Müqəddəs Pyotrun məzarı Müqəddəs Pyotr bazilikasının altında yerləşən və Vatikan hakimiyyəti tərəfindən Müqəddəs Pyotrun məzarının əbədiləşdirilməsi üçün inşa edildiyi bildirilən abidə kompleksidir. Müqəddəs Pyotrun məzarı b.e. 130–300-cü illəri arasındakı dövrə aid edilən yeraltı mavzoleylər kompleksinin qərbində yerləşir.[1] I Konstantinin hakimiyyəti dövründə, təxminən 330-cu illərdə birinci Müqəddəs Pyotr bazilikasının inşası zamanı, binanın təməli üçün yer açmaq üçün kompleksin bəzi hissələri dağıdılmışdır. XII Piyin göstərişi ilə 1950-ci illərdə aparılan arxeoloji qazıntılar zamanı II əsrə aid məzarlardan çoxsaylı insan sümükləri aşkarlansa da, onlardan hər hansı birinin Müqəddəs Pyotra aid olması dəqiqliklə təsbit edilməmişdir.[2] Abidə altında yerləşən ikinci məzarın tədqiq edilməsindən sonra VI Pavel 26 iyun 1968-ci ildə Müqəddəs Pyotrun relikviyalarının aşkarlandığını elan etmişdir.
Müqəddəs Pyotrun məzarı | |
---|---|
Tomba di Pietro | |
41°54′08″ şm. e. 12°27′12″ ş. u.HGYO | |
Ölkə | Vatikan |
Yerləşir | Müqəddəs Pyotr bazilikası |
Vəziyyəti | ziyarətə açıq |
Rəsmi adı: Vatican City | |
Tipi | Mədəni |
Kriteriya | i,ii,iv,vi |
Təyin edilib | 1984 |
İstinad nöm. | 286 |
Dövlət | Vatikan |
Region | Avropa |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kilsənin bildirdiyinə görə Müqəddəs Pyutrun məzarı döşəmə altındakı edikulanın içində yerləşir. Bu məzardan Müqəddəs Pyotrdan başqa daha dörd nəfərin və bir neçə ev heyvanının sümükləri aşkarlanmışdır. 1953-cü ildə erkən arxeoloji tədqiqatların sonunda divarın şimal tərəfində (qraffiti divarı) daha bir qrup sümüklər aşkarlasa da, arxeoloqların xəbəri olmadan həmin sümüklər yoxa çıxmışdır. Sonrakı tədqiqatlar göstəmişdir ki, sümüklər 60–70 yaşlarında bir kişiyə məxsusdur.[3] Marqarita Quarduççi bildirir ki, bu sümüklər Müqəddəs Pyotra məxsus olmuş və I Konstantinin dövründə kilsə ilə sülh bağlanmasından sonra (313-cü il) edikula altındakı məzardan qraffiti divarındakı nişə köçürülmüşdür.[4] Müqəddəs Pyotrun məzarı adlandırılan abidənin aşkarlanması ilə nəticələnmiş arxeoloji qazıntılara rəhbərlik edən arxeoloq Antonio Ferrua bildirir ki, tapılmış sümüklərin Müəddəs Pyotra aid olmasına əmin deyil.[5]
Yuxarıdakı şəkildə Müqəddəs Pyotra bazilikasının məzarın yerində yerləşən aşağı mərtəbəsinin ərazisi göstərilir. Məzarın bir hissəsi olmuş edikulanın hissələri bu mərtəbə ilə eyni səviyyəyə qalxmış və palliy nişi kimi düzəldilmişdir ki, nişi də fotonun mərkəzində görmək mümkündür.[6]
Pyotrun ölümü haqqında ən erkən məlumat Roma yepiskopu I Klementin Korinflilərə məktubundadır (Klementin birinci nüraciəti və ya Korinflilərə müraciət, b.e. 96-cı ilində yazılıb). Konstantinin müasiri olmuş tarixçi Yevsevi yazır ki, Müqəddəs Pyotru "Romaya gəldi və başı aşağı şəkildə çarmıxa çəkildi" və bu məlumat təxminən b.e. 254-cü ilində vəfat etmiş başqa bir tarixçi Origenə istinadən verdiyini qeyd edir.[7] Müqəddəs Pyotrun ölümü dini ikonoqafiyada adətən tərsinə xaç kimi təsvir edilir.
