məqaləsinə cavab. Varlıq, 1993, № 2 (farsca).
İnkar divarının arxasında, ya hamının gözü önündə – "Həqiqətin parlaq siması tarixi hadisələrin ötəsində" məqaləsinə cavab. Keyhan-e həvai, Tehran, 1993 (farsca).
Əziz Möhsininin "Dədə Qorqud" kitabı barədə. Varlıq, yaz, 2003.
Aran Azərbaycanın bir vilayətidir. M. Əbhəriyanın məqaləsinə cavab. Varlıq, yaz, 2006 (farsca).
Cənab Papın sözlərinə qısa cavab. Varlıq, yay, 2006 (farsca).
Əhməd Kəsrəvinin ərəb dilində məqaləsi haqqında qeydlər. Varlıq, payız, 2006 (farsca).