Tezer Daşqıran[4] (türk. Tezer Taşkıran; doğum adı: Təzəxanım;[5] 1907, Bakı – 4 may 1979, İstanbul) — Azərbaycan əsilli Türkiyə siyasətçisi, maarifçi və yazıçı. O, 1944-cü ildə Kastamonudan, 1946 və 1950-ci illərdə isə Qarsdan Türkiyə Böyük Millət Məclisinə deputat seçilib.
Tezər Taşkıran | |
---|---|
8 mart 1944 – 12 mart 1954 Kastamonu (1944)[1] Qars (1946, 1950)[2][3] | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1907 |
Doğum yeri | |
Vəfat tarixi | 4 may 1979 |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Atası | Əhməd bəy Ağaoğlu |
Vikianbarda əlaqəli mediafayllar |
Yüzlərlə məqalənin və 12 kitabın müəllifi olan[6] Tezer Daşqıran, Əhməd Ağaoğlunun qızı, Səməd Ağaoğlunun və Sürəyya Ağaoğlunun isə bacısıdır.
Tezer Daşqıran 1907-ci ildə Bakıda doğulub.[5] Əsl adı Təzəxanım (nənəsinin adı) olsa da, Türkiyəyə köçdükdən sonra Tezer olaraq rəsmiləşdirilib. Orta təhsilini İstanbulda Bezmi-i Alem liseyində (indiki İstanbul Qız Liseyi) alıb. 1924-cü ildə isə İstanbul Darülfünunun (indiki İstanbul Universiteti) fəlsəfə bölümündə ali təhsilini başa vurub.[5]
Universiteti bitirdikdən sonra Tezer Ankara qız və oğlan liseylərində fəlsəfə müəllimi kimi fəaliyyət göstərir. O, oğlan məktəbində dərs deyən ilk qadın müəllim olur. Daha sonra Ankara Qız Liseyinin və İstanbul Qız Müəllimlər Məktəbinin müdiri vəzifələrində çalışır.[7]
1931-ci ildə Tezer o dönəmin tanınmış həkimlərindən olan Nimet Daşqıranla ailə qurur və Vyanaya gedir. 1933-cü ildə Türkiyəyə qayıdır. Cütlüyün iki övladı olur. Qızları Suna arxeologiya, oğlanları Mete isə İsveçrədə siyasət üzrə təhsil alır.[7]
Türkiyədə 1934-cü ildə qadınlara parlamentə seçilmək hüququ verilir. 1941-ci ildə Tezer Daşqıran Kastamonudan millət vəkili seçilir. Bu barədə Sürəyya Ağaoğlu xatirələrində yazır: "1941-ci ildə qardaşım Səmədi Daxiliyyə vəkili Rəcəb Peker çağıraraq "Bir çox gənci millət vəkili seçmək istəyirik, səni də istəyirik, müraciət elə" deyir. O vaxtlar tək partiyalı rejim olduğu üçün seçkilər təyinatdan o tərəfə getmirdi. Seçkinin axşamı radioda Səmədin adının oxunacağını gözləyərkən Tezerin adını eşitdik. O da millət vəkili namizədliyini radiodan öyrənmişdi. İsmət İnönü Tezeri Ankara Qız Liseyinin müdiri kimi, eyni zamanda da Maarif Şurasından tanıyırdı və çıxışlarını bəyənirdi. Tezer Kastamonu deputatı oldu. Təbii ki, ailəmiz üçün Tezerin və ya Səmədin başarısı arasında fərq yox idi. Çox sevindik".[7]
1946-cı ildə Tezer Daşqıran Qarsın ilk qadın millət vəkili kimi parlamentə seçilir. 1950-ci ildə 10 kişi namizəd arasında ən çox səsi əldə edərək, Qarsdan növbəti dəfə deputat seçilir. Deyilənlərə görə, həmin dönəmdə Qarsda doğulan qız uşaqlarının əksəriyyətinə onun şərəfinə Tezer adı qoyulub.[8]
Millət vəkilliyi dönəmində Tezer Daşqıran təhsil, qadın və uşaq hüquqları ilə bağlı çıxışlar edir, bu sahədə müxtəlif işlər görür. Məsələn, 11 iyun 1951-ci ildə parlamentdəki çıxışında Daşqıran təhsilsiz vətəndaşlar üçün xüsusi təhsil proqramlarının hazırlanmasını, onlar üçün xüsusi əlifbanın yazılması və gərəkli bilgilərin olduğu kitabların kəndlərə yayılmasını, radio vasitəsilə dərslərin verilməsini təklif etmişdi. Eləcə də, dilin sadələşdirilməsinin fəal tərəfdarlarından biri olur.[8]
Tezer Daşqıran 4 may 1979-cu ildə İstanbulda vəfat edib. İstanbul ilinin Tuzla rayonunda 1987-ci ildən etibarən onun adını daşıyan məktəb fəaliyyət göstərir.[8][9]
1928-ci ildə 24 yaşlı Tezer Daşqıran "Suri ve Tatbiki Mantık" adlı liseylər üçün məntiq kitabı yazır. Cümhuriyyətin ilk illərində dərslik kitablarının az olması Tezeri bildiyi fransız dilindən tərcümələr edərək, belə bir kitabı hazırlamağa məcbur etmişdi. Tezer kitabın bir nüsxəsini də baxması üçün, içərisinə "türk qadınlarının xilaskarı Atatürkə" yazaraq Mustafa Kamala göndərir. Atatürk bir toyda Tezeri görərkən ətrafındakı izdihama baxmayaraq ona yaxınlaşır, kitaba görə təbrik edir və ətrafındakılara dönərək deyir: "Görürsünüzmü, bu kiçik qız liseylər üçün məntiq kitabı yazıb, türk qızlarının bu sahədə yetişmələrinə sevinmək lazımdır". Daha sonra Atatürk kitabda olan ağır terminlərin yeni, sadə sözlərlə ifadə edilməsinin gərəkliliyini bildirir. Bu kitaba görə Tezer təhsil nazirliyi tərəfindən mükafatlandırılır.[8]
Tezer Daşqıran "Stüart Mill" (filosofun həyat və yaradıcılığı haqqında), "Suçlu çocuklarımız" (qardaşı Səməd Ağaoğlu ilə birlikdə uşaq islah evində aparılan araşdırma), "Türk əxlaqının ilkələri", "Qadın hüquqları", "Vətəndaşın əl kitabı" və digər kitabların da müəllifidir.[8]
Tezer Daşqıran Türkiyədə qadın hüquqlarını müdafiə edən və bu mövzuda əsərlər yazan şəxs kimi xatırlanır. Bu fəaliyyətinə görə, o, bacısı Sürəyya ilə birlikdə Amerikada təşkil olunan Qadınlar Birliyi Konqresinə dəvət alır, lakin texniki problemlər səbəbindən orada iştirak edə bilmir. Sürəyya Ağaoğlu isə tədbirə qatılır.[8]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |