Danyal bəy Hələcov

Danyal bəy Hələcov — Rusiya İmperiya Ordusunun və Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun polkovniki, Gəncə üsyanının iştirakçısı.[1]

Danyal bəy Həlləcov
Danyal bəy Abdulla bəy oğlu Həlləcov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Balakən, Azərbaycan
Vəfat tarixi
Vəfat yeri Gəncə, Azərbaycan
Vətəndaşlığı Rusiya imperiyası
Azərbaycan AXC
Hərbi fəaliyyəti
Qoşun növü Artilleriya
Hərbi hissə 39-cu artilleriya briqadası
1-ci artilleriya polku
Gəncə korpusu
Xidmət illəri 1897-1920
Rütbə Rusiya imperiyası ordusunda polkovnik,
Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun polkovniki
Döyüşlər Birinci Dünya Müharibəsi
Gəncə üsyanı
Təltifləri II dərəcəli Müqəddəs Stanislav ordeni IV dərəcəli Müqəddəs Vladimir ordeni (qılınclarla)

Həyatı və təhsili[redaktə | mənbəni redaktə et]

Danyal bəy Abdulla bəy oğlu 1876-cı ildə Balakəndə mülkədar ailəsində anadan olmuşdur. Ailəsində 6 övlad böyüdən Abdulla bəy onların hamısına ali təhsil vermişdir. Ailənin üçüncü oğlu olan Danyal bəy öz arzusu ulə hərb sənətini seçmişdir. Danyal bəy Stavropol realnı məktəbini bitirdikdən sonra 1895-ci ildə Peterburqda yerləşən üç illik Mixaylov Topçuluq Məktəbinə daxil olmuşdur.

Xidmət illəri[redaktə | mənbəni redaktə et]

Artilleriya məktəbini əla qiymətlərlə bitirən podporuçik Daniyal bəy Qars vilayətinin Cəlaus şəhərciyində yerləşən otuz doqquzuncu artileriya briqadasında xidmətə göndərildi. Briqadada on ildən çox xidmət edən Danyal bəy ştabs kapitan rütbəsinə qədər yüksələ bildi. Xidmətinin on ikinci ilində onu Tiflis quberniyasının Muxrovani şəhərindəki birinci artilleriya polkuna dəyişdilər. Bir az sonra həmin polk Qamboriyə köçürüldü. Birinci Dünya Müharibəsindən yaralı qayıdan Daniyal bəy 1915-ci ildə uzun müddətli müalicə məzuniyyətinə buraxılır. Dədə baba vətəni Balakəndə yaşayır. Bununla da imperiya ordusunda xidməti polkovnik rütbəsində başa vurur.

Azərbaycan Xalq Cümhuriyyətində xidməti[redaktə | mənbəni redaktə et]

1918-ci ildə Azərbaycan Milli Ordusu yaradılanda müdafiə naziri general Səməd bəy Mehmandarovun şəxsi dəvəti ilə Gəncədə yaradılan korpusa komandir müavini təyin edilir. Aprel işğalına qarşı olan Gəncə üsyanının əsas iştirakçılarından biri olur. Üsyanın yatırılması zamanı öldürülür.

Keçmiş milli ordu zabiti, 95 yaşlı Ramazan Həmzət oğlu Xəlilov şahidlik verir ki, polkovnik Danyal bəyi Gəncə ÇK-sının sədri Tuxareli 1920-ci ilin iyununda həbs edib, şaşka ilə doğramışdır.[1]

Qızının xatirələri[redaktə | mənbəni redaktə et]

Qızı Leyla xanımdan araşdırmaçı Şəmistan Nəzirli 1985-ci ilin noyabr ayında Danyal bəy ilə bağlı müsahibə almışdır. Leyla xanım atası və ümumi olan hadisələr haqqında bunları demişdir:[1]

" Elə ki, XI ordu Bakıya gəldi, xalq möhkəm təşvişə düşdü. Çoxları İrana, Türkiyəyə qaçırdı. Onda atam, xalalarım — Leyla, Tamara və mən Gəncədə yaşayırdıq. Qaçmağı atama da təklif elədilər. O, imtina edib dedi ki, anamı, ailəmi Balakəndə qoyub hara gedirəm. Getmədi. Atamın dayısı Livan Həlləcov Azərbaycan Xarici İşlər nazirinin müavini idi. O getdi İrana. İndiyə kimi də heç bir xəbər-ətər yoxdu. "

Gəncə üsyanı haqqında xatirələri:

