Nizami Gəncəvinin divanı (fars. دیوان نظام گنجوی) — Nizami Gəncəvinin lirik əsərlərinin toplandığı divan. Mənbələrdə Nizami divanının 20.000 beytə yaxın olduğu göstərilsə də, onun çox kiçik bir hissəsi dövrümüzə çatmışdır. Bütün yaradıcılığı boyunca Nizami epik əsərlərində Divanını xatırlatmış, lirik şeirləri və qəzəlləri ilə fəxr etmişdir. Şair qəzəllərindən birinin sonunda, Şirvanşah I Axsitanı öz divanının sahibi adlandırır.
Nizami Gəncəvinin divanı | |
---|---|
fars. دیوان نظام گنجوی | |
Müəllif | Nizami Gəncəvi |
Orijinalın dili | fars dili |
Sonrakı | Sirlər xəzinəsi |
Dünya aləmində daha çox "Nizami Gəncəvi" adı ilə tanınan, amma əsl adı İlyas olan bu böyük şairin lirik irsindən əldə olan nümunələr klassik Şərq şeirinin ancaq üç şəklini – qəsidə, qəzəl və rübai şəkillərini əhatə edir. Bu nümunələr şairin zəngin lirik irsinin çox az bir hissəsini təşkil etsə də, onlar sənətkarın lirik yaradıcılığının ümumi ideya istiqaməti, bədii xüsusiyyətləri haqqında danışmağa, müəyyən elmi nəticələrə gəlməyə imkan vermişdir. Bu əsərlər göstərir ki, insan, onun həyatı, taleyi, arzu və istəkləri Nizami Gəncəvi lirikasının əsas mövzusu olmuşdur.
Nizami Gəncəvinin divanının öyrənilməsi daha gec başlanılsa da, şairin divanı haqqında hələ təzkirə müəllifləri müəyyən fikirlər söyləmişlər. Divanın bəzi hissələri müxtəlif orta əsr cünk və təzkirələrində yaşamışdır. Nizami divanının əldə edilmiş hissələri göstərir ki, o, özündən əvvəl yazıb-yaratmış Rudəki, Nasir Xosrov Qubadyani, Sənai, Ənvəri, Qətran Təbrizi və Xəqani kimi şairlərin mütərəqqi ənənələrini davam və inkişaf etdirmiş, poeziyanı həyata, insanın arzu və əməllərinə yaxınlaşdırmışdır.
Nizaminin lirik irsindən əldə olan nümunələr klassik şərq şeirinin ancaq üç şəklini – qəsidə, qəzəl və rübai şəkillərini əhatə edir.[1] Bu nümunələr şairin zəngin lirik irsinin çox az bir hissəsini təşkil etsə də, onlar sənətkarın lirik yaradıcılığının ümumi ideya istiqaməti, bədii xüsusiyyətləri haqqında danışmağa, müəyyən elmi nəticələrə gəlməyə imkan vermişdir. Bu əsərlər göstərir ki, insan, onun həyatı, taleyi, arzu və istəkləri Nizami lirikasının əsas mövzusu olmuşdur. Sənətkar “Xəmsə”də olduğu kimi lirik şeirlərində də öz dövrünün mütərəqqi ideyalarına tərəfdar olduğunu göstərmiş, ədaləti, insanpərvərliyi, təmiz məhəbbəti, dostluğu, əməksevərliyi, doğruçuluğu və sair bu kimi müsbət sifətləri tərənnüm etmişdir.[1]
Əgər “Xəmsə”də Nizami öz dövrünün və mühitinin geniş mənzərələrini verirsə, lirik əsərlərində həmin dövrün və mühitin şairin qəlbində oyatdığı hissləri, fikirləri, duyğu və düşüncələri əks etdirmişdir. Əgər poemalarında Nizami gah folklordan, gah da tarixi xronikalardan istifadə edərək feodal cəmiyyətinin ziddiyyərini, dəhşətli epik lövhələrini yaradırsa, lirik əsərlərində həmin ziddiyyət və dəhşətlərdən doğan şikayət, narazılıq, çağırış və nidaları əks etdirmiş, xeyirin qalib gələcəyinə öz dərin inamını bildirmişdir.[2]
X. Yusifli hesab edir ki, “Nizaminin lirik əsərləri öz ideya dərinliyi, forma gözəlliyi, bədii təsir gücü etibarilə, şairin epik əsərlərindən heç də geriyə qalmır.”[2]
Nizami qəsidələrinin çox az bir hissəsi dövrümüzə çatmışdır.[3] Müxtəlif mənbələrdə Nizami adına yazılan qəsidələrdən yalnız altısını tədqiqatçılar əminliklə Nizaminin özünə aid edirlər.[3]
Bu gün həyat budağından deyin, görüm nə bəhər?
Nə kölgə var ağacımda, nə turş bir meyvə,
Tökübdü meyvəsini yelləriylə hadisələr.
Bu əyri qədli fələklər qazır məzar mənə,
Bəyazı saçlarımın eylər əcəl haqda xəbər.
Həmişə nafə verər müşki-tər amma nə əcəb.
Doğuldu nafə mənim müşki-tərimdən bu səfər.
Ağızda düz iki sap inci, gövhərim vardı,
Zəmanə zülmü dağıtdı, töküldü o gövhər.
Dağıtdı mücrüdəki gövhərimi ulduz tək
Gələndə qəm şərqindən yeni ulduzlu səhər.
Yetişdi ömr sona, istəyirəm bayquş tək
Fənaya doğru bu virandan edim mən də səfər.
Əyildi qədd, başım torpağa mail oldu,
Mənəm ismət bağının tingi ki, xoş meyvə verər.
Əyildim eyləməyim üstümü qan ilə ləkə,
"Qocalıq" qəsidəsindən bir hissə
(Azərbaycan dilinə çevirəni X. R. Ulutürk)
Onlardan üçü “Məcməül-füsəha”dan, dördüncüsü Saib səfinəsindən, beşincisi Xalxali bayazından götürülmüşdür.Bu qəsidələrdəki Nizamiyə məxsus yüksək şeiriyyət və müxtəlif bioqrafik cizgilər göstərir ki, onların Nizamiyə aid olduğuna heç bir şübhə ola bilməz.[4] Altıncı qəsidə 1328-ci ildə tərtib olunmuş bir cünkdə Nizami Gəncəvinin adına yazılır. Həmin cünkdə Nizamidən 59 qəzəl və iki qəsidə verilmişdir. Bu cünkdə verilmiş başqa şeirlərin Nizamiyə məxsusluğu şübhə doğurmadığı kimi, tədqiqatçılar, həmin qəsidənin də onun olduğuna şübhə etmirlər.[4]
Lakin, bu altı qəsidədən başqa müxtəlif mənbələrdə Nizami adına bir sıra şübhəli qəsidələr də yazılır. Hazırda 11 belə qəsidə məlumdur.[4] Bunlardan səkkizi “Nizami divanı” adlı məcmuədəndir ki, onları da ilk dəfə 1939-cu ildə V. Dəstgirdi “Gəncineyi-Gəncəvi”də Səfəvi dövrü nizamilərinin əsərləri kimi çap etdirmişdir. [5]
Əsl Nizami qəsidələri ilə bu qəsidələr arasında həm ideya məzmunu, həm də şeiriyyət cəhətdən çoxlu fərqlər vardır.[4]Bu siyahıua S. Nəfisi daha iki qəsidə əlavə etmişdir ki, onların da hər ikisi Nizam Astrabadiyə məxsusdur.[6] S. Nəfisi özü də həmin qəsidələrin Nizami Gəncəviyə aid olması fikrini düzgün qəbul etmir.[7] Bunlardan biri vaxtilə N. Y. Marr tərəfindən çap olunmuş[8] sonra isə Y. E. Bertels tərəfindən əsl Nizami şeiri kimi nəşr edilmişdir.[9] Lakin, uzun araşdırmalardan sonra tədqiqatçılar, mənbələrdə saxlanılmış və Nizami Gəncəvinin adına yazılan qəsidələrdən yalnız altısının həqiqətən də şairə aid olduğu qərarına gəlmişlər.[10]
Nizami qəsidələrindən əldə olan nümunələr göstərir ki, şair, öz sələfləri və müasirlərinin bu formadakı əsərlərinə yaxşı bələd olmuş, onların yaradıcılığındakı mütərəqqi və humanist meylləri davam və inkişaf etdirmişdir.[10] Nizami qəsidələrində ictimai-fəlsəfi düşüncələr əsas yer tutur.[10] “Xəmsə”də olduğu kimi, şairin qəsidələrində də o dövrün mütərəqqi adamlarını düşündürən bir sıra ictimai məsələlərə toxunulmuşdur. Bu şeirlər o dövrün lirik əks-sədası olub, Nizaminin 30 yaşlarından başlayaraq ömrünün axırına qədər hansı arzu və ideyalarla yaşadığını göstərir.[10]
Nizaminin dövrümüzə çatmış lirik əsərləri içərisində qəzəl şəklində yazılmış şairlər daha çoxdur.[11] Şair, həm poemalarında, həm məşhur fəxriyyəsində, həm də qəzəllərinin özlərində tez-tez qəzəllərini xatırladır, onların məclislərin bəzəyi, dillərin əzbəri olmasını, qulaqlarda ərqənun sədası kimi səslənməsini iftixarla qeyd edir.[11] Bunları nəzərə alan tədqiqatçılar, qeyd edirlər ki, şairin yaradıcılığında başqa lirik şəkillərə nisbətən qəzələ daha çox yer verilmişdir.[11]
