Freydo-Marksizm

Freydo-marksizm (ing. Freudo-Marxism) — Karl MarksınZiqmund Freydin konsepsiyalarını birləşdirməyə çalışan radikal sol nəzəriyyədir.

Freydo-marksizmin həm marksizm olmasını, eyni zamanda keyfiyyətcə yeni bir təlim olduğunu, bir analogiya ilə göstərmək olar. Əvvəllər heyvanların dərisinin daxili orqanlardan daha bərk olmasını izah edərək pendirin kəsilmiş tərəfini havada bir müddət saxlayardılar, hava ilə olan kontaktından onun üst tərəfinin, iç hissəsi ilə nisbətdə, müəyyən zamandan sonra bərkiməsini heyvan dərisinin yaranması hadisəsinə oxşadırdılar. Əlbəttə bu müəyyən mənada, dərinin codlaşması hadisəsinin doğru izahı idi, amma sonralar biologiyada heyvanların dərisinin bərk olmasını izah edən başqa izahlar tapıldı, və bu eyni hadisənin daha təfərrüatlı və daha dəqiq izahını verirdi. Yəni həmin məzmunun daxili genişlənməsi və daha da zənginləşməsi idi. Amma bu əski izahı etibarsız etmir, o mənada ki əski izah bu daha təkmil izahın çıxış nöqtəsi olmuşdu. İnkarın müsbət həlli. Dialektikanın mənası bundadı. Yeni əskinin üzərində yaranır, əskini məhv edərək, amma onun müsbət nailiyyətlərini özündə saxlayaraq. Marks özü bu keşməkeşin onun nəzəriyyəsinin başına gələcəyini bilirdi, hər halda bilməliydi, axı Marks dialektik idi. Təəssüf ki, bunu bəzi marksistlər anlamaq istəmədi. Onlar marksizmi ehkama çevirərək, əslində onu öz dialektik məzmunundan məhrum etdilər. Sovetlərdə Marksı yeganə yaradıcı anlayan bəlkə də ancaq Lenin idi ki onu da hakimiyyətdən uzaqlaşdıraraq, Marksla birlikdə, ehkama çevirməyə başladılar. Sovet fəlsəfi fikri Freydi qəbul etmədi və bununla özünə qəbir qazmağa başladı. Qərbdə isə əksinə psixoanaliz çox erkən qəbul olunmağa başladı və bu demək olar ki o başdan Qərbin ideoloji cəbhədə bir revanşı idi, heç olmasa ona görə ki, qərb bunu qəbul etmək iqtidarında idi, sovetlər isə artıq yox. Beləliklə marksizmin məzmununu genişləndirmək üçün Qərbdə, Freydo-marksizmdə zəmin tapmağa başladı. Və bu heç şübhəsiz ilk növbədə Frankfurt sosiologiya məktəbinə və onun nümayəndələri, ilk növbədə freydo-marksistlərə aiddir.

Bildiyimiz kimi materializmin ilk yarandığı gündən idealizmlə mübahisəsi, ruhun, yoxsa cismin ilkin olması barədə mübahisəsidir, buna fəlsəfənin birinci məsələsi də deyirlər. Bəziləri fəlsəfənin birinci məsələsini həll olunmuş hesab edirlər. Amma bu "barış", əslində fəlsəfədə dialektikadan imtina hesabına başa gəlir, materializm ilə idealizm ancaq pozitivist müstəvidə barışa bilər, o mənada ki, pozitivizm kəskin ziddiyətlərdən qaçaraq bunları müsbət mənada barışdırmaq məqsədi güdür, əslində isə fəsləfəni inkişaf etmək bacarığından məhrum edir. Yada salaq materializmin idealizmlə ziddiyəti nədən ibarətdir. İdealistlərdən fərqli olaraq materialistlər cismi ilkin hesab edirlər. Əlbəttə ki, əgər biz ilkin deyiriksə demək burada zaman məsələsi var, ama bu konkret zamanla bağlı deyil, bu prinsiplə bağlıdır, yəni demək olar ki, cism daha alidir. Fikirləşirəm ki, materializmin idealizmdən başlıca fərqi aydındır. Məlum məsələdir ki, fəlsəfə ümumiləşdirici elm olaraq, təbii və ictimai elmləri birləşdirir. Materialist fəlsəfə də ictimai münasibətləri maddi dünya ilə şərtləndirir, yəni insanların münasibətləri, kobud demiş olsaq, əşyalarla müəyyən edilir. Buna mülkiyyət münasibətləri də deyirlər. Yəni insan cəmiyyətinin qanunları, insanların maddi dünyaya və onun vasitəsilə başqa insanlarla olan münasibətləri ilə müəyyən edilir. Amma bir məsələ var, insan bədəni və onun orqanizmi, maddi dünya hesab edilirmi? Yəni insan bədəni təbii elmlərin, yoxsa ictimai elmlərin obyektidir. Marks birmənalı olaraq, insan bədənini əsasən, bəlkə də tamamilə, ictimai elmlərin hədəfindən kənarda saxlamışdı. Maddi dünya insanın əməyi nəticəsində yaranır və əslində insandan kənarda qalırdı. Doğrudur Marks deyirdi ki, insanı əmək yaradıb, amma o əmək deyəndə daha çox insanın başqa insanlarla birgə əməyi nəticəsində yaranan insanı nəzərdə tuturdu. Marks insanın əməyinin istismarı barədə danışırdı. İnsan isə əməkdən əvvəl istismar olunmağa başlayır. Bunu başqa cürə demək olar ki, istismara insanın sadəcə əməyi deyil, amma bundan əvvəl onun emosiyaları və instinktləri məruz qalır. Və əslində freydo-marksizmin də ictimai və sosial məzmunu bundadır. Həm də Marks bunun insan bədəni üçün fəsadlarını görürdü. Onun insanın alətin davamına və quluna çevrilməsi tezisi. Amma o bunun üzərindən tez də ötüb keçirdi, çünki onun araşdırma obyekti insanın bədəninin xaricindən başlayırdı.

