Nadin Qordimer

Nadin Qordimer (ing. Nadine Gordimer; 20 noyabr 1923[1][2][…]13 iyul 2014[3][1][…], Yohannesburq[6]) — Cənubi Afrikalı yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1991).

Nadin Qordimer
ing. Nadine Gordimer
Doğum tarixi 20 noyabr 1923(1923-11-20)[1][2][…]
Vəfat tarixi 13 iyul 2014(2014-07-13)[3][1][…] (90 yaşında)
Vəfat yeri
Uşağı
Təhsili
  • Vitvatersrand Universiteti[d][5]
Fəaliyyəti şair, yazıçı, roman yazıçısı, dramaturq, hekayə yazıçısı[d], scientific editor[d], nasir, kinorejissor
Fəaliyyət illəri 1939-cu ildən
Əsərlərinin dili ingilis dili
Janrlar roman, povest, hekayə
Üzvlüyü
Mükafatları "İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi "Fəxri Legion" ordeninin zabit dərəcəsi ədəbiyyat üzrə Nobel mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cənubi Afrika yazıçısı Nadin Qordimer Yohannesburq yaxınlığındakı kiçik şaxtaçı qəsəbəsində, saatsaz ailəsində doğulmuşdu. Valideynlərinin hər ikisi yəhudi əsilli idi. Atası indiki Litva ərazisindən, anası isə Londondan Cənubi Afrikaya gəlmişdilər. İlk təhsilini katolik məktəbində və evdə, özəl müəllimlərdən almışdı. Bir müddət Yohannesburq universitetində oxusa da, ali təhsil kursunu başa çatdırmamışdı. Nadin Qordimer yazmağa erkən başlamışdı. 16 yaşında artıq "Sabah gələrsən" adlı ilk hekayəsi mətbuatda dərc edilmişdi.

Nadin Qordimerin siyasi baxışlarının formalaşmasında Cənubi Afrika reallıqları mühüm rol oynamışdı. Öz etirafına görə, "dərisinin ağlığını əvvəllər üstünlük əlaməti sayan" yazıçı tezliklə aparteid əleyhinə mübarizənin fəallarından birinə çevrilmişdi. O, Afrika Milli Konqresinin üzvləri sırasında yer almış və qurumun keçirdiyi tədbirlərdə fəal iştirak etmişdi. CAR-ın gələcək prezidenti Nelson Mandelanın həbsinə ilk etiraz edənlərdən biri də Nadin Qordimer idi. Qordimerin ictimai fəaliyyətinin başqa bir sahəsi senzura əleyhinə inadlı mübarizə sayıla bilər. Yazıçı qadının özü də dəfələrlə aparteid rejiminin sərt senzura siyasətinin qurbanı olmuşdu. Onun bir sıra əsərlərinin nəşri və yayılması vətənində qadağan edilmişdi. Nəhayət, Nadin Qordimer son illər "qara qitə"nin ən böyük fəlakətinə çevrilmiş QİÇS əleyhinə mübarizənin təşkilatçılarından biridir.

Yazıçının "Üz-üzə" adlı ilk hekayələr kitabı 1949-cu ildə çap olunmuşdu. Diqqətini cəlb edən mövzuları, üzərində düşündüyü problemləri işıqlandırmaq baxımından hekayənin imkanlarını yüksək qiymətləndirsə də, Qordimer yaradıcılığında epik janra xüsusi önəm vermişdi. İndiyə qədər müəllif əsasən Cənubi Afrika cəmiyyətinin köklü problemlərini və irqlərarası münasibətləri əks etdirən 15-ə yaxın roman qələmə almışdır.

"Yalan günlər" romanında (1949) Nadin Qordimer özünün keçdiyi ictimai-siyasi təkamül yolunu gənc qadın qəhrəmanı Helenin simasında əks etdirmişdi. İngilis jurnalisti Tobi Hoddun gözü ilə 50-ci illərin ortalarındakı Yohannesburq cəmiyyətinin mənzərəsini yaradan "Yadların torpağı" (1958), ətrafdakı insanların qəddarlıq və ədalətsizliyindən öz daxili dünyasında sığınacaq tapmaq istəyən qəhrəmanın özünütəcridindən bəhs edən "Təsadüfi məhəbbət" (1963) romanlarına məhz kəskin ictimai mündəricəsinə görə uzun illər yasaq qoyulmuşdu. Nadin Qordimerin "İtirilmiş burjua dünyası" (1966) və "Bürger qızı" (1978) romanlarının da aqibəti eyni olmuşdu. Müəllif ağır senzura şərtlərinə görə bu əsərləri Cənubi Afrikada çap etdirə bilməmişdi.