Nizami qəzəllərinin böyük bir hissəsinin sonunda müəllifin imzası vardır.[12] Bəzilərinin sonunda isə müəllif təxəllüsü ilə yanaşı, həm də bəzi hökmdarların adları çəkilir.[13] Hökmdarların adları çəkilən həmin beytlər öz xüsusiyyətləri ilə qəsidələrin gürizgahlarını xatırladır.[13] Bu cür sonluqlarla bitən qəzəllər ehtimal ki, şair tərəfindən ayrıca əsər kimi yazılmamış, mədhiyyə-qəsidələrin “giriş” hissəsini əvəz etmişdir.[13] Lakin, buna baxmayaraq həmin qəzəllər şairin başqa şeirlərindən nə məzmun, nə də formaca fərqlənmir. Nizaminin dövrümüzə çatmış yüzdən çox qəzəlindən cəmi doqquzu bu cürdür. X. Yusiflinin fikrincə, həmin qəzəlləri Nizami divanından köçürən katiblər onların mədh hissəsini ataraq, ancaq qəzəl hissəsini saxlamışlar.[13]
Nizaminin lirik əsərləri içərisində hazırda qəzəllər sırasına daxil edilən bir sıra ictimai-didaktiki şeirlər də vardır.[13] X. Yusifli qeyd edir ki, “Şairin divanı əldə olmadığından bu şeirlərin qəzəl olub-olmadığını müəyyənləşdirmək çətindir. Ola bilsin ki, həmin şeirlər ayrı-ayrı qəsidələrdən götürülmüş parçalardır.”[13] “Təzkirətüş-şüəra”da da həmin şeirlərdən biri qəsidə kimi qeyd olunmuşdur.[14] Şeir özü də həm dil, ifadə, həm də məzmun cəhətdən şairin qəsidələrinə daha yaxındır. [13] Bunları nəzərə alan Y. E. Bertels də həmin şeiri qəsidə kimi çap etdirmişdir.[15]
X. Yusifli Nizami lirikasının toplanması və nəşri sahəsində apardığı işlər, klassik farsdilli şeirin bir sıra mənbələri üzərində apardığı tədqiqatlara əsaslanaraq Nizami qəzəllərinin əsas mənbələri olaraq aşağıdakı qaynaqları[16] qeyd edir:
Bütün bu mənbələrdə birlikdə 120 qəzəl dövrümüzə çatmışdır ki, onların da 3-4-ü istisna olmaqla, qalanlarının Nizamiyə aid olmasına şübhə yoxdur.[22]
Nizami qəzəllərinin əsas mövzusu məhəbbətin tərənnümüdür.[23] Ölməz eşq dastanlarında məhəbbətə geniş yer verən, “eşqi göylərin yeganə mehrabı, yer üzərində həyatın əsas amili” kimi göstərən Nizami, qəzəllərində də bu ənənəni davam etdirərək aşiqanə şeirin gözəl nümunələrini yaratmışdır.[23] Şair qəzəllərində məşuqəni “dünyanın qibləsi”, “göyləri belə səcdəyə gətirən” bir qüvvə kimi tərənnüm edir, “eşqdən kənar dünyada nə varsa, hamısını boş xəyal və əfsanə” sayır.[23] Şairin lirik əsərlərində eşq, insanın həyatına rövnəq verən, insanı gözəlləşdirən, onu əməyə, fəaliyyətə səsləyən, möcüzələr göstərməyə qadir edən böyük bir qüvvə kimi qiymətləndirilir.[23]
Şairin divanından dövrümüzə çatmış hissələri detallı tədqiq edən X. Yusiflinin fikrincə, Nizamiyə məxsus olduğu şübhə doğurmayan bütün qəzəllərdə başdan-başa real insan sevgisi, insan əlaqəsi və münasibətləri tərənnüm olunur.[24] Bu şeirlərin əsas təravəti ondadır ki, onlar həqiqətən yaşanılmış hiss və duyğuların ifadəsidir.[25]
Nizami lirikasının ilk naşiri V. Dəstgirdi müxtəlif mənbələrdən topladığı 46 rübaidən yalnız 9-nun Nizami Gəncəviyə aid olduğunu bildirmiş, qalanlarının müəllifini isə Səfəvilər dövrü nizamiləri olduğunu yazmışdır. Müəllif Həmin doqquz rübaidən beşini Saib səfinəsindən, üçünü “Həft-iqlim”, birini isə “Məcməül-füsəha” təzkirəsində qeyd olunmuş rübailərin içərisindən seçmişdi.[26] Sonralar bir sıra İran və Sovet alimləri V. Dəstgirdinin bölgüsü ilə hesablaşmayaraq onun Nizamidən hesab etmədiyi rübailərdən də bəzilərini Nizami əsəri kimi çap etdirdilər.[27] Buna misal olaraq Nizami lirikasının 1947-ci il Moskva və Bakı nəşrlərini göstərmək olar.[27] Bakı nəşrində V. Dəstgirdinin bölgüsü təshih edilərək Nizami adına 12 rübai yazılmışdır. Bu on iki rübainin içərisində İran aliminin Nizami adına yazdığı 9 rübaidən ancaq beşi vardır. Qalan 7 rübai isə “Həft iqlim” təzkirəsindən və V. Dəstgirdinin molla nizamilərin hesab etdiyi şeirlər içərisindən seçilmişdir.[28]
Nizami lirikasının görkəmli SSRİ şərqşünası Y. E. Bertels tərəfindən hazırlanmış nəşrində də 12 rübai qeyd olunmuşdur. Burada da “Həft iqlim” əsas götürülmüşdür. Ancaq, buradakı rübailərdən yalnız səkkizi Bakı nəşri ilə müştərəkdir.[27][29] Nizaminin rübailəri öz ideya-bədii xüsusiyyətlərinə görə şirin başqa şəkillərdə yazdığı əsərlərlə tam bir vəhdət təşkil edir.[30] Burada da birinci növbədə Nizami şeirinə xas ideya dərinliyi, forma rəngarəngliyi, şuxluq və səmimilik diqqəti cəlb edir.[30]
Dövlətşah Səmərqəndinin yazdığına görə Nizami Gəncəvi 20.000 beyt həcmində bir divan tərtib etmişdir.[31] Nizaminin lirik şerləri “Xəmsə”si qədər şöhrət qazanmamış[32], onun qədər geniş yayılmamış və onun kimi bütöv şəkildə dövrümüzə çatmamışdır.[32] Lakin, şairin lirikasından dövrümüzə çatmış nümunələr göstərir ki, bu sahədə də Nizami dövrünün ən qüdrətli şairlərindən biri olmuş, yaradıcılığının əvvəlindən axırına qədər çoxlu miqdarda lirik şeirlər yazıb-yaratmışdır.[32] Əslində Nizami yaradıcılığına lirika ilə başlamış, lirik əsərləri ilə tanındıqdan sonra yaradıcılıq meydanını genişləndirmişdir. Nizami, poemaları ilə yanaşı bütün yaradıcılığı dövründə lirik şeirlər yazmaqda davam etmiş, hətta öz yaradıcılığına farsdilli lirik poeziyanın ən gözəl nümunələrindən olan məşhur “Qocalıq” şeri ilə yekun vurmuşdur.[32]
Nizami, lirik şeir sahəsindəki bu fəaliyyətinə “Xəmsə”də dəfələrlə işarə etmişdir.[32] Məsələn, şair, “Sirlər xəzinəsi”ndə həmin əsərdən əvvəlki ədəbi fəaliyyətinə işarə edərək yazır:
Nizami şeiri şəkər saçan olmuşdur, Qəzəl oxuyan ahuların əzbəri olmuşdur. |
X. Yusifli qeyd edir ki, burada şairin, yenicə yazmağa başladığı “Sirlər xəzinəsi”ni nəzərdə tutmasını düşünmək olmaz, əksinə, şairin artıq o vaxt dillər əzbəri olan qəzəllərini xatırladığını ehtimal etmək həqiqətə daha yaxın görünür.[33] Yenə həmin əsərdə Nizaminin qoca şairlərin onun hünərini, yeni ruhlu şeirlərini inkar etməsindən danışması da bu əsər yazılan vaxtdan əvvəlki hadisələrə, daha doğrusu, şairin “Sirlər xəzinəsi”ndən əvvəlki ədəbi fəaliyyətinə işarədir.[33] Nizaminin bu əsərdə bədii yaradıcılıq məsəllərindən geniş söhbət açması, saray şeirini tənqid edib saray şairlərinin aqibətini xatırlatması və sair göstərir ki, Nizami, “Sirlər xəzinəsi”nə qədər uzun bir yaradıcılıq yolu keçmiş və özünün yeni ruhlu, yeni məzmunlu lirik şeirləri ilə geniş şöhrət qazanmışdır. Maraqlıdır ki, Nizami bu dövrdə yaratdığı lirik şeirlərini xatırlatmaqdan əlavə onların qısa səciyyəsini, ümumi ideya istiqamətini də müəyyənləşdirərək yazır:
Şeir mənimlə somiələrdə qırar tutdu, Şairlik əyləncə məclislərindən azad oldu. Zahid və rahib mənə tərəf çapdılar, Hər ikisi mənim üstümə xirqə atdılar.[34] |
