Xəmsə əlyazması М-207 — Nizami Gəncəvinin "Xəmsə"sindən dörd poemanı ehtiva edən 1636-cı ilə[1] aid əlyazma. Hazırda AMEA Əlyazmalar İnstitutunda saxlanılır.
Xəmsə əlyazması | |
---|---|
Tip | Xəmsə |
Tarix | 1636 |
Dil(lər) | farsca |
Yazan(lar) | Nizami Gəncəvi |
Tərtib edən | Dust Məhəmməd ibn Darvin ət-Daraqçı |
Material | kağız və mürəkkəb |
Ölçü | 17 × 23 sm |
Format | kitab |
Vəziyyət | əla |
Əlifba | ərəb əlifbası |
İçindəkilər | 408 səhifə |
Əvvəl saxlanılıb | AMEA Əlyazmalar İnstitutu, Bakı, Azərbaycan |
Əlyazmasında poemalar aşağıdakı ardıcıllıqla düzülmüşdür: "Sirlər xəzinəsi" (1b−38b), "Yeddi gözəl" (39b−129a), "Xosrov və Şirin" (129b−242a), "İsgəndərnamə" (242b−408a). Əlyazması yüksək keyfiyyətdə icra edilmişdir.[2]
Əlyazması, qızıl suyu, lazur, belillər və qırmızı boyalarla icra edilmiş yüksək bədii keyfiyyətli çiçək ornamentli frontispislə başlayır. Hər bir poemanın başlanğıcında həmin boyalarla çəkilmiş çox incə və yüksək zövqlü ünvan səhifələri vardır.[2]
Əlyazmaya daxil olan on bir incə miniatür İran miniatür məktəblərinə aid olmaqla, XVII əsr miniatür sənətini öyrənmək üçün əhəmiyyət kəsb edir.[1] Əlyazmanın mətnləri dəqiq[1] kalliqrafik nəstəliq ilə dörd sütun şəklində nazik noxudu şərq kağızı üzərində yazılmış və mavi, qara və qızılı xəttlərlə çərçivələnmişdir.[2] Səhifələrin sahələrində nadir hallarda qlosslara rast gəlinir.
Əlyazması moruq rəngli dəri ilə üzlənmişdir. Əlyazmanın tarixi 408-ci səhifədə hicri 1046-cı il (1636/1637) kimi qeyd edilmiş, sonradan isə 746-cı ilə dəyişdirilmişdir. Əlyazmanın xəttatı Dust Məhəmməd ibn Darvin ət-Daraqçıdır. Əlyazmasında 408 səhifə vardır, ölçüləri isə 17 × 23 sm-dir.[2][1]
Əlyazmasının unikallığı ondan ibarətdir ki, xəttat onun hazırlanmasımndan sonra daha qədim olan başqa bir nüsxə tapmış və müqayisələr edərək düzəlişlər həyata keçirmişdir. Əlyazması həm də bədii tərtibi və paleoqrafik xüsusiyyətləri ilə diqqət çəkir. Hər bir poemanın başlığıqızıl suyu və parlaq boyalarla çəkilmiş incə ornamentlərlə bəzədilmişdir.[1]