Müqəddəs Pyotrun öldürüldüyü yer və öldürülmə üsulu haqqında tarixçi Tertullian (təxm. 160–220) özünün "Scorpiace" adlı əsərində məlumat verir və qətlin Neronun hakimiyyəti dövründə xristianların qovulması zamanı törədildiyini bildirir.[8] Tasit "Annallar"ında xristianların qovulmasından bəhs etsə də, Pyotru xüsusi olaraq vurğulamır: "Onlar itlərə yem edildilər, çarmıxa çəkildilər və ya yandırıldılar".[9] Bundan əlavə, Tertullian qeyd edir ki, hadisə Neronun sirki yaxınlığındakı imperator bağlarında baş vermişdir. B.e. 64-cü ilində Böyük Roma yanğını zamanı Böyük sirkin (Circud Maximus) məhv olmasından sonra şəhərdə bu cür çarmıxa çəkilmənin keçirilməsi üçün müvafiq başqa bir yer qalmamışdı.
Bu məlumatları başqa mənbələr də təsdiqləyirlər. V əsrə aid "Pyotr və Pavelin əziyyətləri" əsərində Müqəddəs Pyotrun necə öldürülməsi nəql edilir. Bu tarixçələr özləri apokrifa hesab edilsələr də, daha əvvəli dövrlərə aid materiallara istinad etdiklərinə görə coğrafi təəssüratın yaradılması üçün əhəmiyyət daşıyırlar. Əsərdə deyilir: "Müqəddəs adamlar…onun cəsədini gizlincə xaçdan çıxararaq terebint püstəsinin altında, Navmaxiya yaxınlığındakı Vatikan adlı yerdə dəfn etdilər."[10] Navmaxiya adlandırılan yer, Nero sirki yaxınlığında izləyicilər üçün dəniz döyüşlərinin keçirildiyi yer ola bilər. Vatikan adlı yer, o zaman, kompleks yaxınlığında, Tiber çayı sahilində təpə olmaqla, həm xristian, həm də paqan məzarları ilə məşhur idi.
Korinfli Dionisi Papa Soterin dövründə (74-cü ildə vəfat edib) Roma kilsəsinə yazarkən, Pyotrun dəfn yeri kimi Romanı qeyd edir və maddi dəstəyə görə romalılara təşəkkür edir: "Bununla da siz Pyotr və Pavelin nəsihət toxumlarını Roma və Korinfdə əkdiniz. Onlar hər ikisi bizim Korinfdə də nəsihət vermişdilər. Onlar həm də İtaliyada nəsihət vermiş və şəhidliyə çatmışdılar."[11]
Katolik ənənəsinə görə, cəsur xristianlar, Pyotru öldrüldüyü yerə mümkün qədər yaxın dəfn etməyə çalışmışlar. Katolik məlumatına görə, Pyotr, şəhərə aparan Kornelia yolu (xristian və paqan məzarlığı kimi məşhurdur) yaxınlığında, xristianlara məxsus yerdə, Vatikanus adlı təpədə dəfn edilmişdir. Məzar yeraltı türbə şəklində hazırlanmış, türbənin mərkəzində daş sarkofaqda isə Pyotr dəfn edilmişdir.[10]
"Papalar kitabı"nda qeyd edilir ki, Pyotrun ölümündən qısa müddət sonra Papa Anaklet onun yeraltı məzarı üzərində abidə inşa etdirmişdi.[12] Bu, məzar üzərində yerləşən, üç və ya dörd adamın diz çökərək ibadət edə biləcəyi kiçik otaq və ya oratoriya idi. Paqan Roma imperatoru Yulian b.e. 363-cü ilində "Qalileylilərə qarşı üç kitab" adlı əsərində qeyd edir ki, Müqəddəs Pyotrun məzarı, gizli də olsa, ibadət yerinə çevrilmişdir.[13]