Bu sətirlərdə şair, birbaşa “Sirlər xəiznəsi”ndən əvvəl yazdığı lirik şeirlərə işarə edir və onların öz ideya məzmunuu etibari ilə saray mədhiyyə ədəbiyyatına tamamilə zidd olduğunu göstərir. Məhz bu sətirlərdən aydın olur ki, Nizaminin hələ ilk gənclik dövründə yazdığı şeirləri ədəbiyyatı dar saray mühiti çərçivəsindən çıxarmış, geniş kütlələrin malı etmişdir. Nizaminin bu şeirləri öz dərin məzmunu, yüksək sənətkarlıq xüsusiyyətləri sayəsində o qədər geniş yayılmışdır ki, zahid və rahibləri belə hərəkətə gətirmişdir. Bununla belə, Nizami özünü şer gülüstanında hələ qönçə halında olan bir qızılgülə bənzədir, dərin bir inam və qürur hissi ilə daha yüksək əsərlər yaratmağa qadir olduğunu bildirir:
Mən hələ qönçə misal bir qızıl güləm, Şimal küləyinin intizarını çəkirəm. Əgər təzə sözlər göstərsəm, Qiyamət surunun səsi eşidilər.[34] |
“Xosrov və Şirin” poemasında isə Nizami iftixar hissi ilə qəzəllərinin Eldənizlər sarayında xanəndələr tərəfindən oxunduğunu yazır. Qızıl Arslan tərəfindən görüşə dəvət olunan şair, şahın düşərgəsinə yaxınlaşarkən məclisdə xanəndələrin onun qəzəllərini oxuduğunu eşidir:
Gözəllər Nizami qəzəllərini Cəngin iniltili səsi altında oxuyurdular.[35] |
Yenə həmin əsərdə şair onun Qızıl Arslanın tərifinə həsr etdiyi mədhiyyənin ravvin tərəfindən oxunduğunu da xatırladır:
Ravvin daxil oldu və dürr kimi bir səna oxudu ki, O məclis xəzinəylə doldu.[35] |
“Leyli və Məcnun” poemasında şair öz lirikası haqqında daha ətraflı məlumat verir. O, qeyd edir ki, məhz “Divan”ını qarşısına qoyub sevincli bir əhvali-ruhiyyədə olduğu vaxt Şirvanşah I Axsitandan “Leyli və Məcnun” əfsanəsi mövzusunda bir dastan yaratmaq haqqında sifariş alır:
Bir gün xoşbəxtlik və şadlıqla Keyqubad kimi sevinirdim. Hilal qaşlarım açıq idi, Nizami divanımı qarşıma qoymuşdum. |
Nizaminin bu beytləri alimlər tərəfindən müxtəlif cür şərh edilir. Məsələn, V. Baxer həmin beytlərə əsaslanaraq qeyd edir ki, Nizami divanı “Leyli və Məcnun” əsərini yazmaq sifarişi alınan vaxt redaktə olunub qurtarmışdı.[36]
Professor H. Araslıya görə şairin həmin vaxt bir divan qədər lirik şeirləri var imiş.[37] Y. E. Bertels isə V. Baxerə etiraz edərək yazır ki, burada divanın məhz “Leyli və Məcnun” mövzusunda əsər yazmaq sifarişi alınan vaxtda qurtarıb-qurtarmamasına dair heç bir işarə yoxdur. “O, daha əvvəllər də tamamlana bilərdi. Mən bu sözləri daha çox belə başa düşürəm ki, şair sadəcə olaraq öz gənclik şeirlərini vərəqləyirmiş. Nəhayət, əgər divan sözünü ancaq lirik şeirlər məcmuəsi deyil, daha geniş mənada başa düşsək, ehtimal etmək olardı ki, şairin qarşısında sadəcə olaraq ağ vərəqlər var idi. Şair onu yeni şeirlərlə doldurmaq istəyirmiş.”[38]
X. Yusifli də Y. E. Bertelsin etiraz etməkdə haqqlı olduğunu düşünür. O, yazır ki, “Doğrudan da, göstərilən misralarda məhz həmin vaxt Nizami divanının tamamlanmasına heç bir işarə yoxdur. Lakin, həmin dövrdə Nizaminin bir divan həcmində lirik şeirləri olması tamamilə mümkündür.”[39] Nizaminin otuz yaşlarında ikən yazdığı bir qəsidəsindən aydın olur ki, hələ o dövrdə böyük sənətkar qüdrətli şair kimi bütün şərqdə məşhur olmuşdur. “Sirlər xəzinəsi”ndən əvvəl yazdığı fəxriyyəsində şair artıq özünü “ərğnun sədası verən qəzəlləri”ndən iftixar hissi ilə danışır, “Xosrov və Şirin” də isə qəzəllərinin Eldənizlər sarayında xanəndələr tərəfindən oxunduğunu xatırladır.[39] Bütün bu faktlar göstərir ki, “Leyli və Məcnun”un yazıldığı dövrdə Nizami, bir divana yetəcək qədər lirik şeirlər yazmış ola bilərdi. Çox ehtimal ki, həmin lirik şeirlər “Leyli və Məcnun” mövzusunda dastan yaratmaq sifarişi alınan vaxt, ya da ondan bir qədər əvvəl bir divan halında toplanılmış imiş.[40]
Şair qəzəllərindən birinin sonunda Nizami, Şirvanşah I Axsitanı öz divanının sahibi adlandırır. Qəsidənin girişini xatırladan həmin qəzəlin sonunda Nizami gözələ müraciət edərək yazır:
İrəli get, Nizami, sənin söhbətinlə ömrü başa vursun, Padşahların tacı, mənim divanımın sahibi Əxsitan.[41] |
Bu beytdən belə anlaşılır ki, şair lirik şeirlər divanını da I Axsitana bağışlamışdır.[40] X. Yusifli ehtimal edir ki, Nizami divanını, “Leyli və Məcnun”un tamamlanmasından sonra Axsitana göndərmişdir.[40] Lakin, məlumdur ki, Nizami, sonralar da lirik şeirlər yazmışdır. Nizami, “Leyli və Məcnun” əsərinin başqa bir yerində ayrı-ayrı şəkillər sahəsindəki fəaliyyəti haqqında yazır:
Əgər qəzəl yazmaqla məşğul olsam, O, cığallığı irəli çəkir. Əgər mən mətin qəsidələr yazsam, O, süst boyunbağılar açır. Şahinim “qissə” yazmaq meydanında pərvaz edəndə, Nə “qissə” edim, o, qissə başa düşür. [42][Qeyd 1] |
Burada Nizami öz lirik şeirlərini poemaları ilə yanaşı qoyur, onları bir-birindən ayırmır, həm qəzəl, həm qəsidə, həm də “qissə” şəkillərindən öz fikir və duyğularını ifadə etmək üçün eyni dərəcədə istifadə etdiyini bildirir və bununla da, onun lirik şeirlərini “Xəmsə”dən zəif hesab edən, yaxud “Xəmsə”yə əlavə edən hər cür fikirləri özü rədd edir. Sonrakı poemalarında şair, lirik əsərlərindən bəhs etmir.[43]
Nizami divanının öyrənilməsi daha gec başlanılsa da, şairin divanı haqqında hələ təzkirə müəllifləri müəyyən fikirlər söyləmişlər.[44] İlk təzkirə müəlliflərindən olan Məhəmməd Övfi “Lababül-əlbab”da Nizaminin lirik şeirləri haqqında qısa olaraq bəhs edərək yazır ki, “Məsnəvilərdən əlavə ondan az şeir də nəql edirlər, bu şeirləri Nişapurda böyük bir adamdan eşitdim.”[45] Bu məlumata əsaslanan X. Yusifli qeyd edir ki, “şairin lirik şeirləri öz dövründən başlayaraq geniş yayılmış və dillər əzbəri olmuşdur.”[44] Nizaminin lirik şeirlər divanı haqqında ilk qiymətli məlumatı Zəkəriyya Qəzvini verir.[44] O, özünün “Asarül-bilad fi əxbarül-ibad” adlı coğrafi əsərində Gəncədən danışarkən Nizamini xatırlayaraq yazır: “Əbu Məhəmməd Nizami yenilikçi, alim, arif bir şair idi, yaxşı bir divanı vardır, şerlərinin çoxu ilahiyyat, nəsihət, fəlsəfə, sufilərin rəmz və eyhamlarından ibarətdir. “Xosrov və Şirin”, “Leyli və Məcnun” dastanları, “Sirlər xəzinəsi” və “Yeddi gözəl” onun əsərləridir."[46] Zəkəriyya Qəzvini bu qeydi ilə, Nizaminin vəfatından təxminən 50-60 il sonra, yəni XIII əsrin ortalarında Nizaminin lirik şeirlərinin bir divan şəklində mövcud olduğunu təsdiq edir.[47] Həmçinin Z. Qəzvinin məlumatından məlum olur ki, Nizaminin divanında nət, minacat, tövhid tipli şeirlər də var imiş.[48]
Z. Qəzvinidən sonra sonra Nizami divanından Dövlətşah Səmərqəndi bəhs etmişdir. Dövlətşahın “Təzkirətüş-şüəra”da verdiyi məlumat Z. Qəzvininin Nizami divanı haqqında fikrini tamamlayır. Dövlətşah yazır: “Xəmsədən əlavə Şeyxin divanı iyirmi min beytə yaxındır. Ürəkaçan qəzəlləri, müvəşşəhləri və sənətkarlıqla yazılmış çoxlu şeirləri vardır.”[49]
Bundan sonra yazan təzkirəçilər ya M. Övfinin, ya da D. Səmərqəndinin sözlərini təkrarlayır və ya şairin divanını görmədiklərini bildirirlər.[48] Hətta Dövlətşahla eyni zamanda yaşayan məşhur tacik şairi Əbdürrəhman Cami özünün “Baharıstan” əsərində M. Övfinin sözlərini təkrarlaaraq yazır ki, “Xəmsədən əlavə ondan az şeir nəql edirlər”.[50]
