Hökumət Evi

Hökumət EviBakı şəhərinin mərkəzində yerləşən inzibati bina. Binanın memarları Lev Rudnev və Vladimir Muntsdur. Sarayın inşasına 1924-cü ildə, Azərbaycan SSR-in yenicə qurulduğu dövrdə başlanmış və mürəkkəb inşaat işləri 1952-ci ildə tamamlanmışdır.[1]

Hökumət Evi
Xəritə
40°22′26″ şm. e. 49°51′09″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Bakı Bakı
Yerləşir Neftçilər prospekti
Aidiyyatı Azərbaycan hökuməti
Layihə müəllifi Lev Rudnev, Vladimir Munts
Memar Lev Rudnev
Tikilmə tarixi 1936—1952
Üslubu Barokko memarlığı
Vəziyyəti yaxşı
İstinad nöm.139
KateqoriyaBina
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Hökumət Evi (Bakı)
Hökumət Evi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycanda Sovet hakimiyyətinin qurulduğu dövrlərdə hökumət işçilərinin çalışması üçün müvafiq bina olmadığından, belə bir binanın inşasına ehtiyac duyulub. Layihə üzərində çalışan memarlar qarşısında isə böyük sosialist dövlətinin qüdrətini və parlaq gələcəyini özündə əks etdirən bir bina inşa etmək vəzifəsi qoyulmuşdu.

Memar Nəriman Əliyevin bildirdiyinə görə, rəsmi Moskva hazırkı Hökumət Evinin tikilməsi qərarına XX əsrin 20-ci illərinin ikinci yarısında gəlib. 1924-cü ildə Bakıda hökumət üzvləri üçün bina tikilməsi prosesinə start verilir. Proses 30-cu illərin əvvəllərinə qədər uzanır və 1932-ci ildə müsabiqə elan edilir. İki illik müzakirələrdən sonra 1934-cü ildə müsabiqənin qalibləri müəyyənləşir. Bu müsabiqədə Azərbaycanın tanınmış memarları olan Mikayıl HüseynovSadıq Dadaşov da iştirak ediblər. Onların əsərləri bu günə kimi ən layiqli əsərlər sırasındadır, lakin məlum səbəblər üzündən həmin layihə təsdiqlənmədi. Mütəxəssislər qeyd edirlər ki, onların layihəsi daha təkmil və əzəmətli idi. Moskvadan münsiflər heyəti müsabiqədə birinci yeri Lev Rudnevə[rus.] veriblər.[2]

Binanın memarlıq üslubu

[redaktə | mənbəni redaktə et]

Binanın layihəsi təsdiqləndikdən sonra onun tikintisi üçün xüsusi yer seçmək lazım gəlir. Şəhərin Qərb zonasından Şərqə doğru inkişaf etdiyini nəzərə alaraq mərkəzdə belə bir binanın tikilməsi məqsədəuyğun hesab edilir. Bu məqsədlə, mərkəzdə 6 hektardan artıq meydan seçilir. Qeyd edək ki, binanın qarşısında olan və hazırda "Azadlıq" adlanan meydan bütün keçmiş SSRİ ərazisində böyüklüyünə görə yeganədir. İkinci belə bir meydan isə Belarusun paytaxtı Minsk şəhərindədir, lakin bu meydanının ərazisi Azadlıq meydanından bir qədər azdır. Həmin meydanın ərazisi 6 hektara yaxındır.

Binanın tikiləcəyi ərazi müəyyənləşdikdən sonra 13 mərtəbəli sovetlər binasının tikilməsi qərarı təsdiqlənir, lakin bu zaman təsdiq olunan layihədə nöqsanlar üzə çıxır. Belə ki, 1931-ci ildə dövlətin verdiyi qərara görə, Azərbaycanda tikilən memarlıq əsərlərində millilik xüsusiyyəti əks olunmalı idi, lakin rus memarının hazırladığı layihədə belə xüsusiyyətlər yox idi. Buna görə də binanın ilkin formasında kiçik dəyişikliklər etmək qərarına gəldilər.[3]

