İsaak Başevis-Zinger

İsaak (İtsxok, Ayzek) Başevis-Zinger (idiş יצחק באַשעװיס‎ — İtsxok Başevis (hərfi tərcüməsi "Şevanın qızı" — yazıçının anasının adı), əsl soyadı Zinger, ing. Isaac Bashevis Singer; 14 iyul 1904[1][2][…], Leonçin[d], Mazovets voyevodluğu[4]24 iyul 1991[3][2][…], Mayami, Florida[5]) — yəhudi əsilli ABŞ yazıçısı, korrektor, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1978).

İsaak Başevis-Zinger
idiş יצחק זינגער
Təxəllüsü Bashevis, Warszawski, D. Segal
Doğum tarixi 14 iyul 1904(1904-07-14)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 24 iyul 1991(1991-07-24)[3][2][…] (87 yaşında)
Vəfat yeri
Vəfat səbəbi insult
Fəaliyyəti tərcüməçi, romançı, esperantoçu, avtobioqraf[d], jurnalist, uşaq ədəbiyyatı yazıçısı, yazıçı, ssenarist, nasir
Fəaliyyət illəri 1927-ci ildən
Əsərlərinin dili İdiş dili, ingilis dili
Üzvlüyü
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Polşa yəhudisi İsaak Başevis-Zinger əsərlərini idişdə yazsa da, çox güman ki, həyatının böyük bir hissəsini ABŞ-də yaşadığına görə ədəbi aləmdə daha çox amerikan yazıçısı kimi tanınır. Onun uşaqlıq illəri Varşavanın yəhudi məhəlləsində keçmişdi. Atası ravvin olduğundan oğlunun təlim-tərbiyəsinin ortodoks yəhudi prinsipləri əsasında aparılmasına xüsusi diqqət yetirmişdi. Kiçik Zinger bir tərəfdən yəhudi qanunlarını, iudey və aramey mətnlərini əzbərləməli olmuş, o biri tərəfdən isə elmi kitablar və rus klassiklərinin əsərlərini oxumuşdu. Kənddə keçirdiyi yay ayları isə gələcək yazıçının soydaşlarının həyat və məişəti ilə yaxından tanış olmasına, özünün dediyi kimi, "yəhudi tarixinin içərisində" yaşamasına imkan yaratmışdı.

Atasının ravvin kimi görmək istədiyi İsaak Zinger bir müddət Varşavadakı yəhudi ruhani seminariyasında təhsil almışdı. Lakin sonra fikrini dəyişmiş və "Ədəbi vərəqlər" adlı yəhudi jurnalında çalışmağa başlamışdı. İlk hekayələri bu jurnalda çap edilmişdi. O, özünə Başevis (rusca Başevis – yəni anasının adı ilə Baştebanın oğlu) təxəllüsünü götürmüşdü. Kiçik hekayələr yazmaqla yanaşı İsaak Başevis alman dilindən idişə bədii tərcümələrlə də məşğul olurdu.

Yazıçı kimi daha tez tanınan böyük qardaşı İzrail Coşua Zingerin Nyu-Yorka, "Jewish Daily Forward" qəzetinə dəvət olunması İsaakın da həyatına təsirsiz ötüşməmişdi. Doğrudur, o daha bir müddət Varşavada yaşamış, "Qlobus" adlı yəhudi ədəbi dərgisinin redaktor müavini işləmişdi. Jurnal variantı 1934-cü ildə çıxan "Şeytan Qorayda" romanı da onun Polşa dövrü yaradıcılığının məhsuludur. Əsərdə XVII əsrdəki xasidi yəhudilərinin yaşamı öz əksini tapmışdı.