Azər Beqdeli “Atəşgədə” əsərində yazır ki, “Deyirlər, Nizaminin “Xəmsə”dən əlavə iyirmi min beytdən ibarət qəzəl, qəsidə, qitə və rübailəri var imiş ki, hal-hazırda əldə deyildir.”[51] “Məcməül-füsəha” müəllifi isə yazır: “Deyirlər, Şeyxin “Xəmsə”dən əlavə neçə min beyt şeiri vardır; amma mən görməmişəm.” [52]
Zınqırovlar zınqıldadı, budur, yola düşür karvan. Sən bu qədim düşərgədən can mülkünə yönəl, ey can! |
misraları ilə başlayan məşhur qəsidəsində Nizami yazır:
Otuz yaşlı, ey Nizami, vaxtdır, çəkil bir guşəyə, Mən verdim öz öyüdümü, necə qansan, eləcə qan.[53] |
X. Yusifli yazır ki, əgər Nizaminin 1141-ci ildə anadan olduğunu qəbul etsək, o zaman, bu qəsidənin 1171-ci ildən sonra, lakin, “Sirlər xəzinəsi”ndən xeyli əvvəl yazıldığı vaxt yaşının qırxa çatmaq üzrə olduğunu bildirir. Y. E. Bertels bu əsərin 1172-1173-cü illərdə yazıldığını ehtimal edir.[54] Bu şeirdən aydın olur ki, həmin dövrdə nadir istedada malik gənc şairi layiqincə qiymətləndirmir, onun hünər və bacarığını inkar edirmişlər. Şair tanınmaq, şöhrət qazanmaq üçün İraqa getmək arzusunda olduğunu bildirir. O, özünü Gəncədə daş içində qalmış gümüşə, kanından çıxmamış lələ bənzədir və özünə müraciət edir ki, artıq yaşın otuzu keçib, bu guşənişinlikdən əl çək, Gəncədən hənara çıx! “Gümüş daşdan çıxmayınca rövnəqi artmaz, ləl kanından çıxmayınca qiyməti olmaz.”[55] Bu qəsidə şair, İraqla yanaşı Kəbəyə getmək arzusunda olduğunu da bildirir.[56]
Nizaminin bu qəsidəsindəki Gəncədən kənara çıxmaq, İraqa, Kəbəyə getmək barədə arzu və fikirləri “Sirlər xəzinəsi” əsərinin sonundakı fikir və arzuları ilə səsləşir. Orada da şair öz hünər və istedadına layiqli qiymət almaq üçün İraqa can atır. Nizaminin digər bir qəsidəsinin Nüsrətəddin Əbu Bəkr ibn-Məhəmməd Bişkinin mədhinə həsr olunması göstərir ki, həmin şeiri şair, 1191-ci ildən sonra, yəni Nüsrətəddinin hakimiyyət başına gəlməsindən sonra yazılmışdır.[56] Həmin qəsidədəki
Bundan əvvəl də şahın ayağına çox dürlər səpmişəm, Sonra həmin tərəzidə nə daş görmüşəm, nə qızıl.[57] |
Beytinə əsaslanaraq demək olar ki, şair bu mədhiyyəni Nüsrətəddinin hakimiyyət başına keçəsindən xeyli sonra yazmışdır. Həmin qəsidənin giriş hissəsində şair hələ də Kəbəni görmək arzusu ilə yaşadığını bildirir. Demək, Nizami, 70-ci illərdən 30 yaşlarında olduğu vaxtdan bəslədiyi bu arzuya 90-cı illərdə, 50-55 yaşlarında da çatmamışdır. E. Bertels güman edir ki, bu arzusuna şair, sonralar da nail ola bilməmişdir.[58] Lakin, XII əsrin 90-cı illərində yazılmış belə bir qəsidənin gəlib bizə çatması göstərir ki, şair bu dövrlərdə də ardıcıl olaraq lirik şeirlər ya yazırmış.[56]
Yenə, 1191-ci ildə, Xaqaninin vəfatı münasibətilə yazılmış bir mərsiyədən bəzi mənbələrdə bir beyt saxlanılmışdır ki, onun da müəllifi Nizami hesab olunur. Beyt, öz sənətkarlığı, xüsusilə bir neçə səs və söz təkrirlərinə görə Nizami qəsidələrini xatırladır[56]:
Ürəyimdə deyirdim ki, Xaqani mənə mərsiyə yazan olacaq. Əfsus ki, axırda mən Xaqaniyə mərsiyə deyən oldum.[59] |
Bir çox nizamişünaslar bu beytin Nizami tərəfindən yazıldığ fikrini rədd edirlər. Məsələn, V. Dəstgirdi bu beytin Nizamiyə aid olduğunu rədd edərək yazır ki, “Bu beytin Nizaminin olmadığı şübhəsizdir, çünki, Nizami Xaqanidən təqribən 40 yaş kiçikdir, bu sözü elə bir adam yazar ki, ya Xaqani ilə yaşıd olsun, ya da ondan böyük.”[60]
Y. E. Bertelsə görə də, həmin beyt Nizamiyə məxsus ola bilməz: “Xaqani təxminən 35 yaş Nizamidən böyük idi, ona görə də Nizaminin Xaqaninin özündən çox yaşayacağını güman etməsi çox təəccüblüdür."[61] Nizami, məşhur “Qocalıq” qəsidəsində, onun yazılma tarixinə aid konkret bir işarə olmasa da, oradakı bir çox işarələr göstərir ki, bu şeir şairin axırıncı əsəri və ya axırıncı əsərlərindən biridir.[62] Bu şeirin hər beyti, hər misrası, hər sözü ömrünün sona çatdığını hiss edən və görən, yaşamaqdan doymayan, yaratdığı əsərlərə həm iftixar, həm də kədərlə son dəfə nəzər salan böyül bir insanın axırıncı şairanə duyğu və düşüncələri olduğunu deməkdədir:
Gün sona çatdı, istəyirəm bayquş kimi Bu xərabədən bəqa sarayına uçum... Zəif gözlərimdən dostların məhəbbətindən Üzümə yaş tökürəm ki, səfər üstəyəm... Əcəl mənə qonaq gəlmişdir, nə çarə edim Ki, həyatdan başqa heç bir şeyi qəbul etmir.[63] |
Nizami yaradıcılığa başladığı ilk günlərdən ta ömrünün axırına qədər təxminən 30-40 il lirik şeir sahəsində fəaliyyət göstərmişdir. Buna görə də, X. Yusifli hesab edir ki, Dövlətşah Səmərqəndinin Nizami divanının həcmi haqqında məlumatlarını mübaliğə, şişirtmə hesab etmək doğru deyildir. Tədqiqatçı, Nizami şeirlərinin həcm etibarilə 20.000 beyt və ya da çox olacağını düşünür.[64]
Nizami “Xəmsə”sindəki ayrı-ayrı işarələr, şairin lirik əsərlərindən əldə olan və yazılma tarixlərini təxmini də olsa müəyyənləşdirmək mümkün olan şeirlər göstərir ki, şair həm epik, həm də lirik şeir sahəsində həmişə paralel sürətdə çalışmışdır.[64] O, “Xəmsə”dən əvvəl, poemaları arasında keçən fasilələrdə, poemalarla eyni vaxtda, hətta “Xəmsə”dən sonra da çoxlu miqdarda lirik şeirlər yazmışdır.[64] Nizami lirikasından Cəlaləddin Rumi, Əvhədi, Hafiz, Cami, Saib, Şəhriyar kimi sənətkarlar öyrənmiş, onun humanist lirikasından ilham almış, ona cavablar yazmışlar.[64]
Məşhurluğuna baxmayaraq, Nizaminin divanı tam şəkildə dövrümüzə çatmamışdır. Buna baxmayaraq divanın bəzi hissələri müxtəlif orta əsr cünk və təzkirələrində yaşamışdır. Nizami divanının əldə edilmiş hissələri göstərir ki, o, özündən əvvəl yazıb-yaratmış Rudəki, Nasir Xosrov Qubadyani, Sənai, Ənvəri, Qətran Təbrizi və Xaqani kimi şairlərin mütərəqqi ənənələrini davam və inkişaf etdirmiş, poeziyanı həyata, insanın arzu və əməllərinə yaxınlaşdırmışdır.[65]
Nizamidən bəhs edən ilk Avropa alimləri onun lirikası haqqında məlumatı bilavasitə Dövlətşahın təzkirəsindən götürmüşlər. [48] XIX əsrin əvvəllərində yazıb-yaratmış alimlərdən[66], H. Purqştal[67], F. Şarmua[68], F. Erdmann[69] və başqaları buna misal ola bilər. Bu müəlliflərə qədər A. Krımskinin yazdığı kimi, “Avropada Nizaminin ancaq quru adı məlum idi”[70] 1854-cü ildə yazılmış bir kataloqda ilk dəfə Nizami divanının təsviri verilir.[71] Bir neçə il sonra U. Perç[72] və H. Ete[73] həmin divanın təsvirini verir. Təsvirlərdən məlum olur ki, həmin əlyazmaların Oksfordda iki (618, 619), Berlində isə bir (691) nüsxəsi vardır. Bütün bu əlyazmalar A. Şprengerin təsvir etdiyi kimi
Kim ağıl vasitəsiylə Allaha üz tutur, Allahın lütfü həmişə onun günahlarından keçir. |
