Vislava Şimborska

Vislava Şimborska (pol. Maria Wisława Anna Szymborska; 2 iyul 1923[1][2][…], Kurnik[d], Böyük Polşa voyevodluğu[d][4]1 fevral 2012[3][1][…], Krakov[5]) — Polşa şairəsi, tərcüməçi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1996).

Vislava Şimborska
pol. Wisława Szymborska
Doğum adı Maria Wisława Anna Szymborska
Doğum tarixi 2 iyul 1923(1923-07-02)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 1 fevral 2012(2012-02-01)[3][1][…] (88 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər xərçəngi
Təhsili
Fəaliyyəti şair, yazıçı, tərcüməçi, esseist, mexanik[d], ədəbiyyat tənqidçisi, tənqidçi
Əsərlərinin dili polyak dili
Üzvlüyü
Mükafatları Golden Medal for Merit to Culture Gold Cross of Merit‎ Knight of the Order of Polonia Restituta Knight of the Order of the White Eagle
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vislava Şimborska XX yüzillikdə ədəbiyyat sahəsində Nobel mükafatı alan beşinci polyak müəllifidir. O, Poznan yaxınlığındakı kiçik Kurnik şəhərində doğulmuşdu. Səkkiz yaşı olanda ailələri Krakova köçmüşdü. Xanım Şimborska artıq səksən ilə yaxındır ki, özünün sakit və mütəvazi həyatını Polşanın qədim paytaxtında yaşayır. İkinci Dünya müharibəsi illərində o, Krakovdakı gizli polyak məktəbini bitirmişdi. Müharibə dövründə dəmir yolunda fəhlə kimi çalışmış, bununla da Almaniyada məcburi əməkdən xilas olmuşdu. Krakovdakı Yagellon universitetində polonistika və sosiologiyanı öyrənmişdir. Lakin imkansızlıq ucbatından bu sahələrin heç birində təhsilini tamamlaya bilməmişdi.

Bir qədər rəmzi xarakter daşıyan "Söz axtarıram" adlı ilk şeri 1945-ci ildə çap olunmuşdu. İlk kitabını 1949-cu ildə hazırlasa da, senzura tələbləri üzündən nəşr etdirə bilməmişdi. Kommunist senzurası onun şeirlərinin sosializm düşərgəsinin üzvü olan Polşanın yeni rəsmi ideologiyası ilə səsləşmədiyini əsas gətirərək nəşrinə imkan verməmişdi. Sistemə qarşı mübarizənin səmərəsizliyini görən Şimborska çox güman ki, bundan sonra daha loyal mövqe tutmuş, hətta Lenin və Stalini tərənnüm edən, yeni sosialist həyatının uğurlarından söz açan əsərlər yazmışdı. İnam, şübhə və tərəddüdün yer aldığı belə şeirlər müəllifin "Nə üçün yaşayırıq" (1952) və "Özümə suallar" (1954) kitablarında toplanmışdı.

Bu tipli əsərlərinə görə polyak şairəsinin yaradıcılığının ilk dövründə sosialist realizmi üslubuna daha çox üstünlük verdiyi iddia olunur. 40–50-ci illərdə Vislava Şimborskanın poetik üslubu sadəliyi və realizmi ilə seçilirdi. Əsas mövzusu müharibə illərinin ağırlıqları, vətən, ordu və s. əlaqədar idi. Şimborska daha çox İkinci Dünya müharibəsindən sonra yaranan reallıqların, meydana çıxan həqiqətlərin şairi sayılırdı. Şeirlərinin birində özü də obrazlı şəkildə buna işarə edərək yazmışdı: "Bizim ən böyük hərbi qənimətimiz dünyanı dərk etməyimizdir".