Pyotrun məzarının həmin ərazidə olmasını sübut edən və montaistlərin Proklun ənənəsinə uyğun fikirlərini rədd edən, III əsr tarixçisi Romalı Qayın məlumatları vardır: "Lakin, mən həvarilərin trofeylərini göstərə bilərəm. Əgər siz, Vatikana getsəz və ya Ostian yolundan keçsəz, bu kilsənin əsasını qoyanların trofeylərini (burada istifadə olunan "trophoea" sözü xatirə abidəsi anlamını daşıyır) görə bilərsiz."[11]
Xristianların izləndiyi dövrdə bu məzar ziyarətgah olmuş və "Şəhidlərin həyatı"nda verilən məlumata görə, bəzən burada ibadət edənlər həbs edilirdilər.[14]
Roma imperatoru I Valeriyanın hakimiyyəti dövründə, xristian təqibləri xüsusilə şiddətli idi. Roma qanunlarına görə, ölənlərin cəsəgləri, xüsusilə, xristianların cəsədləri əvvəlki kimi qanun tərəfindən müdafiə edilmirdi. Romanlıların təhqirlərindən qorumaq üçün, ola bilsin ki, həmin dövrdə Pyotr və Pavelin qalıqları ilkin dəfn yerlərindən çıxarılmışdır. B.e. 258-ci ilində qalıqlar gecə vaxtı gizlincə çıxarılaraq San-Sebastiano katakombasında gizlədilmiş və 260-cı ildə Valerianın hakimiyyətinin başa çatmasından sonra yerinə qaytarılmışdır.[10]
Böyük Konstantinin hakimiyyəti dövründə kilsə ilə sülh elan edilməsindən sonra, xristianlar, nəhayət ki, Messa keçirilməsi üçün məkanlar inşa etmək imkanı əldə etdilər. Həvarilərin relikviyalarının dəfn edildiyi yerlər böyük bazilikaların inşası üçün yer seçimində birinci sırada dururdular. İmperator bu binaların inşası üçün maliyyə dəstəyi göstərirdi.[14]
320–327-ci illərdə Konstantin Pyotrun dəfn yeri hesab edilən beş erkən xristian nekropolunda bazilika inşa etdirdi.[15] Müqəddəs Pyotr bazilikasının inşası üçün yer yaradılması məqsədi ilə Vatikan təpəsinin böyük bir hissəsi düzləşdirildi. Bazilika altarının düz Pyotrun məzarı üzərində yerləşməsi planlaşdırılırdı. Lakin, iş üst kamerası və xatirə kitabəsi ilə yekunlaşdırıldı. Bu üst kamera romalılar tərəfindən dağıdılmış[14], xatirə kitabəsi isə Etiraf kapellasına yerləşdirilmişdir. Bunun altında bazilikanın əsas mərtəbəsi yerləşir, Etiraf kapellası isə düz əsas altarın üstündə dururdu.
"Papalar kitabı"nda Konstantinin ehtimal ki, o zaman Müqəddəs Pyotrun məzarına əlavə etdiyi bəzi bəzəklər təsvir edilir. Sarkofaq özü isə hər tərəfdən 5 ft uzunluğunda bürünclə üzlənmişdir. Bundan əlavə 150 funt ağırlıqda qızın xaç qoyulmuş və latın dilində "Konstantin Avqust və Helena Avqusta. Bu ev kral sarayı kimi əzəmətlə parıldayır" yazılmışdır. Lakin, məzara olan bütün zinətli əşyalar 846-cı ildə Romanın sərasinlər tərəfindən talan edilməsi zamanı oğurlanmışdır.[16]
Müqəddəs Pyotrun kəllə sümüyü IX əsrdən etibarən Müqəddəs Pavelin kəllə sümüyü ilə bir yerdə Lateran bazilikasında saxlanılır.[17]
Məzar XVI əsrdə, Berninin "Kafedra"sı üçün dörd sütunun əsası qoyularkən aşkarlanmışdır.[18] Konstantin bazilikasının inşası və Berninin "Baldaxin"inin inşası zamanı yarı yeraltı olan bu dəfn kameralarının böyük bir hissəsi dağıdılmışdır. Dağıdılan dəfn kameraları arasında xristian mozaikaları ilə məşhur olan Yulii məzarı da vardı.