mətləli qəsidə ilə başlayır. Hər iki müəllif bəhs etdikləri məcmuənin A. Şprenger tərəfindən təsvir olunmuş əlyazmasının başqa nüsxələri olduğunu göstərirlər.[74] X. Yusifli qeyd edir ki, həmin əlyazmalar göstərir ki, Nizaminin divanı tamamilə itib batmamış, onun lirik əsərlərini bir hissəsi naməlum müəllif tərəfindən toplanmış və bir məcmuə halına salınmışdır. Dövrümüzə həmin məcmuənin müxtəlif dünya kitabxanalarında ona yaxın nüsxəsi çatmışdır.[74]
1871-ci ildə macar alimi V. Baxer ilk dəfə olaraq “Leyli və Məcnun”da şairin öz lirikası haqqında fikirlərinə və Z. Qəzvininin Nizami divanı barəsindəki mülahizələrinə diqqəti cəlb etdi.[75] Bu faktlara əsaslanaraq alim göstərir ki, Nizami Gəncəvinin eyni zamanda lirik şeirlər divanı olmuşdur, lakin, yəqin o divan çoxdan itib-batmış və onun lirik şeirləri gəlib bizə çatmamışdır.[76] Baxerin ardınca ingilis şərqşünası E. Braun ümumiyyətlə Nizaminin divanı olmasını şübhə altına alaraq 1906-cı ildə nəşr edilmiş “İran ədəbiyyatı tarixi” əsərinin ikinci cildində bu haqqda yazırdı: “Əgər doğrudan da, Nizaminin divanı olmuşdursa, o, çoxdan itib batmış və unudulmuşdur.”[77]
1922-ci ildə holland şərqşünası M. T. Houtsma “Nizami divanı haqqında bəzi qeydlər” adlı bir məqalə dərc etdirdi.[78] Məqalədə Perç və Ete tərəfindən təsvir olunmuş “Nizami divanı” adlı məcmuədən bəhs edilirdi. M. Houtsma hər şeydən əvvəl E. Braunun “bəlkə də Nizaminin həqiqətdə divanı olmamışdır” hökmünü təkzib edir və göstərir ki, əvvələn Nizaminin divanı olmuşdur, ikincisi, bu divanın naqis də olsa üç nüsxəsi Avropa kitabxanalarında saxlanmaqdadır, həm də bu əlyazmalar eyni bir məcmuənin müxtəlif nüsxələridir.[79] Sonra müəllif onu da qeyd edir ki, bu əlyazmaları heç də dövlətşahın təsvir etdiyi 20 min beytlik divan deyildir, bununla belə bu şeirlərin Nizamiyə aid olduğuna şübhə ola bilməz, çünki, burada Nizami təxəllüsündən əlavə Gəncənin də adı çəkilir.[78]
M. Houtsma “Nizami divanı”ndakı ilk qəsidə üzərində də xeyli dayanır və onun Nizami tərəfindən yazıldığını mümkün hesab edir. Qəsidənin son beytindən belə anlaşılır ki, şair onu Kəmaləddin İsfahaniyə cavab olaraq yazmışdır:
Bu həmin vəzn və qafiyə ilədir ki, Kamal demişdir;
Hər nəsim ki, mənə Xorasanın ətrini gətirir.[80]
Kəmaləddin İsfahani təxminən 1172-ci ildə anadan olmuş, 1237-ci ildə öldürülmüşdür.[79] M. Houtsmanın fikrincə, bu tarixlər Nizaminin Kəmaləddinə cavab yazmasını şübhə altına ala bilməz.[81] X. Yusifli M. Houtsmanın fikrinin doğru olduğunu qeyd etsə də, yazır: “...amma Kamal İsfahaninin divanında belə bir misra yoxdur. Orta əsr şairlərinin əsərlərinin nəzərdən keçirilməsi nəticəsində aydın olur ki, son misra Seyid Həsən Qəznəviyə məxsusdur. Seyid Həsən həmin qəsidəni Bağdadda yazaraq Sultan Səncərə göndərmişdir."[82] Göstərilən yerdə Seyid yerinə Kamal yazılması isə ancaq səhvin nəticəsidir.”[83]
M. Houtsmandan on üç il sonra Çexoslavakiya şərqşünası Y. Rıpka “Ərməğan” jurnalında “Nizamidən bir neçə təzə qəzəl” adlı bir məqalə dərc etdirir.[84] Müəllif Aya Sofiya kitabxanasındakı cünkdən götürdüyü[85] qəzələ əlavə etdiyi bu məqalədə həmin şeirlərin əsas motivləri, şəkli xüsusiyyətlərindən bəhs etmiş, onların vəznini müəyyənləşdirmişdir.[86] Y. Rıpka öz məqaləsində yazır ki, bu qəzəllər öz forma mükəmməlliyinə, real məzmununa görə ancaq Nizami kimi bir ustadın qələmindən çıxa bilər; “Bu şeirlərin hər kəliməsində bir dünya söz və məna incəlikləri vardır” deyən alim, “Xəmsə” ilə qəzəllərin bədii cəhətdən bir-birindən ayrılmaz olduğunu qeyd edir. Nizami qəzəllərinin motivlərindən danışarkən alim göstərir ki, həm poemalarda, həm də qəzəllərdə təsvir və tərənnüm olunan məhəbbət müəyyən real bir zəminə əsaslanır və burdakı məhəbbəti “ürfani” məhəbbət kimi izah etmək olmaz.”[86]
A. Arberrinin 1958-ci ildə çap olunmuş “Klassik fars ədəbiyyatı” adlı əsərində şairin lirikasına bir neçə cümlə həsr olunmuşdur. Müəllif Nizaminin “Xəmsə”dən əlavə çoxlu qəsidə, qəzəl və rübai yazdığını, onun qəzəllərinin real zəminə əsaslandığını, süjetli olduğunu və ümumiyyətlə şairin lirik əsərlərinin poetik zənginliyini qeyd edir.[87] 1963-cü ildə Parisdə nəşr edilmiş ensiklopedik lüğətdə Nizami lirikası haqqında yazılır: “Lirik şeirlər divanından əlavə o, böş böyük poema yaratmışdır.”[88]
Şərq ölkələrində Nizami lirikasının öyrənilməsi ilə təzkirəçilərdən sonra ilk dəfə məşğul olan alimlərdən biri Şibli Nümani (1857-1914) olmuşdur. O, özünün məşhur “Şerül-əcəm”[Qeyd 2] əsərində Nizaminin həyat və yaradıcılığı ilə əlaqəli bir sıra qiymətli fikirlər irəli sürmüş və ilk dəfə şairik lirik əsərləri haqqında elmi əsaslarla bəhs etməyə başlamışdır.[89] Ş. Nümani Nizami lirikasından danışarkən əsasən “Təzkirətüş-şüəra” və başqa təzkirələrdə verilmiş bir neçə xırda parçaya əsaslanırdı.[89] Ş. Nümani qəzəl janrından, fars dilli poeziyada lirik şeirin inkişafından danışarkən belə bir diqqətəlayiq fikir irəli sürür ki, “Sədi qəzəl şəklinin banisi olsa da, bu şəklin canı olan aşiqanə şeirin, məhəbbət təğmələrinin yaradıcısı Nizamidir... İnsafla desək, Nizami dastanlarının hər bir beyti bir qəzələ bərabərdir.”[90]
Ş. Nümani ilə eyni vaxtda Nizami yaradıcılığından bəhs edən Hüseyn Daniş şairin “Məlikül-mülük” qəsidəsini klassik şeirin ən gözəl nümunələrindən, eyni zamanda Nizaminin ən yaxşı əsərlərindən biri sayır. Müəllif bu qəsidədəki əzəmət və ahəngi “hail bir fırtına qopduğu əsnada eşidilən göy gurlamalarına” bənzədir və göstərir ki, “vəzn, kəlmələr və hərflər ilə mövzu o qədər münasib düşünülmüşdür ki, hər cümlə qulağa bir əjdər bağırtısı kimi inikas edir.”[91] 1924-cü ildə “Ərməğan” jurnalının səhifələrində görkəmli İran alimi Səid Nəfisinin Nizaminin həyat və yaradıcılığına həsr olunmuş böyük bir əsəri dərc olunur.[92] Həmin əsərdə Nizami lirikasından da bəhs edilməsinə baxmayaraq, alim, lirikanın təhlilini verməkdən qaçaraq, daha çox onun mənbələrindən danışır.[93]
SSRİ-də də Nizami lirikasının topalanması və tədqiqi ilə müxtəlif adamlar məşğul olmuşlar. Y. E. Bertels Nizami lirikasından ilk dəfə “Fars ədəbiyyatı tarixi oçerkləri” adlı əsərində bəhs edir.[94] O, yazır ki, “Nizami lirikası onun dahiyanə eposu qədər orijinal deyildir, lakin, burada da çoxlu incilər səpələnmişdir. Məhz buna görə də, öyrənilməyə layiqdir.”[95] Alimin 1940-cı ildə nəşr edilmiş “Böyük Azərbaycan şairi Nizami” əsərində hər şeydən əvvəl Nizami lirikasının yüksək bədii dəyəri müəyyənləşdirilmiş, onlardakı səmimi ehtirası, mülayim məzəmməti və musiqini qeyd etmişdir. Y. E. Bertels əsasən şairin qəzəllərini nəzərdə tutaraq yazır: “Böyük eşq tərənnümçüsü olan Nizamidən başqa heç kəs belə lirika yarada bilməzdi, bu lirika, hətta onun böyük poemalarının gözqamaşdırıcı mənzərələri yanında belə öz qüvvəsini itirmir.”[96]
