Yuxarı Qiyaməddinli

Yuxarı QiyaməddinliAzərbaycan Respublikasının Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Qiyaməddinli kəndi Arazbarı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yuxarı Qiyaməddinli kənd inzibati ərazi vahidi yaradılmışdır.[2] Kənd sakini, rabitə işçisi Məhəmməd Qasımovun təşəbbüsü ilə 1990-cı ildə "Yuxarı Qiyaməddinli" adlandırılan bu kəndin indiki adı 29 may 2015-ci ildə Milli Məclisin qərarı ilə təsdiq olundu. Həmçinin, 1990-cı ilə qədər bu kəndə Arazbar Qiyaməddinlisi (Arazbar sovetliyinin Qiyaməddinli kəndi), rayon ərazisindəki aşağı Qiyaməddinliyə isə Gələbədin Qiyaməddinlisi deyilirdi. Kənd rayon mərkəzindən 41 km aralı, Ağcabədinin Arazbar, Mirzəhaqverdili və Ağdam rayonunun 2020-ci ilə qədər Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalda olan Yusifcanlı kəndinin əhatəsindədir.[3] Kəndin ərazisi 2500 hektar, əhalisi isə 3540 nəfərdir. 1 yanvar 2020-ci ilin məlumatına əsasən kənddə 561 ev və 857 fərdi təsərrüfat vardır.

Yuxarı Qiyaməddinli
40°07′54″ şm. e. 47°15′58″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1823
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 3.175 nəf. (2009)
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0412
Yuxarı Qiyaməddinli xəritədə
Yuxarı Qiyaməddinli
Yuxarı Qiyaməddinli

Kəndin adı heyvandarlıqla məşğul olan Qiyaməddinli tayfasından gəlir,[4] "yuxarı" prefiksi eyni bölgədəki eyni adlı kənddən fərqlənməsi üçün ada əlavə olunur.

Əfşarlardan Sovet hakimiyyətinə qədər

[redaktə | mənbəni redaktə et]

Qiyaməddinli camaatı Nadir şahın köçürmə siyasəti ilə əlaqədar öncə Qarabağdan Cənubi Azərbaycana köçürülən elat tayfalarından biri olmuşlar. Çünki, 1823-cü il "Qarabağ əyalətinin qeydiyyatı" kitabında xan nəslindən olan əyanlar, bəylər içərisində İbrahimxəlil xanın sarayında xidmət edən poruçik Səfəralı bəyin və mülk sahibi kimi Hümbətalı bəylərin adları qeyd edilir.[5]

Aşağı və Yuxarı Qiyaməddinli kəndi Səfəralı və Hümbətalı bəylərin təşəbbüsü ilə salınmışdır. Onlar vaxtilə Cənubi Azərbaycanda yaşamış, XVII əsrin əvvəllərində Qarabağa köçüb bu əraziyə gəlmişlər. Yuxarı Qiyaməddinli kəndinin indiki ərazisinə yaxın məkanda məskunlaşmışlar. Kəndin əhalisi əvvəlcə indiki ərazisindən 5–6 km aralı, Qalatəpə yaxınlığında, Qarqar çayının aşağı hissəsində məskunlaşmışdır. Kəndin indiki ərazisində deyilənlərə görə, Gülpəri Əbdüləzim qızı adlı imkanlı bir qadın yaşayırmış. Həmin qadın Ağdamın Novruzlu kəndi yaxınlığından dağların suyundan kəhriz quyuları vasitəsilə bu əraziyə su çəkdirmişdir.

