Çiştiyyə-sufi yönümlü islam təriqəti
Muinüddin Həsən Çişti (v.633/1236) tərəfindən qurulmuşdur. Muinüddin Çişti, Sicistanda anadan olmuşdur. Muinüddin, Buxara və Səmərqənd mədrəsələrində təhsil aldıqdan sonra Bəlx, Bağdad kimi şəhərlərə səyahət etdi. O şəhərlərdə dövrüntanınmış şeyxləri Əbdülqadir Gilani, Əbün-Nəcib əs-Sührəverdi və Nəcməddin Kübra ilə görüşmüşdür. Bir müddət "Kəşful-məhcub"un müəllifi Xucvirinin türbəsində inziva həyatı yaşamışdır. Əbu İshaq Şamiyə intisab etdikdən sonra onun yaşadığı Çişt kəndində məskunlaşdı. Uzun illər Çişt kəndində yaşadıqdan sonra Əcmərdə vəfat etdi (v.633/1236).
Çiştiyyə Hindistan bölgəsinin ilk və ən məşhur təriqətidir. Hindistan və Pakistan bölgəsinin İslamlaşmasında olduğu kimi, orda yaşayan müsəlmanların mənəvi həyatında mühüm bir yeri vardır. Çiştiyyə təriqəti, cəhri və xafi zikr, muraqəbə, çilə və səma kimi xüsusiyyətləri özündə cəmləşdirir. Çiştiyyənin yazılı qaynaqları söhbətlər, məktubat, təsəvvüfi əsərlər, mənaqibnamələrdən meydana gəlir.
Çiştilər, xüsusi mal və mülkün insanın Allah'dan uzaqlaşmağına səbəbiyyət meydana gətirəcəyini düşünərək, insana cazibədar gələ biləcək maddi şeylərə rəğbət etməzlərdi. Bu baxımdan irşadda üç şeyə diqqət edərlər: "Dəniz kimi comərd, Günəş kimi şirin, torpaq kimi alçaq könüllü olmaq." Çişti təkyələri qonaqpərvərlikdə və gəlib-gedənə xidmət etməkdə çox məşhur idilər.
Çiştiyyə Anadolu, Afrika və Avropa ölkələrinə yayılmadığı halda, Malayziya və İndoneziya'ya qədər yayılmışdır.