Qırmızı təhlükə (ing. Red Scare ; rus. Красная угроза) — Amerika Birləşmiş Ştatları (ABŞ) tərəfindən ilk olaraq 1919–1920-ci illərdə siyasi fəallara və sosialistlərə qarşı başladılmış antikomunist təbliğat. İkinci dünya müharibəsindən sonrakı 1947–1957-ci illərdə də ABŞ daxilində və xaricində federal hökuməti devirmək istəyən komunistlərə qarşı silah kimi istifadə olunmuşdur.[1]
Birinci Qırmızı təhlükə, 1917-ci ildə Rusiyada gerçəkləşdirilmiş oktyabr inqilabından sonra dünya üzərində sosializm tərəfdarlarının artmasından sonra başladılmışdır. Əslində Qırmızı təhlükə termini ABŞ hökumət rəsmilərinin kommunizmə olan qorxularını ifadə etməkdə idi. 1920-ci illərdə anarxist, kommunist və digər radikal sol qrupların təxmini sayı 150.000 civarında dəyişirdi. Bu göstərici XX əsrin 20-ci illəri Amerikasının əhalisinin 1%-nə bərabər idi.[2]
ABŞ rəsmiləri ölkə daxilində kommunizmin yayılmasından qorxurdu və 1919-cu ildə başlamış fəhlə tətilləri bu narahatlığı daha da artırırdı. Boston polisi, yüz minlərlə metal və kömür mədənçisi tətillərə başladı. ABŞ baş verən əmək tətillərinin arxasında ölkədəki kommunist təşkilat və dərnəklərin dayandığını düşünürdü. 1920-ci ildə başladılan kommunistlərə qarşı insan ovu zamanı 6.000 ətrafında siyasi fəal, ABŞ-nin Qırmızı təhlükə təbliğatı əsasında həbs olunmuşdur. 1920–1930-cu illərdə ABŞ-də antikommunist təbliğatı ilə məşğul olan mədəni cərəyan formalaşmışdı.[3][4]
İkinci Qırmızı təhlükə İkinci dünya müharibəsindən sonrakı illərdə SSRİ-nin artan nüfuzuna və yenə kommunizm təhlükəsinə qarşı ABŞ-də başladılmışdı. Sovet Sosialist Respublikaları İttifaqının müharibədə qazandığı uğurlar, kommunizmin yüksəlişi, Şərqi Avropada və Çində kommunist yönümlü siyasi partiyaların hakimiyyətə gəlməsi kimi faktorlar ABŞ hökumətini ciddi narahat edirdi. İkinci Qırmızı təhlükə MakKartizm adı ilə də tanınmışdır.[5] 1940-cı illərdə Amerikada müxtəlif vəzifələrdə çalışan bəzi məmurlar kommunist şübhəsi ilə işdən çıxarılırdı.[6] ABŞ rəsmilərinin əsas ehtiyat etdiyi məqamlardan biri, ölkə daxilində fəaliyyət göstərən kommunist qrup və dərnəklərin sovetlər tərəfindən əməkdaşlığa cəlb edilməsi idi. Bu səbəbdən ölkə daxilində olan kommunistlərin fəaliyyəti uzun müddət gizli şəkildə izlənilmişdir.[7][8]