Nizami lirikasından bəhs etmiş digər bir rus alimi isə A. N. Boldırev olmuşdur.[97] Nizami irsinin öyrənilməsi və nəşri sahəsində böyük işlər görmüş bu alim ayrı-ayrı əsərlərində şairin lirikası haqqında da fikirlərini bildirir. Nizaminin seçilmiş əsərlərinin nəşrinə yazdığı müqəddimədə alim yazır: “Öz müasirlərinin lirik əsərlərindən fərqli olaraq Nizami lirikasının əsas xüsusiyyəti onların dərin fikir və məzmuna malik olmalarıdır.”[98]
Azərbaycanda Nizami lirikasının toplanması, tədqiqi və nəşri ilə H. Araslı, Ə. Mübariz, X. Yusifli, M. Rəfili, M. S. Ordubadi, M. Arif, Mir Cəlal, C. Xəndan, M. Quluzadə, M. A. Sultanov, R. Əliyev və Ə. Ağayev məşğul olmuşlar. H. Araslı Nizami lirikasına bir neçə məqalə həsr etmişdir. 1940-cı ildə alim “Ədəbiyyat qəzeti”ndə Nizami lirikasına həsr olunmuş ilk elmi məqaləsini yayımlayır.[99] Bu məqalədə müəllif Nizami lirikası haqqında ümumi məlumat verir, onların əsas motivləri, sənətkarlıq xüsusiyyətləri, mövzu vəhdəti, dil və ifadə ahəngdarlığından bəhs edir.[99] Nizamini “əsrinin misilsiz lirik sənətkarı” adlandıran H. Araslı, aşirin qəzəl formasını inkişaf etdirdiyini, Yaxın Şərqdə qəzəlin yaxşı nümunələrini yaratdığını və şairin lirik əsərlərində ifadə olunan ideyaların, fikir və arzuların “Xəmsə” ilə vəhdətdə olduğunu göstərir.[99]
1938-1940-cı illərdə M. Rəfili də Nizami Gəncəvinin həyat və yaradıcılığının tədqiqinə bir neçə əsər həsr edir. Tədqiqatçı Nizaminin epik əsərləri ilə lirikasını üzvi vəhdətdə görür, poemalarındakı lirizmi, lirik əsərlərində də “Xəmsə”də olduğu kimi böyük fikirlər, yüksək amallar təbliğ etdiyini qeyd edir, qəzəllərinə görə Nizaminin ancaq incə ruhlu bir lirik kimi deyil, eyni zamanda mütəfəkkir bir şair kimi tanıtdırır.[100] Nizami yaradıcılığının, o cümlədən, lirikasının tədqiqi ilə ciddi məşğul olan Azərbaycan alimlərindən biri də Ə. Mübarizdir. Alim, hələ 1940-cı illərdə yazdığı bir sıra məqalələrində[101] şairin lirikasından bəhs etmiş, ayrıca bir məqaləsində isə Nizami lirikasının Azərbaycan dilində nəşrindən bəhs etmişdir.[102]
Sonrakı dövrdə Nizami lirikasının tədqiqi ilə akademik M. Arif[103][104], Mir Cəlal[105], C. Xəndan[106], M. Quluzadə[107], Firuz Sadıqzadə[108], Ə. Ağayev[109] və başqaları da Nizami lirikasındakı forma və məzmun gözəlliyini qeyd etmiş, bu əsərlərdə “Xəmsə”dəki fikirlərin kökləri və lirik şəkildə ifadəsini görmüşlər. Azərbaycan alimləri arasında Nizami lirikasının əsaslı tədqiqi ilə professor Xəlil Yusifli məşğul olmuş və uzun illik araşdırmalarının məhsulu olaraq, alim, “Nizaminin lirikası” adlı monumental monoqrafiyasını nəşr etdirmişdir.[110]
Nizami lirikasından nümunələr verən mənbələrdən bir qrupu müxtəlif dövrlərdə yazılmış təzkirələrdir. Şairin lirikasından ilk nümunələr verən təzkirə M. Övfinin “Lübabül-əlbab”ıdır (1221). M. Övfi özü Nizami divanını görməmiş, nümunə gətirdiyi üç qəzəli də Nişapurda bir qocadan eşitmişdir.[111] X. Yusifli bu məlumata əsaslanaraq qeyd edir ki, deməli, XII əsrdə Nizami şeirlərini əzbərdən oxuyurmuşlar, lakin bu şeirlərin toplandığı divan çox az yayılmışdır.[112] Dövlətşah Səmərqəndi (1487) isə 20.000 beytdən ibarət Nizami divanını görmüş, lakin ondan ancaq bir nümunə gətirmişdir.[113] Nizami divanına yaxşı bələd olan, onun bir sıra şeirlərinə, o cümlədən məşhur “Qocalıq” qəsidəsinə cavab yazan Əbdürrəhman Cami (1414-1492) isə M. Övfidəki bir qəzəli nümunə verməklə kifayətlənmişdir.[114]
Bir əsr sonra yaşamış Təqiəddin Kaşaninin təzkirəsində (1585) 4 artıq Nizami lirikasından 21 şeir toplanmışdır. Bu şeirlərin ümumi həcmi 180 beytdir. Maraqlı burasıdır ki, T. Kaşani də Nizami divanını görməmiş, bütün bu şeirləri müxtəlif mənbələrdən toplamışdır.[112] Bundan sonra yazılan təzkirələrdə isə daha çox yeni şeirlərə rast gəlinir.[112] Əmin Əhməd Razinin 1594-cü ildə tamamlanmış “Həft iqlim” təzkirəsində 22 şeir vardır[112] ki, bunlardan ancaq biri T. Kaşanidə də vardır. Lütfəli bəy Azərin “Atəşgədə” (1781)[115], Rzaquluxan Hidayətin “Riyazül-arifeyn” (1848)[116] və “Məcfəül-füsəha”[117] (1867) əsərlərində də verilən şeirlərin xeyli hissəsi yenidir. Tədqiqatçılar, adları çəkilən bu təzkirələri Nizaminin lirik şeirləri qeyd olunmuş ən mötəbər mənbələr hesab edirlər.[118] X. Yusifli qeyd edir ki, iki-üç şeiri çıxmaq şərti ilə, inamla demək olar ki, bu əsərlərin hamısı Nizamiyə məxsusdur.[118]
Nizami şeirlərinin başqa bir mənbəyi, “Nizami divanı” adı ilə məşhur olan və dünyanın müxtəlif kitabxanalarında əlyazma nüsxələri saxlanılan şeir məcmuəsidir. Bu məcmuənin son orta əsrlər dövründə tərtib olunduğu və heç də Nizami şeirlərinin hamısını əhatə etmədiyi hesab olunur.[119] X. Yusifli isə qeyd edir ki, həmin məcmuəyə daxil olan şeirlərin yarısının Nizamiyə məxsus olduğu şübhəlidir. “Nizami divanı” adlı məcmuənin Oksforda iki, Berlində bir, Təbrizdə bir, həmçinin Hindistanın bir neçə şəhərlərində müxtəlif nüsxələri vardır.[120][121][119]
Bütün bu nüsxələr eyni mənbədən götrülmüş və adlarında elə əsaslı bir fərq yoxdur.[119] Buradakı şeirlərin ümumi həcmi 11 qəsidə, 104 qəzəl, 4 qitə, 37 rübai olmaq üzrə təxminən min beytdən bir az artıqdır. Demək, bu məcmuə Dövlətşahın xəbər verdiyi iyirmi min beytlik Nizami divanının çox az bir hissəsidir.[118] Digər tərəfdən bu əsərlərin müəyyən müəyyən qisminin Nizamiyə aid olması indi də şübhəlidir.[118] Bu şeirlərdən bəziləri öz məzmunu, sənətkarlıq xüsusiyyətləri ilə Nizami sənətkarlığından uzaq görünür, bəziləri isə Nizaminin sələfləri, müasirləri və ardıcıllarının divanlarında da mövcuddur.[118] Bu məcmuə, ehtimal ki, bilavasitə Nizami divanı əsasında deyil, bir sıra ikinci dərəcəli mənbələr əsasında tərtib olunduğundan orada xeyli miqdarda Nizamiyə aid olmayan şeirlər də toplanmışdır.[122] V. Dəstgirdinin “Ərməğan” jurnalında çap olunmuş məqaləsində qeyd edilir ki, Xədiviyyə kitabxanasındakı Nizami adına qeyd olunan divan, Nizami Gəncəvinin deyil, Səfəvilər dövründə İstanbulda yazıb-yaratmış bir türk şairinə məxsusdur.[123]
Nizami lirikası üçün ən qiymətli mənbələrdən biri də Saib “səfinə”sidir. 12 qəzəl, 5 rübai, bir qitədən əlavə məşhur “Qocalıq” qəsidəsi də tam halda ancaq həmin səfinədə qeyd olunmuşdur.[124] Təxminən Saib “səfinə”si ilə eyni vaxtda tərtib olunan Xalxali “səfinə”sində də Nizami şeirləri vardır.[124]
Nizaminin müxtəlif mənbələrə səpələnmiş olan şeirləri uzun müddət bir yerə cəm edilmədiyindən, alimlər ya Nizami lirikasından söz açmır, ya da şairin divanı olduğunu şübhə altına alırdılar. Məsələn, V. Baxer Nizami şeirlərinin tamam itib-batdığını yazır.[125]