Polşadakı fəhlə çaxnaşmaları 1956-cı ildə Vladislav Qomulkanın hakimiyyətə gəlməsi və polyak cəmiyyətində müəyyən islahatların başlanması ilə səciyyəvi oldu. Bəzən "Polşanın ilıq dövrü" adlanan bu illər ədəbiyyata, eləcə də Şimborskanın yaradıcılığına da təsirsiz qalmadı. Onun şeirlərində artıq yeni notlar üzə çıxmışdı. Əvvəl maraq göstərdiyi ənənəvi mövzular şair üçün öz dəyərini itirmişdi. 1957-ci ildə çap olunan "Yetiyə çağırış" kitabı bir qayda olaraq Şimborska poeziyasında yeni mərhələnin başlanğıcı kimi qəbul edilir. Şairə 1966-cı ilə qədər Polşa kommunist partiyasının sıralarında qalsa da, artıq onun əks cəbhəyə keçdiyi əsərlərindən və əlaqələrindən aydın görünürdü.

Məlum olduğu kimi "yeti" Himalaydakı əsatiri qar adamlarına verilən addır. Şimborska bu rəmzlə şimal qonşusunu — Polşanı öz nüfuz dairəsində saxlayan SSRİ-ni nəzərdə tuturdu və cəmiyyəti "qar adamlarından" xilas olmağa çağırırdı. Bu dövrdə Şimborskanın şeilərinin üslub və forması da dəyişmişdi. O da qərbli həmkarları kimi daha çox verlibrlə yazırdı. Lakin heç zaman sadəcə forma ardınca qaçmır, ifrat mücərrədçiliyə yol vermirdi. Hər bir şeirin konkret, aydın məzmununun, hədəfə çatan ideya və obrazlarının olmasına çalışırdı.

50-ci illərin sonlarında şairə əvvəlki güzəştli mövqeyindən uzaqlaşmışdı. Keçmiş Çexoslovakiyada və sosialist düşərgəsinin digər ölkələrində dissidentlərin təqib olunmasına ilk etiraz edənlərdən biri Şimborska idi. Onun şeirləri Polşada və bütün Şərqi Avropa blokunda kommunist dünyagörüşünə ciddi təhlükə olan "Solidarnost" hərəkatının fəaliyyətinə də təsirsiz qalmamışdı.

Vislava Şimborska az yazan şairlərdəndir — indiyə qədər o, təxminən 250 şer çap etdirmişdir. Bu şerlər müəllifin "Sili" (1963), "Yüz əyləncə" (1967), "Hər təsadüf" (1972), "Böyük miqdar" (1976), "Körpüdə dayanan adamlar" (1986), "Son və başlanğıc" (1993), "An" (2002) və b. kitablarında toplanmışdır. Şerlərinin bir çoxu yüksək emosionallığı ilə seçilən qısa fəlsəfi traktat təsiri bağışlayır. Dramatizm, ironiya və qrotesk ünsürləri poeziyasının ayrılmaz atributlarıdır.

Veslava Şimborska Polşadan kənarda çox tanınmasa da, vətənində sevilən şairədir. Onun pərəstişkarları arasında həyatının son illərini Krakovda keçirən digər polyak Nobel laureatı — məşhur şair Çeslav Miloş da vardı. Tanınmış bəstəkar Zbiqnev Preysner Şimborskanın bir sıra şeirlərinə musiqi bəstələmişdir.

Onun əsərləri 36 dilə, o cümlədən də azərbaycancaya tərcümə olunmuş, dünyanın 18 ölkəsində nəşr edilmişdir. Rus və fransız dillərini mükəmməl bilən şairə özü də bu dillərdən polyakcaya çoxsaylı tərcümələrin müəllifidir.

Ötən əsrin 90-cı illəri yaşı artıq yetmişdən keçən Vislava Şimborska üçün düşərli olmuşdu. O, Göte (1991), Herder (1995) mükafatlarına, habelə Polşa PEN-klubunun mükafatına (1996) layiq görülmüşdü. 1996-cı ildə isə şairə "insan mövcudluğu timsalında tarixi və bioloji hadisələri son dərəcə dəqiqliklə təsvir edən poeziyasına görə" Nobel mükafatı qazanmışdır. Şimborskanın Stokholmda, polyak dilində oxuduğu Nobel mühazirəsi "Şair və dünya" adlanırdı.

Yaradıcılığını indi də davam etdirən polyak şairəsinin 1996–2005-ci illər arasında "Yüz şer — yüz fərəh", "Böyük uşaqlar üçün qafiyələr", "Sütun" adlı şeir kitabları nəşr olunmuşdur.

  • Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]