Müqəddəs Qriqoris kilsəsi — Xocavənd rayonunun Zavadıq kəndində yerləşən tarix-memarlıq abidəsi. Kilsə XVII əsrdə əslən yaxınlıqdakı Kiş kəndindən olan arxiyepiskop Barseq Kişeçinin nəzarəti ilə Katolikos IV Petrosun sifarişi əsasında inşa edilmişdir.
Müqəddəs Qriqoris kilsəsi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Xocavənd |
Yerləşir | Zavadıq kəndi |
Aidiyyatı | Alban Həvari Kilsəsi |
Sifarişçi | Katolikos IV Petros |
Tikilmə tarixi | 1667-1676 |
|
İnşaat kitabəsinə əsasən Müqəddəs Qriqoris kilsəsi 1667-1676-cı illərdə Kiş kəndindən olan alban arxiyepiskopu Barseq Kişeçinin nəzarəti altında Alban Həvari Kilsəsinin katolikosu IV Petrosun sifarişi ilə inşa edilmişdir. Abidə üzərindəki kitabədən bəlli olur ki, kilsə Amaras monastırı qardaşlığının yay iqamətgahı kimi istifadə olunmuşdur ki, bu da onun memarlığına təsir etmiş, kilsədə dəyərli xaçdaşlar, tarixi əlyazmalar və digər dəyərli tarixi artefaktlar toplanmışdır.[1]
İlkin memarlıq xüsusiyyətlərini yaxşı qoruyaraq dövrümüzə çatmış kilsə, dörd pilonlu günbəzli bazilika formasına malikdir.[1] Günbəzin alçaq barabanı xaçvari xarici həcmdə demək olar ki, görünmür.[1]
Kilsə divarlarının hörgüsündə yaxşı yonulmuş daş blokları istifadə olunmuşdur. Tağtavanlı örtüyə malik üçnefli ibadət zalı 19.24 m uzunluq, 13.63 m en və 8 m hündürlüyə malikdir. Ölçü xüsusiyyətləri baxımından kilsə, Amaras monastırındakı Müqəddəs Qriqoris kilsəsinin xüsusiyyətlərini xatırlatsa da, uzunluq baxımından bir qədər geri qalır.[1]
Tağtavan və onu örtən iki tərəfli dam, dörd pilon və onları birləşdirən tağlar üzərində dayanır. İnteryerin ən yaxşı saxlanmış hissələri sütunlar, pəncərə və qapı çərçivələridir. Təəssüf ki, altar hissəsi haqqında bunu demək mümkün deyildir. SSRİ dövründə kilsənin anbar kimi istifadə olunması zamanı altar hissəsi dağıdılmışdır.[1]