" Mən XI ordunun Gəncədə törətdiyi dəhşətlərin şahidiyəm. Bolşevik ordusu vağzal tərəfdən, ermənilər isə Bağmanlardan şəhəri güclü top atəşinə tutdular. Bolşeviklər gələn axşamı atam evə bərk hirsli gəldi. Şəhərin hərbi komendantı general-mayor Əmir Kazım Mirzə Qacarın, Gəncədə yerləşən birinci süvari diviziyasının komandiri general Cavad bəy Şıxlinskinin vəzifələrindən azad edilmələri onu bərk əsəbiləşdirmişdi. Atamın yavəri dedi ki, XI Ordunun qərargahından gələn zabitlər bizim komanda heyəti ilə çox kobud rəftar edirlər. Azərbaycanlı zabitləri işdən çıxardıb özlərininkini qoymaq istəyirlər. Gözətçi məntəqələrinə öz adamlarını təyin edirlər. On birinci ordudan gələn zabitlərin əksəriyyəti ermənidir. Nə Gəncə atıcı alayının, nə də Şəki süvari alayının əsgər və zabitləri buna razılıq vermirlər. Hamı bir səslə etirazını bildirir. Mayın iyirmi beşindən iyirmi altısına keçən gecə şəhərin ermənilər yaşayan hissəsindən toplar və pulemyotlardan atəş başladı. Yerli ermənilərin satqınlığı, xəyanəti tam üzə çıxdı. Bizim inadla vuruşan əsgərlərimiz ruslardan çoxlu əsir almışdılar. Yerli əhali üsyan edən döyüşçülərimizə canla-başla kömək edirdi. Mayın iyirmi yeddisi idi, yoxsa bilmirəm, iyirmi səkkizi idi. Bakıdan gələn zirehli qatar stansiyanı ələ keçirtdi. Bundan sonrakı iki gündə də hər iki tərəfdən atəş dayanmadı. Bolşeviklərin qabağına düşüb yol göstərən ermənilər şəhərin müsəlman hissəsində qanı su yerinə axıtdılar. Mayın otuz birində XI Ordu şəhərə girdi. Azərbaycanlılara qarşı vəhşilik, talan, qırğın daha da gücləndi. Şəhərin bütün küçələri insan meyidi ilə dolu idi. Su quyularının hamısı meyidlə doldurulmuşdu. Bolşeviklərlə ermənilər bunu qəsdən eləmişdilər ki, şəhərin müsəlman əhalisi içməyə su tapmasın. Meyidləri basdırmağa imkan vermirdilər, camaata acıq verirmiş kimi meyidləri ata, camışa qoşub şəhərin kənarına atırdılar. Həyatımda bundan dəhşətli səhnə, bundan böyük vəhşilik görməmişəm. 1920-ci ilin avqustunda şəhərə vəba xəstəliyi yayıldı. Atamdan isə heç bir xəbər yox idi. Deyirdilər ki, general Cavad bəy Şıxlinski, polkovnik Cahangir bəy Kazımbəyov, Sarı Ələkbər, Qaçaq Qəmbər, atam böyük bir dəstə ilə meşələrdə vuruşurlar, bolşeviklərə tabe olmaq istəmirlər. Bir azdan atamın həlak olması xəbərini eşitdik. "

Ailəsi[redaktə | mənbəni redaktə et]

Atası Abdulla bəy onların hamısına ali təhsil vermişdi. İki qardaşı Qaraəli bəy və Murtuzəli bəy Peterburq Universitetinin hüquq fakültəsini, Bəşir bəy isə həmin universitetin Şərq dilləri və hüquq fakültələrini bitirmişdir. Ən kiçik Məhəmməd bəy Moskva Kənd Təsərrüfatı Akademiyasının aqronomluq fakültəsini qurtarmışdır (sonralar Sosialist Əməyi Qəhrəmanı olmuşdur). Ailənin yeganə qızı Məryəm isə Tiflisdəki Müqəddəs Nina Qızlar İnstitutunun məzunu idi.

1904-cü ildə Qarsda olarkən briqada komandirinin qızı, milliyyətcə polyak olan Felisin Stanislavovna Krinseviç-Qijdeu ilə ailə qurur. Xanım Varşavadakı məşhur zadəgan nəslindən idi. İki qızları olub Tamara və Leyla. Qızları Tamara uşaqkən vəfat edib.

Dayısı Livan Həlləcov Azərbaycan Xalq Cümhuriyyətində Xarici İşlər nazirinin müavini olub.[1]

Mükafatları[redaktə | mənbəni redaktə et]

9 iyun 1915-ci ildə II dərəcəli Müqəddəs Stanislav ordeni ilə 11 iyunda isə IV dərəcəli Müqəddəs Vladimir ordeni (qılınclarla) ilə təltif olunub.[1]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Адрес-календарь Азербайджанской Республики. — Баку, 1920
  • Назирли Шамистан. Архивы раскрывают тайны. — Баку, 1999

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 Nəzirli, Şəmistan. Güllələnmiş Azərbaycan Generalları. Bakı. 2016.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]