Azərbaycanda sovet hakimiyyəti başlayan zaman burada İbrahim bəy adlı əzazil insan yaşamışdır. Nəticədə, XI Qırmızı ordu hissələri kəndə gələn zaman bir rus zabiti onu öz evində xəncərlə öldürür.[6]

Sovet hakimiyyəti zamanı

[redaktə | mənbəni redaktə et]

Kəndin kənd kimi formalaşması Ağcabədi rayon kimi təşkil olunandan sonra, 1930-cu illərdə olmuşdur. İkinci Dünya müharibəsində Murad Baxşəliyev, Əvəz Bayramov, Nəbi Cəbrayılov, Heydər Cəfərov, Əhməd Əhmədov, İsi Əhmədov, Abuzər Əliyev, Buruz Əliyev və kəndin digər sakinləri döyüşmüş, itkin düşmüş və ya həlak olmuşlar.[7] Arasbar sovetliyinin tərkibində olan kənd camaatı kollektiv təsərrüfata keçərək ilk artel, sonra isə Litvinov adına kolxozun əsasını qoymuşlar. 1952-ci ildə bu kolxozun adı dəyişdirilərək Çapayev adına kolxoz olmuşdur. Həmçinin, Arasbar və Mirzəhaqverdili kəndlərini də əhatə etmişdir. Arazbar kəndində 1948-ci ildə tikilən məktəb Qiyaməddinli kəndinin də ilk təhsil ocağı oldu.[8] 1973-cü ildə kənddə ilk məktəbin birinci korpusu tikilmişdir.

Birinci və İkinci Qarabağ müharibəsi zamanı

[redaktə | mənbəni redaktə et]

Yuxarı Qiyaməddinli kəndinə ilk dəfə 12 iyun 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən hücum olunmuşdur. Bu zaman qarşı tərəfin hərbi birləşmələri kəndin "Eşşəkkeçməz" dərəsində qoyun otaran beş çobanı — Niyaz Piriyevi, iki oğlu Qaryağdı və Səhrad Piriyevləri, Kəriş Əliyevi və onun oğlu Əbülfət Əliyevi qətlə yetirmişlər və qoyun sürülərini Xocavənd rayonunun Qarakənd kəndi istiqamətinə aparmışlar.[9] Həmin döyüşdə Elçin Daşdəmirov, Rafiq Həsənov, Zakir Əliyev, Nəsimi Zeynalov, Cavanşir Həsənov şəhid olmuşlar, həmçinin, qarşı tərəf 1 tankını və 1 BTR-ni itirdikdən sonra geri çəkilmişdir.[8]

1994-cü ilin yazında ikinci hücum gerçəkləşdi. Həmin səngərdə, hücum xəttində olan Alı Mehdiyevin sözlərinə görə, qəbiristanlıq istiqamətində əsgərləri əsir götürməyə çalışan ermənilər BMP ilə atəş açmış, sonra tanklar gəlmiş, batalyon kəndin müdafiəsi üçün qüvvə, tank və toplar gətirmiş, ancaq, bundan sonra gecə saat 12-də qarşı tərəf geri çəkilmişdir.[10]

Kəndi tərk etməyə məcbur qalan ermənilər 45 evi yandıraraq, hər tərəfə mina basdırıblar. Öz ev-eşiklərinə qayıdan kənd sakinləri minadan əziyyət çəkirdilər. Nəticədə kənd sakinlərindən 5 nəfər minaya düşərək dünyasını dəyişib, 8 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Yuxarı Qiyaməddinli kəndində minadan zərər çəkənlər arasında azyaşlı uşaqlar da çoxluq təşkil edir.

