Köhnə Müqəddəs Pyotr bazilikası Vatikandakı Müqəddəs Pyotr bazilikasının yerində IV-XVI əsrlərdə mövcud olmuş bazilikadır.Tarixi Neronun sirki yerində inşa edilmiş bazilikanın tikintisinə imperator I Konstantinin hakimiyyəti dövründə başlanılmışdır. “Köhnə Müqəddəs Pyotr bazilikası” adı XVI əsrdə yeni bazilikanın inşa edilməsindən sonra iki binanı bir-birindən fərqləndirmək üçün istifadə edilmişdir.[1]
Köhnə Müqəddəs Pyotr bazilikası | |
---|---|
Antica basilica di San Pietro in Vaticano | |
41°54′08″ şm. e. 12°27′12″ ş. u.HGYO | |
Ölkə | Vatikan |
Yerləşir | Papa dövləti |
Tikilmə tarixi | 326-333 |
Üslubu | Qədim Roma memarlığı |
Vəziyyəti | yerində Müqəddəs Pyotr bazilikası inşa edilib. |
Vikianbarda əlaqəli mediafayllar |
Bazilikanın inşasına imperator I Konstantinin əmri ilə 318 – 322-ci illər arasında[2] başlanılmış və inşaat işlərinin tamamlanması 30 il çəkmişdir. Sonrakı on iki əsr ərzində kilsə tədricən mühüm əhəmiyyət qazanaraq, yekun nəticədə Romanın ən mühüm ibadət yerinə çevrilmişdir.
Adətən Roma papalarının tacqoyma mərasiminin keçirildiyi Müqəddəs Pyotr kafedralında 800-cü ildə Müqəddəs Roma imperiyasının imperatoru Böyük Karlın tacqoyma mərasimi keçirilmişdir. 846-cı ildə sarasinlər bazilikanı qarət edərək dağıtmışlar.[3] Ehtimal ki, qarətçilər Romanın zəngin xəzinələrindən xəbərdar idilər. Müqəddəs Pyotr bazilikası kimi bəzi müqəddəs və mühüm bazilikalar Avreli divarlarından kənarda yerləşdiləri üçün asan hədəf idilər. Bu bazilikalar “zəngin liturgiya qabları zinətli metallar və qiymətli daş-qaşlarla işlənmiş relikviarilər və illərlə toplanmış müqəddəs əşyalarla dolu idi.” Nəticədə qarətçilər adi bir kilsəni yox, müqəddəs bir ziyarətgahı elan etmiş oldular.[4] Hadisədən sonra Roma papası IV Levin sifarişi ilə Leonin divarı inşa edildi və kilsənin zərər çəkmiş yerləri bəra olundu.[5] 1099-cu ildə Papa II Urbanın göstərişi ilə aralarında Müqəddəs Anselemin də olduğu kilsə soveti çağırıldı. Digər mövzularla yanaşı dünyəvi şəxslərin kilsəyə ödəniş etməsi və ya kilsə xadimlərindən vergi tələb etməsinin qadağan edilməsi də müzakirə edildi.
XV əsrdə kilsə yarımdağılmış vəziyyətdə idi. Papanın Avinyondan qayıtmasından sonra kilsənin bərpası müzakirə edilməyə başlandı. Leon Battista Alberti və Bernardo Rossellino kilsənin bərpa edilməsində iştirak edərək, apsidanı daha da yaxşılaşdırmış və və trium fasadında çoxmərətəbəli xeyirdua kürsüsü ucaltmış, tikinti işləri fasilələrlə yeni kilsənin inşası başlayana kimi davam etdirilmişdir. Alberti bazilikanın iyrənc struktura malik olmasını qeyd edərək deyir:
Mən, Romadakı Müqəddəs Pyotr bazilikasında aşağıdakı xüsusiyyətləri gördüm: həddən artıq uzun və hündür divarlar heç bir əyrilik olmadan fasiləsiz daş sırası ilə hörülmüşdü ki, divarın dözümlüyü təmin edilsin, lakin heç bir dəstək kontrforsundan istifadə edilməmişdir...Hündürlüyünə görə zəif olan divarlar çoxsaylı oyuqlar və boşluqlarla daha da zəiflədilmişdir....Nəticədə davamlı külək artıq dicarı 1.8 m (6 ft) əyə bilmişdir; heç bir şübhəm yoxdur ki, divarın uçması üçün kiçik bir zərbə kifayətdir...[6] |
Papa II Yuli əvvəlcə köhnə binanın qorunmasının tərəfdarı olsa da, sonradan, yeni bina inşasına razılıq vermişdir. Bir çox insanlar Papanın bu qərarına təəccüblənmişdilər, çünki, köhnə bina kilsənin Pyotrla əlaqəsinin davamlığını simvolizə edirdi. İlkin altar yeni inşa ediləcək binanın strukturunda saxlanılmalı idi.