Təbii ki, bütün bu haqsızlıqlar Qordimerin şəxsi həyatında və yaradıcılığında müəyyən bədbinlik və çıxılmazlıq əhvali-ruhiyyəsi yaratmışdı. Müəllifin "Fəxri qonaq" (1970), "Mühafiz" (1974) romanlarında pessimizm və cəmiyyətdən təcrid meyli daha güclü nəzərə çarpırdı. Sonuncu romanına görə Nadin Qordimer 1974-cü ildə ingilis yazıçısı Stenli Middltonla birlikdə Buker mükafatını bölüşmüşdü. Ümumiyyətlə, 60-cı illərdən etibarən Afrika qitəsinin hüdudlarını aşaraq Avropa və Amerikada da tanınmağa başlayan Qordimer bir sıra ölkələrin və beynəlxalq qurumların çeşidli ödüllərini almışdı.

"Yulinin xalqı" (1981) romanı Qordimerə dünya şöhrəti qazandırmışdı. O, irqi düşmənçiliyin hökm sürdüyü, yalnız ağların deyil, artıq qaraların da "insan ovuna" çıxdıqları Yohannesburqdan qaçaraq keçmiş qara xidmətçilərinə sığınan ağ dərili memar Smaylzın və onun arvadının yaşantılarını psixoloji dərinlik və dəqiqliklə əks etdirməyə müvəffəq olmuşdu. İrqi ayrı-seçkilik məsələsində Nadin Qordimer "qızıl orta"nı tapmağa, ədalətli mövqe sərgiləməyə xüsusi səy göstərmişdi. Başqa sözlə desək, o, ənənəvi şəkildə düşünüldüyü kimi yalnız ağların deyil, qaraların da vəhşiliyini və qaniçənliyini olduğu kimi göstərmişdi. Nadin Qordimer bir neçə dəfə Nobel mükafatı nominantı olmuşdu. 1991-ci ildə İsveç Akademiyası "möhtəşəm epik əsərləri ilə Nobelin vəsiyyətinə müvafiq şəkildə insanlığa böyük fayda gətirdiyinə görə" Cənubi Afrika yazıçısının namizədliyi üzərində dayanmışdı. Yazıçının fikrincə, əslində, onun bütün yaradıcılığı sadəcə rasizm mövzusunun, cəmiyyətdəki yadlaşma, mənəviyyatsızlaşma, nifaq və dözümsüzlük mövzusunun əks olunduğu çoxcildli bir kitabdan ibarətdir.

Nobel laureatı olduqdan sonra Nadin Qordimer "Ev tüfəngi" (1998), "Yır-yığış" (2002) və "Həyatı qazanmaq" (2005) romanlarını yazmış, habelə hekayə məcmuələri nəşr etdirmişdi. İlk iki romanda yazıçı yenidən dini və irqi ayrı-seçkilik məsələsinə qayıtmışdı. "Yır-yığış" romanında Yohannesburq sakini olan ağ qadınla ərəb mühaciri Əbdinin sevgisi və bu sevginin doğurduğu problemlər əks olunmuşdur. Cənubi Afrika rəsmiləri Əbdinin əmək vizasının müddətini uzatmadıqlarından qadın ərinin vətəninə qayıtmalı olur və burada uyğunlaşa bilmədiyi, mənəviyyat və psixikasını əzən mühit içərisinə düşür.

Son illərdə yazıçının bir neçə yeni hekayə və esselər kitabı çap olunmuşdur. "Əsrimiz haqqında qeydlər" (1999) adlı publisist toplusunda Qordimer çağdaş dövr insanını maraqlandıran bir sıra mühüm problemləri diqqət mərkəzinə gətirmişdir. Onun əsərləri dünya xalqlarının 25 dilinə çevrilmişdir. Nadin Qordimer çoxsaylı universitetlərin fəxri doktoru, Amerika İncəsənət və Elm Akademiyasının fəxri üzvüdür. Fransa hökuməti yazıçı qadını zəngin yaradıcılığına və humanist ictimai fəaliyyətinə görə Fəxri Legion ordeni ilə təltif etmişdir.

  • Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]