Yuxarı Qiyaməddinli kəndini minalardan təmizləmək məqsədilə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik müntəzəm olaraq kənddə iş apardı. Görülən tədbirlər nəticəsində kənddə yüzlərlə mina aşkar olunaraq zərəzsizləşdirilib. Agentlik bildirdi ki, ermənilər minaları hərbi taktikaya uyğun basdırmayıblar. Onlar minaları su quyularının yanında, evlərin həyətində, pilləkənlərin altında, yəni mülki əhalinin ən çox istifadə etdiyi yerlərdə basdırmışdılar. Ərazidə minalardan təmizləmə əməliyyatları mina aşkarlama qurğusu — detektorlarla, mexaniki əllə və xüsusi təlim görmüş itlər vasitəsilə aparılır. Kənddə aparılan əməliyyatlar zamanı tank əleyhinə TM 62, TM 57, OZM 72, PMN 2 və digər minalar aşkar olunub. Bunlardan TM 62, PM 2 və PM 62 minalarını tapmaq daha çətindir. Çünki onların örtüyü plastik və kartondan olur. Buna görə də detektor onları çox çətinliklə təyin edir. Belə hallarda axtarışlar mexaniki əllə və itlərin köməyilə aparılır. Plastik minaların tapılması üçün itlərdən istifadə daha effektiv olur. Minaya düşən sakinlərdən çoxu mal-qara otararkən minadan zərər çəkiblər. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin məlumatında o da qeyd edilir ki, Yuxarı Qiyaməddinli kəndinin Ermənistan silahlı birləşmələrinin təmas xəttində yerləşməsi mina axtarışına ciddi mane olurdu. Çünki ərazidə sərbəst şəkildə minatəmizləmə əməliyyatları aparmaq olmur. ANAMA əməkdaşları hər dəfə axtarışlara başlayanda ermənilər onları görüb atəşə tuturdular. Ona görə də kəndin ərazisi bugünədək minalardan tam təmizlənməmiş qalır. Nəticədə dinc əhali hələ də minalardan əziyyət çəkir. Yuxarı Qiyaməddinli kəndinin minalanmış ərazilərində aparılan əməliyyat zamanı 36 ədəd partlamamış hərbi sursat tapılıb. Yuxarı Qiyaməddinli kəndində təkcə mülki şəxslər deyil, eləcə də hərbçilər də minalardan əziyyət çəkirdilər.[11]

29 may 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Yuxarı Qiyaməddinli kənd inzibati ərazi dairəsi tərkibindəki Qiyaməddinli kəndi Yuxarı Qiyaməddinli kəndi adlandırılmışdır.[12] Həmçinin, Mirzəhaqverdili bələdiyyəsi ləğv edilərək bu kəndin bələdiyyəsinə tabe edilmişdir, bələdiyyənin nizamnaməsi təsdiq edilmişdir.[13] Kəndin bələdiyyə sədri Əzizalı Mamedov, katibi isə Fariz Əliyev olmuşdur.

2016-cı ilin aprelində baş verən Aprel döyüşləri zamanı əsgər Ceyhun Hüseynov təkbaşına 4 topdan 27 atəş açaraq bu kəndi və artilleriya divizionunu müdafiə etmişdir.[14]

2017-ci ildə kənddə Alı Mustafayev adına orta məktəbin bərpadan sonra açılışı baş tutmuşdur.[15]

İkinci Qarabağ müharibəsinə qədər kənd cəbhə xəttinə yaxın yerləşirdi.[16] İkinci Qarabağ müharibəsi zamanı kəndin Ağdam-Xocavənd istiqamətində olan ərazisində döyüş getmişdir. 11 oktyabr 2020-ci ildə qarşı tərəf Haramı düzünü və bu kəndi atəşə tutmuşlar. Şiddətli döyüşlər nəticəsində 7 noyabr 2020-ci ildə əsgər Elnur Allahverdizadə şəhid olmuşdur.[17] Həmin gün Ermənistan Silahlı Qüvvələri kəndi növbəti dəfə atəşə tutmuşlar, 40-dan çox mərmi kəndə düşmüşdür, mərmilərdən biri jurnalistlərin yanında partlasa da, yaralanan və ya ölən olmamışdır.[18] Həmin günə qədər kənddə 12 ev tamamilə dağılıb, 60-dan artıq evə ziyan dəyib. 56 baş xırdabuynuzlu, 30 baş iribuynuzlu heyvan, 300 baş ev quşları tələf olub, 1000 ədəd ot bağlaması yanıb.[18]

İkinci Qarabağ müharibəsindən sonra

[redaktə | mənbəni redaktə et]
Kəndin yaxınlığında yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi

