Demetra (yun. Δημήτηρ; da – "torpaq", meter – "ana" deməkdir) — Yunan mifologiyasında əkinçilik və bərəkət tanrıçası. Əfsanəyə görə Plutos onun İasiondan olan oğludur.
Demetra | |
---|---|
q.yun. Δημήτηρ | |
Mifologiya | Yunan |
Təsir sahəsi | torpaq, kənd təsərrüfatı[1] |
Yunanca adı | Δημήτηρ, Δήμητρα, Δηώ |
Cinsi | qadın[d][1] |
Atası | Kron |
Anası | Reya |
Qardaşı | Zevs, Aid, Poseydon |
Uşaqları | Persefona, Plutos |
Atributlar | Alov, taxıl, buğda, arpa |
Digər mədəniyyətlərdə | Serera |
Vikianbarda əlaqəli mediafayllar |
Poseydon Demetraya qarşı çox ehtiraslı olmuşdur. Belə ki, bir dəfə Demetra ondan qaçaraq at cildinə girir. Bu zaman Poseydon ayğıra çevrilərək onunla cinsi əlaqəyə girir və ilahi at Areyon və qızları dünyaya gəlir. Demetranın ən sevimli və çox gözəl olmuş Zevsdən olan qızı Persefonadır.[2]
Yeraltı aləmin tanrısı Pluton və ya Aid Persefonaya vurulur və onu oğurlamaq istəyir. Aidlə əlbir olan Zevs onu oğurlamaq üçün Geyaya müraciət edirlər. Geya bu məqsədlə çəmənlikdə çox gözəl və cəlbedici nərgiz gülü bitirir. Persefona öz rəfiqələrilə çəməndə çiçək toplarkən həmin nərgizin cazibəsinə düşüb onu üzmək istərkən, qəflətən yerin tərki aralanır və Aid öz arabası ilə peyda olaraq onu yeraltı səltənətinə qaçırdır. Qəm və kədərdən üzülmüş Demetra doqquz gün qızını axtarır. Kömək üçün Heliosa müraciət edir. Göydən yerin nəzarətçisi olan Helios ona qızının kim tərəfindən qaçırıldığını deyir. Zevsin də bu işdə əli olduğunu bilən Demetra Olimpi tərk edir. Tam üzülmüş halda uzun-uzadı sərgərdanlıqdan sonra o, Elevsin deyilən bir yerə çatır. Burada o, sadə insan cildinə girərək çar Kilenin oğlu Demefontanın, çarın qonaqpərvərliyi qarşılığında tərbiyəsi ilə məşğul olur. Demetra Demefontanı ölməz etmək üçün onu gecələr odun üstündə saxlayır. Uşağın anası Metanira bunu görcək haray salır. Bu zaman Demetra öz həqiqi cildinə qayıdır. Bunu görən Elevsina əhli onun şərəfinə məbəd ucaldırlar. Demetra bu məbəddə qapanaraq bütün gecələri qızına yas saxlayaraq ağlayır və yer üzərindəki bütün bitkilər solmuş olur. Bunu görcək Zevs qardaşı Aidə Persefonanı buraxmağı tövsiyə edir. Aid razı olur, amma Persefonaya getməzdən əvvəl yemək üçün nar dənəsi verir: bu o deməkdir ki, Persefona mütləq ərinə dönəcəkdir. Beləliklə, məsələ bu yolla həll edilir: ilin dörd ayını Persefona əri ilə, qalan səkkiz ayını isə yer üzərində anasının yanında keçirməli olur.[3]