30-cu illər İsaak Başevisin həyatının çətin dövrü idi. Yazıçının əqidəcə kommunist olan ilk arvadı oğlunu da götürərək SSRİ-yə mühacirət etmişdi. Avropada antisemitizmin güclənməsi yəhudilərə yaxşı heç nə vəd etmirdi. Belə şəraitdə böyük qardaşının dəvətini qəbul edən İsaak Başevis 1935-ci ildə ABŞ-yə, Nyu-Yorka köçmüşdü. Lakin yeni vətənində təxminən on il əsl yaradıcılıq böhranı keçirmiş, ortaya hər hansı yeni əsər qoya bilməmişdi. Buna bir tərəfdən yoxsulluq və meqapolis həyatına öyrənməməsi, o biri tərəfdən isə yeganə ümid yeri saydığı qardaşı Coşuanın (1893–1944) vaxtsız vəfatı səbəb olmuşdu. Yeri gəlmişkən, İsaak və Coşuanın bacısı Ester Kreytman (1891–1954) da idişdə yazıb-yaradan yazıçı kimi Belçika yəhudilərinin ədəbiyyat tarixinə daxil olmuşdu.

Çətinliklərə baxmayaraq Zinger 1943-cü ildə ABŞ vətəndaşlığı almış, iki il sonra isə böhran dövrünü arxada qoyaraq yenidən yazmağa başlamışdı. Onun Polşa yəhudilərinin alman işğalı nəticəsində məruz qaldırqları mənəvi sarsıntılardan bəhs edən iki cildlik "Moskatlar ailəsi" romanı yalnız 1950-ci ildə işıq üzü görmüşdü. "Malikanə" adlandırdığı digər iki cildlik romanında (1967–1969) isə İsaak Zinger yəhudilərin patriarxal həyatdan ayrılaraq böyük sənaye şəhərlərində yerləşmələrini geniş sosial və məişət lövhələri fonunda əks etdirməyə çalışmışdı.

Yəhudi əsilli digər Nobel mükafatı laureatı Sol Bellou Zingerin əsərlərinin tərcüməçisini öz üzərinə götürəndən sonra yazıçının yaradıcılığına maraq artmış, romanları nüfuzlu amerikan nəşrlərində özünə yer tapmağa başlamışdı. Məhsuldar yazıçı kimi tanınan Zinger 50–60-cı illərdə çoxsaylı hekayələr, bir neçə roman, dörd cildlik avtobioqrafiya və uşaqlar üçün ondan çox kitab nəşr etdirmişdi. Onun orta əsrlər Polşa yəhudilərinin həyatından bəhs edən "Kölə" romanı (1962) Amerikada bestsellerə çevrilmişdi. Məhəbbət mövzusundakı "Şoşa" romanı (1978) isə yazıçının şöhrətini daha da artırmışdı. 1964-cü ildə İsaak Başevis Amerikanın qeyri-ingilis dilli yazıçıları arasında ilk olaraq Milli Ədəbiyyat və İncəsənət institutunun fəxri üzvü seçilmişdi. Beş il sonra isə yazıçı uşaq ədəbiyyatı üzrə milli kitab mükafatını qazanmışdı.

İsaak Zinger "mənşəyi baxımından polyak-yəhudi mədəni ənənələrinə gedib çıxan və insanlar üçün əbədi problemləri diqqət mərkəzinə çəkən emosional təhkiyə ustalığına görə" 1978-ci ildə Nobel mükafatına layiq görüldü. İsveç Akademiyasının üzvü Lare Yyulensten təqdimat nitqində onu "tayı-bərabəri olmayan hekayəçi, mahir üslub ustası və söz sehrkarı" adlandırmışdı. Zingerin namizədliyi nəzərdən keçirilərkən onun orta əsr yəhudi həyatından bəhs edən və öz orijinallığı ilə seçilən əsərlərinə daha çox önəm verilmişdi.