Nizami lirikasının toplanması və nəşri işi XX əsrin 20-ci illərindən başlayır.[122] Lakin, hələ XIX əsrin sonlarından etibarən müxtəlif şərq ölkələrində basma yolu ilə nəşr edilən müntəxəbat və başqa toplularda Nizami şeirlərinə də rast gəlinir. Məsələn, 1880-ci ildə Lahorda basılmış “Qəsseye Əhməd Cami – məşhur be çəhar pəri” adlı kitabın axırında Nizaminin bir şeiri 16, 1890-cı ildə İstanbulda basılmış “Xarabat” adlı müntəhəbatın qəsidələr hissəsində fəxriyyəsi[126], 1897-ci ildə Bombeydə basılmış “Töhfətül-üşşaq” adlı məcmuədə Nizamiyə aid edilən bir qəzəl[127], Zəhirəddin Faryabinin 1906-cı ildə Tehranda basılmış divanına əlavə olaraq Nizaminin məşhur fəxriyyəsi verilmişdir.[128]
Təzkirəçilərdən sonra Nizami lirikasının toplanması işi ilə işi ilə müəyyən dərəcədə məşhur hind alimi Ş. Nümani məşğul olmuşdur. Ş. Nümaninin 1909-cu ildə Əliqərhdə nəşr olunmuş “Şerül-Əcəm” əsərində iki dəfə şairin lirikasından bir neçə nümunə verilir ki, bunlardan da bəziləri şübhəli hesab olunur.[129]
Nizami lirikasının toplanması işi daha çox iki görkəmli nizamişünasın – Vəhid Dəstgirdi və Səid Nəfisinin adı ilə bağlıdır.[130] İlk dəfə 1921-ci ildə V. Dəstgirdi “Ərməğan” jurnalı səhifələrində şairin bir neçə qəsidə və qəzəlini nəşr etdirir. 1923-cü ilə qədər tək-tək bir neçə qəsidə və qəzəl nəşr olunur. 1923-cü ilin əvvəlində həmin jurnalda bir məktubdab aydınlaşır[131] ki, Səid Nəfisi bu hadisədən dörd il əvvəl, yəni 1918-ci ildən başlayaraq müxtəlif təzkirə və cünklərdən Nizami şeirlərini toplamağa başlamış və onun topladığı şeirlərin ümumi həcmi 400 beytdən artıqdır.[132] Bundan sonra S. Nəfisinin topladığı həmin şeirlər hissə-hissə V. Dəstgirdinin kiçik qeydləri ilə “Ərməğan”ın səhifələrində dəc olunmağa başlayır. V. Dəstgirdi özü də müxtəlif mənbələrdən topladığı şeirləri bunlara əlavə edirdi.[132] Artıq 1926-cı ildə V. Dəstgirdi şairin min beytdən artıq şeiri çap olunduğunu yazırdı, həm də o, göstərirdi ki, indiyə qədər nəşr olunan əsərlərin bəziləri heç şübhəsiz ki, Nizaminin deyildir.[132]
Bu dövrdə Nizami lirikasının toplanması ilə Rusiyada Y. N. Marr, Hindistanda Xacə Əxtər Miyan məşğul olmuşlar.[132] Xacə Əxtər Miyan Nizami divanının Avropa və Hindistanda olan naqis nüsxələri və başqa mənbələr əsasında şairin lirik şeirlərini məcmuə halında toplayıb nəşr etdirmək istəyir, sonra, V. Dəstgirdinin bu işlə məşğul olduğunu bilib tərtib etdiyi məcmuəni ona göndərir.[119]
1925-ci ilə qədər İran alimləri müxtəlif ölkələrin kitabxanalarında saxlanan Nizami divanı nüsxələrindən xəbərsiz idilər. İlk dəfə “Nizami divanı” adı ilə Avropada bir şeir məcmuəsinin saxlandığı və onun Oksfordda iki, Berlində bir nüsxəsinin olduğunu Y. N. Marr V. Dəstgirdi və başqa İran alimlərinə bildirir.[133]
1935-ci ildə “Ərməğan” jurnalının birinci nömrəsində Nizaminin 25 qəzəli dərc olunur.[132] Həmin qəzəlləri jurnala geniş elmi müqəddimə ilə birlikdə məşhur Çexiya şərqşünası Yan Rıpka təqdim etmişdi.[132] Müəllif bu şeirləri 1330-cu ildə yazılmış və hazırda Aya Sofya kitabxanasında saxlanılan 2051 nömrəli cünkdən götürülmüşdür.[132] Bu mənbə o vaxta qədər Nizami lirikasından sayca çox nümunə verən, ehtimal ki, şairin divanından götürülmüş ən qədim və mötəbər mənbə idi və indi də ən mötəbər mənbələrdən biri sayılır.[134] Yan Rıpka jurnala müəyyən dərəcədə elmi mətn təqdim etmişdi. O, mətndəki bəzi səhvləri düzəltmiş, vaxtilə “Ərməğan”da çap olunmuş ayrı-ayrı əsərlərin nüsxə fərqlərini qeyd etmişdi. Bu dövrlərdə V. Dəstgirdi Nizami əsərlərinin mükəmməl mətnini hazırlayıb nəşr etdirir.[134] o cümlədən, 1939-cu ilin axırında müəllifin müəllfin Nizami lirikasını toplamaq sahəsindəki səylərinə yekun vuran “Gəncineyi-Gəncəvi” adlı əsəri nəşr etdirir.[134] Bu nəşr üçün İran alimi bir çox mənbədən istifadə edir.
“Gəncineyi-Gəncəvi”nin nəşr olunmasından sonra Nizami lirikasından götürülmüş nümunələr onlarla şeir məcmuələri və ədəbiyyat tarixi kitablarına əlavə edilir.[135] Rzazadə Şəfəqin[136], Z. Səfanın[137] ədəbiyyat tarixləri, Z. Mötəmənin “Fars şeirinin inkişafı” əsəri[138], “Gənce-soxən”[139] , “Səfineye-Fərrox”[140], “Əşare-cavidane-farsi”[141] və sair bu kimi məcmuələrdə Nizami lirikasına xüsusi yer ayırılır.
V. Dəstgirdi ilə təxminən eyni dövrdə Səid Nəfisi də Nizami Gəncəvinin lirik irsinin tədqiqi ilə məşğul olmuş və 1918-ci ildən başlayaraq müxtəlif mənbələrdə Nizami adına yazılan şeirləri toplamağa başlamışdır.[135] “Gəncineyi-Gəncəvi”nin nəşr olunmasından sonra da müəllif fəaliyyətini dayandırmamış, bir sıra yeni və daha mötəbər mənbələrdən Nizaminin xeyli lirik şeirini toplamış və çap etdirmişdir. İran alimi Nizami lirikasından əldə etdiyi yeni şeirləri ilk dəfə 1956-cı ildə “Lübabül-əlbab” təzkirəsinin əlavəsində nəşr etdirmişdir.[142] Buradakı şeirlər əsasən üç mənbədən götürülmüşdür. Həmin mənbələrdən biri və ən əhəmiyyətlisi XIII əsrin ortalarında Cəmaləddin Şirvani adlı Azərbaycan şairi tərəfindən tərtib olunmuş “Nüzhətül-məcalis” adlı rübailər məcmuəsidir.[143] Bu məcmuədə Nizami Gəncəvi adına verilmiş 10 rübainin müəllifliyi mübahisə və şübhə doğurmur.[144][145]
S. Nəfisinin istifadə etdiyi ikinci mənbə təxminən XIV əsrin sonları-XV əsrin əvvəllərində Süyfəddin Hüsan Hərəvi tərəfindən tərtib olunmuş “Məcmueye-lətayef və səfineye-zərayef” adlı cünkdür.[146] Bu cünkdə Nizami adına üç qəsidə və beş qəzəl verilmişdir.[144] Qəzəllərdən ikisinə ilk dəfə bu mənbədə rast gəlinir.[144] Lakin, bu mənbənin əsas əhəmiyyəti ondadır ki, vaxtilə “Gəncineyi-Gəncəvi”də yarımçıq və naqis şəkildə verilmiş “Gərdəd” rədifli qəsidəsi burada bütünlüklə qeyd olunmuşdur.[144] Qalan iki qəsidədən biri şairin məşhur fəxriyyəsi, digəri isə qəsidədir. [144] V. Dəstgirdinin Səfəvilər dövrü Nizamilərinə aid hesab etdiyi bu qəsidənin bu mənbədə verilməsi, alimin mövqeyinin doğru olmadığını göstərməkdədir.[144]
