İslamınsünni qolunun dörd hüquq məktəblərindən biri də Maliki fiqh məzhəbidir. Onun qurucusu Malik ibn Ənəs (712–796) görkəmli mütəfəkkir və hüquqşünas olmuşdur. O, Mədinədə yəmənli tacir soyundan olan ailədə dünyaya gəlmişdir. Bu nəsildə Quran və hədis elmləri ilə məşğul olan insanlar çox idi. Malik uşaq ikən bu elmləri onlardan öyrənmişdir. Onun ilk müəllimlərindən biri doğma əmisi Əbu Süheyl olmuşdur. Sonra isə o, dövrün görkəmli alimi İbn Hürmüzün dərnəyində on üç il dərs almışdır.
Bir çox tanınmış şəxsiyyətlərdən öyrəndiyi biliklər sayəsində Malik ibn Ənəs peyğəmbər hədislərinin və səhabə fətvalarının mahir bilicisinə çevrilmişdir. Lakin o, təkcə hədis elmlərilə kifayətlənməmiş, fətvaların verilməsində hüquqi metodları ərsəyə gətirib sistemləşdirməyə çalışmışdır. Beləliklə İslam irsinə istinadən hüquq elmini inkişaf etdirərək keçmiş, ənənəvi və yeni metodları bir-biri ilə uyğunlaşdırmışdır.
Onun tələbələri öz müəllimləri haqqında çox yazmışlar. Lakin bu böyük şəxsiyyətin tam təsvir edildiyi ən tanınmış əsər Abdulla ibn Vəhbanın (vəfatı 819) "əl-Mucəsəlat" kitabıdır. Müəllif uzun müddət onun tələbəsi olmuş və Malik ibn Ənəsdən eşitdiyi hədisləri, onun ozünün yüksək əxlaqi keyfiyyətləri və hüquq sahəsində gördüyü işlər haqqında yazmışdır.
Malik ibn Ənəsin əsərlərinə gəldikdə, onun etiqad və hüquq problemlərinə dair bir neçə kitab yazdığı bildirilir. Lakin bu əsərlərin müəllifinin onun olması bəzi tənqidçilər tərəfindən şübhə ilə qarşılansa da, "əl-Müvətta" adlı hədislər toplusunun məhz Malik ibn Ənəsin qələmindən çıxdığı qətidir. Bu əsərdə o, ilk dəfə olaraq, həm hədisləri toplamış, həm də onların sistemləşdirilməsinə cəhd etmiş, fətvalar verilərkən işlədilən "mədinəlilərin icması" və "tabiunların rəyləri" kimi bəzi hüquqi metodlara da əl atmışdır.
Malik ibn Ənəs hüquqi mühakimə və mülahizələri aşağıdakı mənbələr əsasında verirdi:
Quran. O, hüquqi mülahizələr irəli sürərkən hər Qurani-Kərimin aydın və birmənalı ayələrinə (nasslara) istinad etmişdir.
Sünnə. Alimə görə, Məhəmməd peyğəmbərin davranışı və dedikləri, səhabələrinin verdikləri hüquqi göstərişlər (fətvalar), eləcə də "mədinəlilərin icması" Sünnədir. O hər şeydən öncə çoxlu ötürücüsü olan və hamı tərəfindən bilinən hədis və rəvayətlərə arxalanmışdır. Bu cür rəvayətlərdə şübhəyə yer qalmadığını düşünən Malik İbn Ənəs bir-iki rəvayətçi tərəfindən ötürülən xəbərləri də tamamilə inkar etməmişdir. Bəzi qaynaqlara əsasən o, əhəd (bir rəvayətçisi olan) hədislərdən daha çox bənzətmə metoduna üstünlük vermişdir. Hər hansı əhəd hədis Quranın aydın anlamı (nasslar) ilə, eləcə də mütavatir və məşhur hədislərlə ziddiyyət təşkil edərsə, ona əhəmiyyət verilməməlidir. Beləcə o, fətvalar verilərkən əqli düşüncədən irəli gələn dəlillərin də tətbiqinə nail olmuşdur.
