Zeynəb Paşa (az.-əski. زینب پاشا, fars. زینب پاشا) və ya Bibişah Zeynəb (fars. زینب پاشا), Zeynəb bacı (fars. ده باشی زینب), Onbaşı Zeynəb (fars. زینب باجی; Təbriz) — XIX əsrin axırlarında Təbrizdə aclıq zamanı taxıl anbarlarını açdırıb taxılı xalqa paylamış eləcə də Tənbəki üsyanınına rəhbərlik etmiş mübariz Azərbaycan qadını.
Zeynəb Paşa | |
---|---|
az.-əski. زینب پاشا fars. زینب پاشا | |
Doğum yeri | |
Vətəndaşlığı | İran |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | əsgər |
Tanınır | Tənbəki üsyanının rəhbəri |
Bibişah Zeynəb, Onbaşı Zeynəb ləqəbləri ilə tanınan Zeynəb paşa Təbrizin Əmi Zeynəddin məhəlləsində kəndli ailəsində anadan olub. Atası Şeyx Süleyman çox kasıb olduğundan eləcə də yaşadıqları dövr çox qarışıq olduğundan Zeynəb hələ kiçik yaşlarından çox məşəqqətlər çəkmişdir[1]. Zeynəb digər xanımlardan fərqlənərək öz üzünü niqabla örtməzdi.
Məşrutə inqilabına qədər İrandakı vəziyyət stabil olmadığına görə yayda dövlət məmurları insanlardan buğdanı ucuz qiymətə alıb anbarlarda saxlayırdılar. Sonra isə onlar həmin buğdanı qışda kasıb insanlara baha qiymətə satırdılar. Və bu İranda süni aclıq yaradırdı. Nəsrəddin şahın hakimiyyəti dövründə bu aclıq özünün pik həddinə çatdı və şəhərin kasıb insanları üçün yaşamaq çox çətin oldu. Bu sərt sosial şəraitdə Zeynəb Paşa digər qadınlarla birgə mübarizəyə başlayır.
Sadə həyat keçirən Zeynəb Paşanın Tənbəki üsyanına qədərki həyatı haqqında heç bir məlumat yoxdur. 1891-ci il martın 9-da Nasirəddin şah Qacar bütün İranda tütün almaq, satmaq və emal etmək üçün ingilislərə konsessiya verilməsi barədə müqavilə imzalayır və bunun müqabilində şirkət əldə edəcəyi qazancdan ildə İran hökumətinə cüzi bir məbləği — 15 min funt sterlinqi ödəməyi öhdəsinə götürürdü[2]. İranın bir çox mühüm şəhərlərində şirkətə məxsus idarələr təşkil edən ingilislər Hindistandan və digər müstəmləkə ölkələrindən işçi, qulluqçu adı ilə dəstə-dəstə öz təbəələrini gətirməyə başladılar ki, bu da həmin sahədə çalışan sahibkar, tacir, kəndli, sənətkar və fəhlələr arasında həyəcanın artmasına səbəb oldu, heç kəs öz tütün və tənbəkisini ingilislərə satmağa razı olmadı[3]. Buna cavab olaraq 1891-ci ilin ortalarında ingilis şirkəti İran hökumətinin razılığı ilə tütün alverinin və emalının yalnız bu şirkətə məxsus olduğunu bildirdi. Buna cavab olaraq, 1891-ci il avqustun 19-da Təbriz əhalisinin böyük əksəriyyətinin imzası ilə şaha göndərilən petisiyada tütün və tənbəki inhisarının ləğv edilməsi tələb olundu. Təbriz bazarı bağlandı, minlərlə adam silahlanaraq hərəkata qarşı baş verə biləcək hər hansı hadisəyə müqavimət göstərmək üçün hazır vəziyyətdə dayandı. Bir neçə gün sonra dövlət məmurları bazarı zor gücünə açdırdılar. Bir iki saat keçmədi ki, bir qrup qadın əlində silah, başında ləçək bazara gəlib bazarı silah gücünə bağladaraq küçələrdə yoxa çıxdılar. Onlara Zeynəb Paşa rəhbərlik edirdi. Dövlət məmurları qadınların qabağında aciz qaldılar və bazar yenidən bağlandı. Xalqın mübarizəsi qarşısında Nəsrəddin şah öz qərarından geri çəkildi. Lakin qadınlar silahlarını yerə qoymadılar.