30 yanvar 2021-ci ildə Dağlıq Qarabağ bölgəsindəki atəşkəsə nəzarət etmək üçün kəndin yaxınlığında Rusiya-Türkiyə müştərək monitorinq mərkəzi yerləşdirildi.[19]

2021-ci ildə kənddə iki küçəyə şəhid Azər ƏliyevinSahil Məmmədovun adları verilmişdir.[20] Həmçinin, kənd mərkəzində Birinci Qarabağ müharibəsinin şəhidləri Cavanşir Həsənov, Zakir Əliyev, Nəsimi Zeynalov, Rafiq Həsənov, Elçin Daşdəmirov, Əhməd İsgəndərov və Vətən müharibəsinin qəhrəmanları Sahil Məmmədov, Azər Əliyev, Sənan Miriyevin xatirəsini əbədiləşdirmək üçün xatirə bulaq kompleksi inşa edilmişdir.[21] Kənddə isə İkinci Qarabağ müharibəsindən qalan zərərlər bərpa edilir.[22][23]

Kənddə orta illik hava istiliyi +14.1 ° C -dir. Kənd yarı səhra iqliminə malikdir.

Ergi düzüAğcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi yaxınlığında qeydə alınan oroqrafik obyektlərdən biri. Ergi düzü toponiminin mənası haqqında müxtəlif fikir və mülahizələr var. Əslində Erki (Ərki) olmalıdır. Ərk sözü İran və Türk dillərində "iç qala", "möhkəm hasar" anlamındadır. Düz coğrafi termini mənfi relyef forması bildirir. Düz termini "düzənlik" mənasındadır. Bu düzənliyin səthi müvəqqəti axarlı dərələrin prolyuvi çöküntüləri ilə örtülmüş və qobu yarğan şəbəkəsi ilə zəif parçalanmışdır. Ergi düzənliyindən qış otlaqları kimi istifadə edilir.[24]

Saybalı tayıAğcabədi rayonu Yuxarı Qiyaməddinli kəndi ərazisində alınmış oroqrafik obyektlərdən biri. Saybalı tayı oronim relyef əsasında yaranan mürəkkəb toponimdir.[24]

İlkin materiallar əsasında demək olar ki, 1844-cü ildə bu kənddə 61 ev var idi və 163 kişi, 78 qadın yaşayırdı. 1863-cü ildə 91 ev var idi, 268 kişi və 23 qadın yaşayırdı. 1873-cü ildə 102 ev var idi, 276 kişi, 258 qadın yaşayırdı. 1888-ci ildə isə statistikaya əsasən, evlərin sayı 121, kişi sayı 319, qadın sayı 188 idi.[25] 1977-ci ildə 1201 nəfər siyahıya alınmışdır.[26] 1983-cü ildə 1500 nəfər[27], 1999-cu ildə 2427 nəfər[28], 2009-cu ildə isə 3175 nəfər siyahıya alınmışdır.[29]