1939–1949-cu illər arasında, Monsinyor Lüdviq Kaasın rəhbərliyi altında[19] aparılan arxeoloji qazınqılar zamanı Müqəddəs Pyotr bazilikasının altında II–III əsrlərə aid paqan mavzoleyləri (Vatikan nekropolu) kompleksi aşkarlanmışdır.[20] Müqəddəs Pyotr bazilikasının hazırkı altarı altında heç bir mavzoley olmasa da, bir neçə kiçik məzar aşkarlanmışdır ki, onlardan da biri Vespasian dövrünə aid xüsusi plitəyə malikdir.[21] Divarda abidə formalı kiçik niş vardır. Kəşflər "Life" jurnalında yayımlanmışdır.[22]
1942-ci ildə Lüdviq Kaasın rəhbərliyi ilə arxeoloji qrup ikinci məzarda sümüklər aşkarlamışdır. Bu ehtimal edilən relikviyaların layiq olduğu hörmətlə qarşılanmayacağından qorxan və arxeoloji tədqiqat prosedurunu yaxşı bilməyən keşiş qalıqların etibarlı müdafiəsi üçün gizlincə başqa bir yerdə dəfn edilməsini tapşırmışdır.
Kaasın ölümündən sonra professor Marqarita Quarduççi təsadüfən bu relikviyaları aşkarlamışdır. O, təcili şəkildə Papa VI Paveli aşkarlanmış qalıqların Müqəddəs Pyotra aid olmasına inandığı haqqında məlumatlandırmışdır. Tədqiqatlar sümüklərin 60 yaşlarında kişiyə aid olmasını sübut etmişdir. 26 iyun 1968-ci ildə Papa VI Pavel Müqəddəs Pyotrun relikviyalarının aşkarlanmasını elan etmişdir. 24 noyabr 2013-cü ildə "İbadət ili" Messasının tamamlanması mərasimində Papa Fransisk ilk dəfə sümükləri əlinə götürərək ictimayətə göstərmişdir.[23]
Papaların müxtəlif Roma katakombalarında dəfn dövrünə kimi Pyotrdan sonrakı kilsə başçılarınn harda dəfn edilməsi haqqında çox az məlumat var. Müqəddəs Pyotr yaxınlığında, Vatikan təpəsində dəfn edilən papalar Lin, Klet, Evarist, Telesfor, Higin, I Piy, Aniket (sonradan Müqəddəs Kallista katakombasına köçürülüb) və I Viktordur.[24] Epiqrafik sübut yalnız bir məzarda vardır ki, burada "Linus 1615" yazısı vardır; lakin, plitə qırıldığından orada "Aquilinius" və ya "Anullinus" yazılmasını dəqiqləşdirmək mümkün olmamışdır.[24]
Üç istisna ilə, katakombalarda dəfn edilmiş Aniketə kimi bütün papalar Pyotrun məzarı yazınlığında dəfn edilirdilər.[24] İstisna olaraq Krım yaxınlığında Qara dənizdə şəhid edilmiş I Klementin məzarını I Aleksandrın orijinal məzarını göstərmək olar.[24]
1953-cü ildə iki fransiskan monaxı Yerusəlim yaxınlığındakı Zeytun dağında yerləşən mağarada I əsrə aid yüzlərlə ossuari aşkarlamışdır. Arxeoloqlar bir neçə məşhur Bibliya adı da daxil olmaqla, Yerusəlimdə xristian icmasının olmasının ən qədim əyani sübutunun aşkarlanmasını elan etdilər. Ossuarilərdən biri üzərində yazılmış ad "Şimon Bar Yona" — Yonanın oğlu Şimon kimi oxunmuşdur..[25] Lakin, bəzi katolik və protestant alimləri məzarın Müqəddəs Pyotra aid olmasını müzakirə etməyə başladılar, əsas mübahisə səbəbi isə yazıda onun "Cefa" və ya "Pyotr" adlandırılmaması idi.[26] Müqəddəs Torpaq Universitetindən doktor Stefan Pfann yazını "Şimon Brazillai" kimi oxuyur: Brazillai Yerusəlimin ən məşhur ailələrindən biri olmuşdur.[27]
1953-cü ilin may və 1955-ci ilin iyun ayları arasında Dominus Flevit məzarlığında aşkarlanmış 43 kitab fotoları ilə birlikdə P. B. Baqatti və J. T. Milik tərəfindən 1958-ci ildə nəşr etdirilmişdir.[28]