Yulian, Flavius Klavdius (lat. Flavius Claudius Iulianus Augustus; 17 noyabr 331[1], Konstantinopol – 26 iyun 363[2], Mesopotamiya) — Roma imperatoru (361-363), neoplatonçu filosof və Xristianlığın tənqidçisi.
Flavius Klavdius Yulian | |
---|---|
Flavius Claudius Iulianus | |
Roma imperatoru | |
361 – 363 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Vəfat səbəbi | döyüşdə ölüm |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi, filosof |
Ailəsi | Konstantinlər sülaləsi |
Vikianbarda əlaqəli mediafayllar |
Munisipal kuriyaların hüququnu genişləndirmiş, vergiləri azaltmış, dəbdəbəli, cah-cəlallı saray həyatından imtina etmişdi.
Onun hakimiyyətə gəlməsindən öncə Xristianlıq dövlət dininə çevrilmişdir. Bundan sonra bütpərəst sayılan antik inanclar və fəlsəfələr təqiblərə məruz qalmışdır. Yulian isə bu prosesin qarşısını almağa çalışmışdır. O öncə xristian olmuş, ancaq sonra antik inancları qəbul edərək Yamblixin və Efesli Maksimin öyrəncisi olmuşdur. Buna görə də ona xristian ənənəsində Dinindən Dönmüş Yulian deyirlər.
Öz qısa hakimiyyəti dövründə (m. 361 – 363) Yulian bütün dinlərin bərabərliyini elan etmişdir. Onun əmrinə əsasən xristianlar bütpərəstlərdən ələ keçirtdikləri məbədləri və əmlakı kahinlərə qaytarmalı və məktəblərdə tədris sistemindən uzaqlaşdırılmalı idilər.
Onun məqsədi Xristianlığın təqibi deyil, onunla rəqabət apara bilən islahatlardan keçmiş antik dinin bərpa edilməsi idi. Ancaq, Yulian bu məqsədə çata bilməmişdir. Az sonra o İranla aparılan savaşda döyüşlərin birində öldürülmüşdür. Onun həmin döyüşdə öz xristian döyüşçüləri tərəfindən öldürüldüyü də güman edilir. Yulianın ölümündən sonra Xristianlıq yenidən dövlət dininə çevrilmiş və bu proses artıq geriyə dönməz olmuşdur.[3]
Yulian həm də filosof olmuş, neoplatonizmin Perqama məktəbinin tanınmış nümayəndələrindən biri idi.
Xristianlığın güclənməsi zamanı yaşayan Porfirius, Yamblix, Proklus kimi yeni-platonçular antik dini zəmanəyə uyğunlaşdırmağa çalışırdılar. Onlar təktanrılığı özlərinə məxsus şəkildə təqdim etmiş, mənəvi və əxlaqi məsələlərə toxunmuşdular; bununla belə antik irslə bağlılıqlarını kəsməmiş, mistik fəlsəfələrə və teurgiyalara önəm vermişdilər.
Bir çox Şərq dinlərində günəş tanrılaşdırılırdı. O zaman Romada Mitra adlı İran tanrısının qnostik kultu yayılmış, bu din orduya və Romanın hakim dairələrinə nüfuz etmişdir. Yulian da günəşi tanrı hesab etmiş, onu təbiətin əsası və həyatın mənası kimi dəyərləndirmişdir. Ancaq onu gördüyümüz çıxan və batan günəşlə eyniləşdirmirdi. Yuliana görə gördüyümüz günəş həqiqi tanrı işığının qismən yansımasıdır (əks olunmasıdır). Həmçinin Yuliana görə ümumiyyətlə bizim gördüyümüz dünya həqiqət deyildir. Həqiqətə çatmaq üçün şeylərin həqiqi mahiyyətinə varmaq lazımdır. Mənəvi təkmilləşmə də bundan ibarətdir. Onun bu yanaşması Platonun ideyalar haqqında təliminə uyğun idi. Plotinin emanasiyasına uyğun olaraq Yulianın təlimində bütün tanrılar və mövcud olan varlıq günəş işığından yaranır.[4]
Yulian zamanımıza yalnız bəzi “Xristianlara qarşı” kitabından fraqmentlər gəlib çatmışdır. Bu kitabda o, xristian rəvayətlərində olan məntiqi ziddiyyətləri açıqlayaraq Xristianlığın Tanrıdan gəlmədiyini sübuta yetirmək istəmişdir. Eyni zamanda o, yunan dinində də çoxlu məntiqsizliklərin və nağılların olduğunu etiraf etmişdir. Onun fikrincə yalnız Platon Tanrı, dünya və insan haqqında ən yetkin fikirlər irəli sürmüşdür. Yulian bu əsərdə Platonun fikirlərini Tövratın ayələri ilə müqayisə edərək onların yəhudi rəvayətlərindən daha üstün olduğunu iddia etmişdir.[5]