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]
  • Asif Rüstəmli — Azərbaycan ədəbiyyatşünası, filologiya elmləri doktoru, professor.[30]
  • Mansur Piriyev — Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya Təminatı və İnnovativ Həllər şöbəsinin müdiri. Həsənov — Ağcabədi rayonunun sabiq icra başçısı.[31]
  • Şahin Məmmədov — Ağcabədi rayonunun sabiq icra başçısı.[32]
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı". 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-29.
  3. Ş. Aranlı, səh. 334
  4. Azərbaycan Toponimiyasının Ensiklopedik Lüğəti: 2 cilddə / red. R. Əliyeva. — Bakı: Şərq-Qərb, 2007 . — T. 2.- S. 61.
  5. "Qarabağ əyalətinin qeydiyyatı". Qiyaməddinli icması. 1823-cü il.
  6. Ş. Aranlı, səh. 335
  7. Ş. Aranlı, səh. 349–394.
  8. 1 2 Ş. Aranlı, səh. 339
  9. Asif Rüstəmli, Ağdamdan keçən tank Arxivləşdirilib 2021-09-18 at the Wayback Machine. adalet.az. 26.06.2020.
  10. Rey Kərimoğlu. Şübhəli koordinat, Qiyamadınlının xilası, "Eşşəkkeçməzdə" yanan erməni tankları — "Barıt qoxusu" Arxivləşdirilib 2021-09-18 at the Wayback Machine. 525-ci qəzet. 03.07.2013.
  11. "Ermənilərin mina terroru". 2011-07-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-18.
  12. "Azərbaycan Respublikasının Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarının bəzi kəndlərinin adlarının dəyişdirilməsi barədə Azərbaycan Respublikasının 29 may 2015-ci il tarixli Qanunu" (az.). president.az. 16 iyun 2015, 13:00. 2016-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-16.
  13. "Azərbaycan Respublikası Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli bələdiyyəsinin Nizamnaməsi" Arxivləşdirilib 2021-09-18 at the Wayback Machine. frameworks.e-qanun.az. 09.04.2015.
  14. Ağcabədi rayon İcra Hakimiyyəti. "Təkbaşına 4 topdan atəş açan şəhidimiz". www.agcabedi-ih.gov.az (az.). 06.01.2021. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.08.2021.
  15. Ağcabədi rayon Yuxarı Qiyaməddinli kənd tam orta məktəbinin binasının açılış mərasimi olmuşdur. Arxivləşdirilib 2021-09-18 at the Wayback Machine Ağcabədi rayon İcra Hakimiyyəti. 14.06.2017
  16. Qarabağ müharibəsində iki dəfə işğal edilən Yuxarı Qiyaməddinli kəndi
  17. Pərviz Hüseyn. ""Bilməzdim ki, evimdən körpə kimi çıxan oğlum şəhid kimi qayıdacaq"". mediapost.az. 16 noyabr 2020. 2020-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 dekabr 2020.
  18. 1 2 Ağcabədinin yaşayış məntələri atəşə tutulur — Reportaj Arxivləşdirilib 2021-09-18 at the Wayback Machine. axar.az. 07.11.2020
  19. "Azərbaycanda Rusiya-Türkiyə monitorinq mərkəzi açıldı". 2021-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-18.
  20. Daha bir neçə kənddə şəhidlərin adına küçə verilmişdir Arxivləşdirilib 2021-10-19 at the Wayback Machine. "Aran" qəzeti. 17.03.2021.
  21. Bulaq kompleksi inşa olunub Arxivləşdirilib 2021-10-28 at the Wayback Machine. "Aran" qəzeti. 08.07.2021.
  22. Yuxarı Qiyaməddinli kəndində dağılmış evlər bərpa olunur Arxivləşdirilib 2021-10-19 at the Wayback Machine. "Aran" qəzeti. 01.07.2021.
  23. Yuxarı Qiyaməddinli kəndində daha 3 ev inşa edilib Arxivləşdirilib 2022-01-20 at the Wayback Machine. "Aran" qəzeti. 09.07.2021.
  24. 1 2 Nazim Tapdıqoğlu (Vəlişov) Ağcabədi Ensiklopediyası. Bakı, 2007
  25. Ş. Aranlı, səh. 336
  26. Qiyaməddinli. Azərbaycan Sovet Ensiklopediyası. Bakı, "Qızıl Şərq", 1979. — T. 3.- S. 148 .-- 628 s. — 80.000 nüsxə.
  27. Xəritə vərəqi K-38–143 Ağcabədi. Ölçü: 1: 100.000. 1984-cü il üçün ərazi vəziyyəti. 1985 nəşri
  28. Azərbaycan əhalisinin milli siyahıyaalınması. 1999, Bakı.
  29. Azərbaycan əhalisinin milli siyahıyaalınması. 2009, Bakı.
  30. Ş. Aranlı, səh. 591
  31. Ş. Aranlı, səh. 573
  32. Ş. Aranlı, səh. 581
  • Şirxan Aranlı, "Ağcabədi" ensiklopedik toplusu. "Zərdabi Nəşr MMC", Bakı, 2021. 912 səh.