O günlərdə varlılar qıtlıqdan istifadə ədərək ərzaq mallarını anbarlarda yığıb ehtiyat saxlardılar. Zeynəb Paşa onların yerini öyrənib, məhsulları ucuz qiymətə xalqa sataraq pulunu mal sahibinə qaytarırdı. Xalqın möhtəkirlərə qarşı çıxdığını görən hökumət Marağa qoşunlarını Təbrizə çağırdı. Silahlı mübarizədə bir kişi və beş qadın öldürüldü. Bəzi ruhanilər də qadınlara qoşularaq Rusiya konsulluğuna yığıldılar. "Çörək Çörək" şüarı Qacarlar əleyhinə siyasi şüara çevrildi.
Zeynəb Paşa xalqı mübarizəyə çağıran nitqlər edirdi. Çıxışlarının birində kişilərdən etiraz səsi eşidən bu mübariz qadın üzünü onlara tutaraq belə demişdi:
-Əgər siz kişilərin zülmkarlarla mübarizə etməyə cürətiniz yoxdursa, qorxursunuzsa, alın bu ləçəyi siz bağlayın. Biz namusumuzu, malımızı, vətənimizi özümüz qoruyarıq. Bundan sonra kişi və kişilikdən danışmayın. Biz sizin əvəzinizə də vuruşarıq. Bu sözləri Söylədikdən sonra Zeynəb Paşa ləçəyini çıxarıb kişilərə tərəf atır və hamının təəccüb dolu baxışları altında yoxa çıxır.
Zeynəb Paşanın mühüm işlərindən biri də Təbriz valisinin anbarını xalqın üzünə açması oldu. Qarışıqlıqlarda 30 nəfər öldürüldü. Vali vəliəhdin sarayına qaçdı.
Dostları Fatmanisə, Sultanbəyim, Mahşərəf, Canbəyim, Xeyransa, Mahbəyim, Şahbəyimlə bigə Nizamül-Üləmanın anbarını da açıb məhsullarını xalqə satan Zeynəb Paşa ömrünün sonuna yaxın bir karvanla Kərbəlanı ziyarət etməyə gedir. Osmanlı əsgərlərinin onların karvanının qarşısını kəsərək, karvanı ələk-vələk etməsinə dözməyən Zeynəb Paşa yenidən silaha əl atır. Əsgərlər qaçıb aradan çıxırlar. Çox təəssüf ki, Zeynəb Paşanın bu ziyarətdən sonrakı həyatı haqqında heç bir məlumat yoxdur.
O dövrdə yaşamış şair Mirzə Fərrux Zeynəb Paşa, onun yoldaşları və eləcə də mübarizələri haqqında çox sayda şeir yazıb. Şeirlərinin birində deyir[4]:
Hökm eylədi Zeynəb paşa
Cümlə ənasül-fəraşa Siz bazarı basın daşa Dəyənəyi yağlayım gəlim Patavamı bağlayım gəlim. |
2000-ci illərdə Təbriz şəhərində yerləşən Gülüstan bağında Zeynəb Paşanın büstü ucaldılıb[5][6].
Zeynəb Paşanın mübarizəsi bir çox əsərlərdə öz əksini tapıb. 2017-ci ildə rejissor Nazila Yaranzadın rəhbərliyi ilə türk dilində hazırlanmış tamaşa yanvar ayında 36-cı dəfə keçiriləcək Beynəlxalq Fəcr Teatr Festivalında göstəriləcək. "Paşa" tamaşası Şərqi Azərbaycanın seçimi olaraq festivala qatılıb[7]. Daha sonra 2018-ci ildə tamaşa Təbrizdə nümayiş etdirilib.[8][9].
2018-ci ildə Türkiyənin paytaxtı Ankarada keçirilən XII Ankara Ethos Teatr Festivalında İranı Təbriz teatrı təmsil edib. Təbrizin gənc Paşa Teatrının təqdimatında yazıçı Əkbər Şəriətin əsəri əsasında hazırlanan “Paşa” tamaşası Azərbaycan türkcəsində nümayiş olunub. Musiqisi Şahrux Pənahfərdə məxsus olan və tragikomediya janrında səhnəyə qoyulan “Paşa” tamaşasında təbrizli aktyorlar Məhəmməd Qənbəri, Mehdi Səmsari, Delaram Həbib Piran, Bəhram Həsənbabayi, Vəhid Şirzad, Əli Abbaspur çıxış ediblər[10][11].
Təbrizdə Əxtər yayınlarının nəşr etdiyi Zeynəb Paşa adlı kitabda onunla bərabər mübarizə aparan qadınlardan “Yüzbaşı Xavər”, “Nayıb Külsüm”, “Fatma Nisa”, “Atlı Şah Bəgüm”, “Sultan Bəgüm”, “Xeyrünnisa” və “Mah Bəgüm” kimi qadınlara da yer ayrılıb[7].