Tipik bazilika dizaynına malik olan[7] bina, plan və hündürlük baxımından Trayan forumundakı Ulpia bazilikası və Trirdəki Konstantin bazilikasına oxşar olmaqla, yunan-roma məbədlərindən fərqlənirdi.[8]
Konstantin Müqəddəs Pyotrun məzarının üstündə məbəd inşa etdirmək üçün çoxlu səy göstərmişdir. Tiberi çayının qərb sahilində yerləşən Vatikan təpəsi düzləşdirilmişdir. Maraqlıdır ki, məbədin yeri qədim şəhər ərazisinə daxil olsa da, altar qərbdə yerləşirdi və bazilikanın fasadı Romanın özündən şərqdə idi. Erkən paqan məbədlərindən fərqli olaraq, bazilikanın eksteryeri zəngin bəzədilməmişdi.[1]
Kilsə, bir dəfəyə 3.000-4.000 arası ibadətçini qəbul edəcək həcmə malik idi. O, beş dəhlizə, geniş mərkəzi nefə və hər tərəfdən daha qədim paqan məbədinə aid 21 sütunla ayrılmış iki kiçik dəhlizə malik idi.[9] 110 metr (350 fut) uzunluğa malik bazilika latın xaçı formasında inşa edilmiş və iki qatlı tavanla örtülmüşdü. Daxildən taxta ilə işlənmiş tavan 30 metr (100 fut) hündürlüyə malik idi. “Cənnət bağı” kimi məşhur olan atrium girişdə olmaqla beş qapıya malik idi və kilsənin əsas hissəsinə aparırdı; bu hissə binaya VI əsrdə əlavə edilmişdi.
Müqəddəs Pyotr bazilikasının altarında bir neçə Solomon sütunundan istifadə olunmuşdu. Ənənəyə görə Konstantin sütunları Süleyman məbədindən götürərək kilsəyə bağışlamışdı; lakin ehtimal ki, sütunlar şərq kilsəsindən idi. Bernini yeni Müqəddəs Pyotr altarını örtəcək baldaxini hazırlayarkən həmin sütunların dizaynından istifadə etmişdir. Qədim sütunların səkkizi yeni bazilikanın inşası zamanı istifadə edilmişdir.
Atriumdakı böyük Naviçella mozaikası (1305-1313) Cotto tərəfindən işlənmişdir. Daxili həyətə açılan qapı üzərindəki arkadadan yuxarıda bütöv bir divarı tutan nəhəng mozaika kardinal Yakopo Stefaneski tərəfindən sifariş edilmişdir. Mozaikada Müqəddəs Pyotrun suda gəzməsi təsvir edilib. Bu qeyri-adi sənət əsəri XVI əsrdə yeni bazilikanın inşa edilməsi zamanı əsasən dağıdılsa da, bəzi fraqmentləri dövrümüzə çatmışdır. Naviçella sözü hərfi tərcümədə “kiçik gəmi” anlamını verməklə, kompozisiyanın mərkəzində duran və yelkənləri fırtınada şişmiş gəmiyə işarədir. Dəniz landşaftının bu cür təbii təsviri yalnız qədim sənət əsərlərindən məlum idi.
Nef tağla tamamlanır, tağda isə İsaya bazilikanın modelini təqdim edən Konstantin və Müqəddəs Pyotrun təsvir edildiyi mozaika vardı. 11 pəncərəsi olan divarlarda Əhdi-Ətiq və Əhdi-Cədid mövzularında olan müxtəlif hadisələr və şəxslərin təsvir edildiyi mozaikalar vardı.[10]
VIII əsrə aid Epifaniya mozaikasının qalıqları Köhnə Müqəddəs Pyotr bazilikasının orta əsrlər dekorasiyasının ən nadir nümunələridir. Bu, çox dəyərli fraqment Santa-Mariya-in-Kosmedin kilsəsinin cübbəxanasında saxlanılır. Bu qalıqlar qədim bazilikanın mozaikalarının yüksək bədii dəyərini sübut edir. Dayanmış Madonnanın təsvir edildiyi digər bir fraqment isə Florensiyadakı San-Marko bazilikasının yan altarında saxlanılır.
B.e. 64-cü ilində Müqəddəs Pyotrun çarmıxa çəkilərək edamı və dəfnindən sonra bu yer müqəddəs hesab edilmiş və həmişə ziyarətgah kimi istifadə olunmuşdur. Nüfuzu getdikcə artan kilsə zamanla müxtəlif heykəllər, mebellər və mürəkkəb çilçıraqlarla bəzədilmiş, yan məzarlar və altarlara isə daima yeni əlavələr edilmişdir.[1]
Bina tamamilə papalar və müqəddəslərin məzarları ilə dolu idi. 1544-cü ilin sonlarında yeni bazilikanın inşası zamanı çoxlu sayda bu cür sümüklər aşkarlanmışdır.
Bazilikadakı məzarların əksri XVI-XVII əsrlərin inşaat işləri zamanı dağıdılmışdır (yalnız 846-cı ildə sərasinlər tərəfindən dağıdılmış məzar saxlanmışdır). Digər məzarlar isə qismən köhnə kilsənin yerində inşa edilmiş yeni kilsəyə, qismən isə digər Roma kilsələrinə köçürülmüşdür. Qədim Roma katakombalarının daşınması, XIV əsrdə Lateran bazilikasında baş vermiş iki yanğınvə Müqəddəs Pyotr bazilikasında həyata keçirilən yenidənqurma işləri papaların məzarlarının təxminən yarısının məhv olmasına səbəb olmuşdur. Buna görə də, yeni Müqəddəs Pyotr bazilikasının əsas memarı olan Donato Bramante “Mastro Ruinante” adlandırılmışdır.[11]