Bəziləri freydo-marksistləri, Marksı təftiş etməkdə günahlandırırlar. Və bəlkə də bu o vaxtlar doğrudan da belə görsənə bilərdi, amma necə deyərlər hər şey dəyişir, və budur istehlak cəmiyyəti (əslində bu anlayışın da müəllifləri Frankfurtçular idi) bərqərar olur. Və biz artıq klassik marksizmin yetərsizliyini hər addımbaşı hiss edirik. Birinci olaraq, onun obyektiv fəlsəfəsinin. Marksa görə izafi dəyəri işçi qüvvəsi yaradır, amma bu izafi dəyər kimi ancaq kapitalistin mənimsənilməsindən sonra müəyyənləşir, yəni o ancaq kapitalist onu mənimsəyəndən sonra izafi dəyərə çevrilir. Kapitalist isə bunu başqa kapitalistlərlə rəqabətə davam gətirmək üçün texnologiyaya sərf edir və nəticədə avtomatizasiya nəticəsində kapitalizm öz izafi dəyər qaynağından məhrum olur, çünki maşınlar izafi dəyər yarada bilmir. Bu kapitalizmin böhranının obyektiv səbəbidir.

Amma işçi sinfinin demək olar ki, hər yerdə istehsal əsnasından uzaqlaşdırılmasına baxmayaraq, kapitalizm süquta uğramır. Bundan başqa rəqabətin özü artıq kapitalizmin inkişafının şərti deyil. İnhisarçı korporasiyalarda rəqabət olmur. Deməli bir tərəfdən rəqabətin yoxluğu, o biri tərəfdən isə klassik işçilərin yoxluğu, kapitalizmi süquta uğratmır. Niyə? Axı bu necə olur? Çox sadəcə, kapitalizm öz izafi dəyər qaynağını və rəqabəti insanın orqanizmində və bədənində tapır. Artıq rəqabət daha çox insanın malın hansı çeşidini alması (ona sırınması) müstəvisində həll olunur, izafi dəyər də elə insanın özündə yaranır, çünki ölü əməyin (mexanizasiyanın) yaratdığı dəyəri ancaq diri insan canlandıra bilər. Bu marksda da var, onun məşhur "ölülər diriləri qapır" ifadəsində.

Beləliklə, insan bədəni özü bir mexanizmə çevrilir və onun mexanizmlərdən ayrı salınması, əslində onun özünün bir maşına çevrilməsi məqsədilə həyata keçirilir. İnsan təlqin nəticəsində, bütövün sadiq quluna çevrilir.

İnsanın maşın olması ideyası yeni deyil. Frankenşteyn və sairə bu qəbildəndir. Dövrümüzdə insan istehsal əsnasının subyekti deyil, obyektidir. Yəni, əslində bu obyektivlə subyektivin dialektik münasibətləri kimi izah olunmalıdır. İnsan istehlak obyekti olmaqla eyni zamanda istehsal subyektinə çevrilir. Bunu başqa cürə desək, insan istehlak etməklə istehsal edir. Yəni istehlak-istehsal bir ölçüdə obyekt-subyekt münasibətlərinin siyasi-iqtisadi təzahürüdür. Necəki obyekt öz əksinə çevrilir və əksinə, istehsal da öz istehlakına çevrilir və əksinə. Bir çox klassik marksistlərin bunu təftişçilik adlandıraraq qəbul etməməsi, nəticədə marksizmin nəinki özünü insan, fərd, psixologiyada idealist yanaşmalara təslim edir, o həm də özü bu cür idealizmə çevrilir. Çünki o əski inanclar qarşısında aciz qalaraq, onları öz içinə buraxır. Bütün neoliberal və neokonservativ təcrübələr məhz klassik marksizmin suçudur. Bir halda ki, marksizm insan bədənini və ruhunu istehsal əsnasından kənarda saxlayır, bunlar yenidən unudulmuş ideologiyaların təsiri altına düşməyə məhkumdur. Və biz dini ideologiyaların fəallaşmasını müşahidə edirik.

Məhz freydo-marksizm bütün bu suallara cavab tapmağa qadirdir.