İndi binada gördüyümüz çıxıntılar — dənizə tərəf olan tinlərdəki tağlar, məhz həmin dəyişikliyin nəticəsidir. Tağlar əvvəlcədən olmayıb. Layihə ölkənin millilik ornamentlərinin zəruriliyi qərarına görə dəyişdirilib. Diqqətlə fikir versək, görmək olur ki, 13 mərtəbəli binada yalnız 3 mərtəbəli tağ var. Düzdür, bu o qədər də dəhşətli səhv sayılmasa da, memarlıq baxımından savadsızlığa yol verilib. Tağların ətrafında yaranan eyvanların heç birinə, binanın heç bir mərtəbəsindən və ya otağından çıxışın olmaması da həmin savadsızlığın nəticələrindən biridir. N. Əliyevin sözlərinə görə, buradan belə bir nəticəyə gəlmək olar ki, həmin eyvanlar sadəcə olaraq görkəm üçün — millilik xüsusiyyəti yaratmaq üçün inşa edilib.

Binanın inşasına 1934-cü ildə start verilsə də, İkinci dünya müharibəsinin başlanması bu sahədə gedən işləri yarımçıq qoyur. 1945-ci ildə İkinci dünya müharibəsi SSRİ-nin qələbəsi ilə başa çatandan sonra yarımçıq qalan binanın tikinti işləri yenidən bərpa edilir. N. Əliyevin sözlərinə görə, doğrudan da binanın tikintisində fəhlə kimi əsir alınan alman əsgərlərin gücündən istifadə edilib. Faşist əsgərlərinin binanın tikintisində iştirak etməsi tarixin danılmaz faktıdır.

Uzun prosesdən sonra, nəhayət, 1952-ci ildə bu binanın tikintisi başa çatır. Layihənin ilkin variantında 13 mərtəbədən ibarət olması planlaşdırılan binanın son 3 mərtəbəsi təxirə salınır.

Bu 3 mərtəbəni tikməkdən nəyə görə imtina olunması bəlli deyil. Memar Nəriman Əliyevin sözlərinə görə, ilkin ehtimallardan biri ondan ibarətdir ki, ayrılan pul çatmayıb. Tikilməsi nəzərdə tutulan binanın 3 mərtəbəsi təxirə salınaraq, onun vəsaitilə sonradan layihəyə əlavə edilən milli tağlar inşa olunur.

"Saray" peşəkar memarın gözüylə

[redaktə | mənbəni redaktə et]

Hazırda Azadlıq meydanında ucalan tarixi memarlıq abidəsi 10 mərtəbədən ibarətdir. Binanın sahəsi isə təxminən iki hektara yaxındır. Küləklər şəhəri olan Bakı özünün bu əzəli xüsusiyyətini Hökumət Evinə təsiri ilə bir daha göstərib. Belə ki, binanın qurtaracağında olan çıxıntılar — sürahilərin çox hissəsi küləklərə və zamanının təsirinə tab gətirməyərək dağılıb. N. Əliyevin sözlərinə görə, indi həmin sürahiləri də bərpa etmək problemə çevrilib.

Hazırda memarlıq abidəsi sayılan Hökumət Evi inşası başa çatdıqdan sonra bir neçə dəfə təmir olunub. Memar Nəriman Əliyevin sözlərinə görə, hər baş tikintiyə 50 il ömür verilir. Və o, 50 ilin içində təyinatına görə, yenidənqurma işləri aparılır. Hökumət Evində də müəyyən təmir işləri aparılıb, xırda dəyişikliklər edilib. Bütövlükdə isə yenidənqurma işləri aparılmayıb. N. Əliyev eyni zamanda da bildirir ki, binada tikilinin zahiri görünüşünü dəyişdirən təmir işləri aparıla bilməz. Azərbaycanın tarixi memarlıq abidəsi olan bu tikiliyə bənzər ikinci bir bina dünyanın heç bir ölkəsində yoxdur. Binada gördüyümüz tağlar, sütunlar, sütun tavanlarının zirvələrinin forması Şirvanşahlar sarayından götürülüb.