Rusiyada Nizami lirikasının toplanılması və nəşri ilə ilk dəfə görkəmli rus alimi Y. N. Marr məşğul olmuşdur.[147] O, 1924-cü ildə Sankt-Peterburq əlyazmalarında rast gəldiyi bir sıra Nizami şeirlərini kiçik qeydlərlə akademiyanın “Məruzələr”ində dərc etdirmişdir. Alim bu barədə ilk məqaləsini Asiya muzeyindəki bir əlyazmasından götürdüyü qəzələ həsr etmişdir.[148] N. Y. Marrdan sonra Rusiyada Nizami lirikasının toplanması və nəşri sahəsində müəyyən bir durğunluq yaranır. 1940-cı ildə SSRİ-də Nizami yubileyinə hazırlıqla əlaqədar olaraq şairin ədəbi irsini nəşr etmək sahəsində bir sıra qiymətli işlər görülür. O cümlədən, Nizami lirikasından müxtəlif mənbələrə səpələnmiş nümunələr toplanılıb tərcümə olunur və müxtəlif şəkillərdə dərc edilirdi. Hələ 1939-cu ildə “Revolyusiya və kultura” jurnalının may nömrəsində mənbələrdə Nizami adına yazılan bir qəzəlin Azərbaycan dilində tərcüməsi verilmişdi.[149] Qəzəli Azərbaycan dilinə R. Mirzəhəsən tərcümə etmişdi.[150] Bu hadisədən 8 ay sonra bir sıra qəzet və jurnallarda yubileylə əlaqədar olaraq Nizaminin müxtəlif mənbələrdən toplanmış lirik şeirlərindən xeyli nümunələr dərc olunur.[151][152] Müxtəlif qəzet və jurnallarda səpələnmiş bu şeirləri Azərbaycan dilinə C. Xəndan, Ə. Vahid, O. Sarıvəlli, M. Dilbazi, N. Rəfibəyli, M. Rahim, rus dilinə isə A. Plavnik və başqaları tərcümə etmişlər.[150] Bir müddət sonra həmin tərcümələr bir kitab şəklində tərcümə edilmişdir.[153] Kitabçaya 32 qəzəl, 3 qəsidə və bir sıra başqa parçalar əlavə edilmişdir. Qəzəllərdən 25-i Yan Rıpkanın məqaləsindən götürülmüş, qalanları isə H. Araslının səyi nəticəsində müxtəlif mənbələrdən toplanmışdır.[150] Nizami lirikasının çox az bir hissəsini əhatə edən bu kitabçanın bəzi nöqsanları da vardır ki, bu haqqda da Ə. Mübariz tərəfindən yazılmış geniş məqalədə ətraflı bəhs edilmişdir.[154]
Sonradan V. Dəstgirdinin “Gəncineyi-Gəncəvi”si ilə tanışlıq, şairin lirik əsərlərinin Azərbaycan dilində nəşrinə də dəyişikliklər etməyə imkan verdi.[155] 1941-ci ildə mətbuat səhifələrində Nizami lirikasından Azərbaycan və rus dilərində bir neçə yeni tərcümələr nəşr olunur. Nizami lirikasının yeni tərcümələri 1947-ci ildə təqdim edilir.[156] Bu nəşr o zamana kimi Nizami lirikasının Azərbaycan dilində olan ən yaxşı nəşri idi. Bu nəşrdə “Gəncineyi-Gəncəvi” əsasında qəsidə və qəzəllərin sayı artmış, rübai və qitələr isə qarışdırılmamışdır.[157] Bu nəşrə 61 qəzəl, beş qəsidə, 12 rübai və bir neçə qitə daxil edilmişdir.[157] 1953-cü ildə Nizami lirikasından qəzəllər ayrıca kitab şəklində nəşr olundu. Oxucular tərəfindən rəğbətlə qarşılanan kitab, 1956 və 1959-cu illərdə təkrar nəşr olunur.[157]
Uzun illər Nizami lirikasının toplanması ilə məşğul olmuş İran alimi Vahid Dəstgirdi 1939-cu ilin axırında bu sahədəki səylərinə yekun vuran “Gəncineyi-Gəncəvi” adlı əsəri nəşr etdirir. Bu nəşr üçün alim, bir çox mənbədən istifadə edir. V. Dəstgirdinin istifadə etdiyi əsas mənbələrdən biri “Nizami divanı” adı ilə tanınan məcmuədir ki, V. Dəstgirdi onun 8 nüsxəsini əldə etmişdi. Buraya Berlin, Oksford, Rampur, Laknau, Kəlküttə, Təbriz nüsxələri və Xacə Əxtər Miyan tərəfindən hazırlanmış məcmuə daxil idi.[134] Bundan əlavə V. Dəstgirdi Y. Rıpkanın “Ərməğan” jurnalına təqim etdiyi 25 qəzəldən, Saib, Xalxali bayazlarından və bir sıra başqa mənbələrdən istifadə etmişdir. Mənbələrdə Nizami adına yazılan şeirlərin məzmun, forma cəhətdən bir-birindən çox fərqli olduğunu bir sıra şairlərin ayrı-ayrı müəlliflərə də aid edildiyini nəzərə alaraq, V. Dəstgirdi topladığı bütün şeirləri üç qrup altında cəmləşdirmişdir: 1) şübhəsiz Nizamiyə məxsus əsərlər (buraya 5 qəsidə, 56 qəzəl, 2 qitə, 9 rübai daxil edilir); 2) şübhəli şeirlər (buraya daxil edilən 29 qəzəl də əsasən Nizaminin hesab edilir); 3) şübhəsiz, Səfəvilər dövründə İran və Hindistanda yaşamış molla nizamilər tərəfindən yazılmış şeirlər (buraya 7 qəsidə, 49 qəzəl, 6 qitə, 39rübai daxil edilmişdir). Bunlardan əlavə topluda bir neçə şeir də verilir ki, müəllif onların Nizamiyə məxsus olduğuna şübhə bildirmir.[158]
V. Dəstgirdinin “Gəncineyi-Gəncəvi” toplusunu qiymətləndirən X. Yusifli qeyd edir ki, “Nizami şeirlərinin əsas mənbələri ilə V. Dəstgirdinin nəşrini müqayisə etdikdə aydın olur ki, müəllif bu bölgüdə müəyyən dərəcədə Y. Rıpka tərəfindən aşkar edilmiş qəzəllərə, Saib, Xalxali bayazlarınavə bir sıra əsas təzkirələrə əsaslanmışdır. Lakin, müəllif bu mənbələrdəki şeirlərin də bəzilərini şübhəlilər sırasına daxil etmişdir ki, bu da onun əsasən hər hansı elmi bir prinsipə deyil, şəxsi zövqünə və meyarına əsaslandığını göstərir. Nəticədə V. Dəstgirdi sol mövqe tutmuş və mənbələrdə Nizami adına yazılan əsərlərin yarısını üçüncü qrupa daxil etmişdi. Son araşdırmalar göstərir ki, belə bir solçuluq doğru mövqe deyildir.”[158]
V. Dəstgirdinin nəşrini tənqid edən X. Yusifli yazır ki, Dəstgirdinin Səfəvilər dövrü Nizamilərinin adına yazdığı şeirlərin bəzilə, Səfəvilərdən iki yüz il əvvəl yazılmış və şübhəsiz ki, Nizami divanının əslindən köçürülmüş cünkdə Nizami Gəncəvinin adına yazılır.[159] X. Yusifli bildirir ki, Dəstgirdinin şübhəsiz Nizaminin əsəri hesab etdiyi qəzəllərdən bir neçəsi Sənainin divanında da mövcuddur və böyük ehtimalla ona məxsusdur.[158] Həmin şeirlərdən birincisi Nizami divanında 6, ikincisi isə 4 beyt olduğu [160] halda, Sənai divanında birinci şeir 11, ikinci şeir isə 12 beytdir.[161][162]
V. Dəstgirdi Saib səfinəsində Əhməd Cam və Nizari adına yazılan şeirləri də şübhəlilər sırasına daxil edir. Halbuki, özü elə ordaca həmin şeirlərin yuxarıda adı çəkilən müəlliflərə aid olduğunu təsdiq edir. Bu da müəllifin öz işinə nə dərəcədə ehtiyatla yanaşdığını göstərir.[163]
Nizami şeirlərinin çoxunu Azərbaycan dilinə C. Xəndan tərcümə etmişdir. X. Yusifli qeyd edir ki, onların içərisində məharətlə yerinə yetirilmiş tərcümələr çox olsa da, bəziləri olduqca zəifdir, onların nəinki vəzn, forma, eyni zamanda məzmun cəhətdən də orijinallığı təhrif edilmişdir. [164] Məsələn,
Parlar yanağın şəm tək, pərvanə yandı sübhədək! Biz təşnəyik, su ver içək, ey çeşməyi-heyvanımız. Lütf eylə bir, ey nazənin, Nizamiyə ol həmnişin, Qət eylədin ollam sənin, bəs hardadır peymanımız?[165][166] |
qəzəlinin tərcüməsində orijinalla xüsusi bir fərq yoxdur, müəllif vəzn və qafiyələri saxlamağa nail olmuşdur.[164] Ancaq, diqqətlə nəzər yetirdikdə aydın olur ki, orijinalla tərcümə arasında həm bədiilik, həm də məzmun cəhətdən ciddi fərq vardır.[164] X. Yusifli qeyd edir ki, “su ver içək”, “bəs hardadır peymanımız” kimi əlavələr şeirin məzmununu təhrif edir.[164] Orijinalda şeir nikbin və məntiqli bir sonluqla bitir. C. Xəndanın tərcüməsində isə bir məntiqsizlik meydana gəlmişdir.[167] Digər tərcüməçilərin işlərini dəyərləndirən X. Yusifli qeyd edir ki, O. Sarıvəlli, M. Dilbazi, N. Rəfibəyli, S. Rüstəm və Ə. Vahidin tərcümələri nisbətən qənaətbəxş hesab edilə bilər.[168] Xüsusilə Ə. Vahid Nizami qəzəllərinin vəznini, məzmununu və ümumi ruhunu saxlaya bilmişdir.[168] X. Yusifli yazır ki, “Ayrı-ayrı hallarda müəlliflər Nizami şeirinin təqribi məzmununu versələr də, sənətkarlıq cəhətdən Nizami şeirinin gözəlliklərini saxlaya bilməmişlər."[168]
Eyni nöqsanlar Nizami şeirlərinin rus dilinə tərcüməsində də özünü aydın hiss etdirir. Burada Nizami şeirinin bir sıra forma gözəllikləri tamamilə itirilmişdir.[169] Bununla yanaşı məzmunun düzgün çatdırılması cəhətdən yaxşı tərcümələr də vardır.[169] Bununla yanaşı bəzi hallarda Nizami lirikası nümunələrinin sətri tərcüməsi nəticəsində kobud təhriflərə də yol verilmişdir.[169]