"Mədinəlilərin icması". Malik ibn Ənəs hüquqi göstərişlər vermək üçün "mədinəlilərin icmasına" (peyğəmbərdən sonra onun irsi əsasında Mədinə əhalisi arasında formalaşmış ənənələr) böyük əhəmiyyət vermiş, hətta onu bir-iki ötürücüdən gələn əhəd hədislərdən üstün və daha güvənilir dəlil saymışdır. Bu məsələdə o, müəllimi Rəbiə ibn Əbu Əbdürrəhmanın "min nəfərin min nəfərdən aldığı xəbərlər, bir nəfərin dediyindən daha üstündür" fikrini dəstəkləmişdir.
Səhabələrin fətvaları. Malik ibn Ənəs Həzrət Peyğəmbərin (s) səhabələrinin fətvalarını hüquqi mənbə saymışdır. Məsələn, o, həccin bəzi problemləri barədə fətvalar verərkən, səhabələrin fətvalarını əhəd hədislərin hökmündən üstün tutmuşdur. Buna dəlil kimi səhabələrin o zaman bilavasitə Həzrət Peyğəmbərlə (s) olmasını və ondan həccin incəliklərini öyrənmələrini göstərmişdir. Deməli, onların icma ilə dedikləri Rəsulullahın (s) həcc etməsi barədə bir nəfərin verdiyi xəbərdən üstündür. Lakin bu mövqe başqa müsəlman hüquqşünasları arasında birmənalı qarşılanmamışdır. Malik ibn Ənəsin hüquqi problemlərin həllində bəzi görkəmli tabiunların (səhabələrdən sonrakı nəsil) fətvalarına istinad etməsi barədə də bilgilər var lakin alim onları peyğəmbər hədislərinə bərabər tutmayaraq, "mədinəlilərin icmasına" zidd olmamaq şərti ilə qəbul edirdi.
Qiyas, istislah. İctihadın bu kateqoriyaları da Malik ibn Ənəs tərəfindən qəbul edilmişdir. Amma bunu özünəməxsus tərzdə başa düşən alimin fikrincə, əgər hər hansı problem barədə vəhylə endirilmiş Quran ayələrində aydın ifadə olunmamışdırsa, onda, qiyasın tətbiq edilməsi imkanlarından asılı olmayaraq, bu durum üçün daha uyğun hökm vermək lazımdır. O bu metodu "istislah" adlandırmışdır. Məsələ burasındadır ki, bəzi hallarda qiyasla (analogiya metodu ilə) verilmiş hüquqi hökmlər şübhəli nəticələrə gətirib çıxara bilər. Buna görə də Malik ibn Ənəs daha çox istislaha üstünlük vermişdir. 6. Səddüz-Zərai. Bu icra olunduğu təqdirdə böyük bir ehtimalla günaha, yaxud hər hansı bir ziyana gətirib çıxara biləcək əməllər anlamına gəlir. Malik ibn Ənəsə görə, günaha gətirib çıxaran hər hansı bir şey günah və yasaq, amma xeyirə gətirən əməl isə təqdir olunandır
Malik ibn Ənəsin hüquqi metodları İslam dünyasında əhəmiyyətli mövqe tuturlar. Onun tələbələri bu irsi davam etdirərək, müsəlman hüququnun ən nüfuzlu məktəblərindən (məzhəblərindən) birini formalaşdırmış və onun bir çox ölkələrdə yaymışlar. İslam dünyagörüşünün prinsiplərini Aristotelin irsi ilə anlatmağa çalışmış görkəmli müsəlman filosofu İbn Rüşd də maliki hüququnun tərəfdarı olmuşdur. Amma Mədinədə və Hicazda bu məzhəb geniş yayılmamışdır. Bir zamanlar onların mövqeyi Misirdə möhkəm olmuş, lakin sonra orada şafiilik daha çox yayılmış və bu məzhəbi sıxışdırmışdır. Şimali Afrikanın digər bölgələrində isə maliki fiqhi çoxsaylı ardıcıllar toplamışdır. Hazırda Afrikanın şimalında malikilik daha çox yayılmış məzhəbdir. Keçmişdə bu məzhəb müsəlman dünyasının qərbində, xüsusilə İspaniya müsəlmanları arasında da yayılmışdır.