Təbii ki, burda oxşar cəhətlərlə yanaşı, fərqli xüsusiyyətlər də var. Belə ki, tağların ölçüləri fərqlidir. Şirvanşahlar sarayında tağlar sivri, hökumət evində isə qövsvaridir. Fərqli və oxşar cəhətləri olmasına baxmayaraq, hər iki tikili Bakı memarlığına xasdır.

Bu gözəl binanın eybi orasındadır ki, onunla üzvi əlaqəyə girə biləcək bir bina tapılmadı. Çünki onun fasadları elə həll edilib ki, o hər tərəfdən tamamlanıb. Və ona nəyisə bağlamağa bir yer yoxdur. Bina ortada heykəlsayağı bəzək kimi dayanıb. Ona nəsə yapışdırmaq mümkün deyil.

Saray qotik memarlıq üslubunda inşa edilmişdir. Binanın inşasında istifadə edilən tikinti materiallarının bir hissəsi xaricdən gətirilib. Sarayın layihəsində fasadın müxtəlif heykəllərlə bəzədilməsi nəzərdə tutulsa da, inşa dövrünün Böyük Vətən Müharibəsi zamanına təsadüf etməsi fasadın daha sadələşdirilməsi, heykəllərin və bahalı daş işləmə nümunələrinin təxirə salınması ilə nəticələnmişdir.

Həmçinin müharibə nəticəsində ələ keçirilən alman əsirlər, aktiv şəkildə sarayın inşasına cəlb olunmuşdur.

Binanın tarixi çox qədim olmasa da, bir çox tarixi proseslərin şahididir. 1988-ci ildə Milli Azadlıq Hərəkatı məhz bu binanın yerləşdiyi meydandan — Azadlıq meydanından başlayıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya yeridilən sovet ordusunun vəhşi müdaxiləsi nəticəsində həlak olan şəhidlərimizin yüz minlərlə insanın iştirakı ilə nəhəng matəm mitinqi də bu bina qarşısında keçirilmiş və bu mənzərə tarixin yaddaşına həkk olunmuşdur.[4]

Hökumət Evində Vətəndaşların Qəbulu Mərkəzi

[redaktə | mənbəni redaktə et]
Hökumət Evi, Vətəndaşların Qəbulu Mərkəzi

5 iyul 2022-ci ildən etibarən Hökumət Evi kimi tanınan inzibati binada (Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84) yerləşən dövlət qurumları tərəfindən vətəndaşların qəbulunun vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədilə yaradılan Vətəndaşların Qəbulu Mərkəzi fəaliyyətə başlayıb.

Mərkəzdə vətəndaşların qəbulu İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), İqtisadiyyat Nazirliyi, Energetika Nazirliyi, Mədəniyyət Nazirliyi, Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, Əqli Mülkiyyət Agentliyi, Meliorasiya və Su Təsərrüfatı ASC-nin məsul əməkdaşları tərəfindən həyata keçirilir. Mərkəz Hökumət Evində yerləşən bütün dövlət orqanlarına vahid məkanda müraciət etmək imkanı yaradır.

Vətəndaşların Qəbulu Mərkəzində müasir avadanlıqlarla təchiz olunmuş ümumi qəbul sahəsi, videoqəbul otaqları, aidiyyəti məsul şəxslər tərəfindən qəbul üçün xüsusi otaqlar, “Ana və uşaq otağı”, həkim və psixoloq fəaliyyət göstərir. Mərkəzdə qeyd edilən qurumların mütəxəssisləri ilə yanaşı, könüllülər də qəbula gələn vətəndaşlara köməklik göstərir.

Xidmət sahələri videomüşahidə üsulları vasitəsilə nəzarətdə saxlanılır.

Binada fəaliyyət göstərən qurumlar, təşkilatlar

[redaktə | mənbəni redaktə et]

Başqa strukturlar

[redaktə | mənbəni redaktə et]
  1. "Hökumət evi xəritədə". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-11.
  2. "Bakının memarlıq inciləri: Hökumət evi". 2019-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-11.
  3. "Hökumət Evi, Bakı, 1974-cü il". 2020-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-11.
  4. "Arxivlənmiş surət". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-01-28.