Laureat Nobel mühazirəsində layiq görüldüyü mükafatı özünə və yaradıcılığına deyil, mühacirətin, torpaqsızlığın, sərhədsizliyin dili olan, özündə hərbi söz və terminləri ehtiva etməyən müasir yəhudi dilinə — idişə verildiyini bildirmişdi. O, yazıb-yaratdığı dili qorxudulmuş, lakin gələcəyə ümid və inamını heç zaman itirməyən insanın dili kimi dəyərləndirmişdi.

Üslubuna və yaradıcılığının mifoloji köklərinə görə bir sıra amerikan tənqidçiləri İsaak Zingeri Frans Kafka və Xorxe Luis Borxeslə müqayisə edirlər. Nobel laureatı olandan bir neçə il sonra verdiyi müsahibələrin birində yazıçı demişdi: "Uşaq vaxtı müxtəlif uydurma əhvalatlar danışanda mənə yalançı deyirdilər. İndi isə məni yazıçı adlandırırlar. Əlbəttə, bu irəliyə doğru mühüm addımdır. Lakin arada heç bir fərq yoxdur".

İsaak Başevis-Zinger şəxsiyyətində və yaradıcılığında yəhudi, polyak və amerikan mədəniyyətlərinin əsas özəlliklərini məharətlə sintez edən bir sənətkar kimi XX əsrin ədəbi fikrində özünəməxsus yer tutur.

Yazıçı 24 iyul 1991-ci ildə ABŞ-nin Florida ştatının Mayami şəhərində vəfat etmişdir.

Nəşr olunmuş əsərləri

[redaktə | mənbəni redaktə et]

Qeyd: Nəşrolunma vaxtı əsərlərin yəhudi dilində orijinalının yazılıdığı tarixə deyil, ingilis dilində tərcümələrin nəşri tarixinə istinad edir. Bu tərcümələr 10–20 il ərzində edilib.

  • Satan in Goray (Qoraydakı şeytan) (1935)
  • The Family Moskat (Muskat ailəsi) (1950)
  • The Magician of Lublin (Lublin cədugarı) (1960)
  • The Slave (Kölə) (1962)
  • The Manor (Mülk) (1967)
  • The Estate (Mülk) (1969)
  • Enemies, a Love Story (Düşmənlər, sevgi hekayəsi) (1972)
  • The Wicked City (Zalım şəhər) (1972)
  • Shosha (1978)
  • Old Love (Köhnə sevgi) (1979)
  • Reaches of Heaven: A Story of the Baal Shem Tov (Cənnətə gedib çatanlar: Bal Şem Tovun hekayəsi) (1980)
  • The Penitent (Tövbəkar) (1983)
  • Teibele and Her Demon (Teibel və onun iblisi) (1983) (dram)
  • The King of the Fields (Tarlalar hökmdarı) (1988)
  • Scum (Çirkab) (1991)
  • The Certificate (Şahadətnamə) (1992)
  • Meshugah (1994)
  • Shadows on the Hudson (Hudson kölgələri) (1997)

Kiçik hekayə topluları

[redaktə | mənbəni redaktə et]
  • Gimpel the Fool and Other Stories (1957)
  • The Spinoza of Market Street (Bazar küçəsinin Spinozası) (1963)
  • Short Friday and Other Stories (Qısa cümə və digər hekayələr) (1963)
  • The Image and Other Stories (Surət və digər hekayələr) (1968)
  • The Séance and Other Stories (Seans və digər hekayələr) (1968)
  • A Friend of Kafka and Other Stories (Kafkanın dostu və digər hekayələr) (1970)
  • The Fools of Chelm and Their History (Çelm təlxəkləri və digər hekayələr) (1973)
  • A Crown of Feathers and Other Stories (Lələklər tacı və digər hekayələ) (1974)
  • Passions and Other Stories (Ehtiraslar və digər hekayələr) (1975)
  • Old Love (Köhnə sevgi) (1979)
  • The Collected Stories (Toplanmış hekayələr) (1982)
  • The Death of Methuselah and Other Stories (Mezuselahın ölümü və digər hekayələr) (1988)
  • Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]