Pir Hüseyin xanəgahı
Pirsaat xanəgahı, Pirsaatçay xanəgahı və ya Pir Hüseyn xanəgahı – Hacıqabul rayonunun Qubalıbalaoğlan kəndi ərazisində yerləşən XIII əsrə aid sufi xanəgahı.
Pirsaatçay xanəgah kompleksi abidəsinin üzərindəki kitabələrdən məlum olduğu üzrə Şirvanşahların Kəsrani nəslindən olan III Fəribürz və II Axsitanın zamanı, yəni XIII əsrdə əmələ gəlməyə başlamışdır. Abidə 1939–1940-cı illərdə hərtərəfli ölçülüb tədqiq edilmiş, daha sonralar, 1956–1965-ci illərdə bu kompleksdə bir sıra bərpa işləri aparılmışdır.
Kompleksin əsas binası burada XIII əsrdə tikilmiş Şeyx Pir Hüseyn Şirvaninin məqbərəsidir. Şeyx Hüseyn Şirvani türbəsinin içərisindəki qəbir sənduqəsinin üzərini örtən kaşılar olduqca qiymətli sənət əsəridir. Təəssüf ki, kaşılar hələ XIX əsrdən başlayaraq sökülmüş, müxtəlif tədqiqatçı, yaxud təsadüfi adamlar tərəfindən qoparılaraq aparılmış və dünyanın müxtəlif muzeylərinə yayılmışdır. Pir Hüseyn kaşılarının böyük bir qrupu Rusiyanın Ermitajında, Gürcüstan Dövlət Muzeyində, Moskva Şərq Mədəniyyəti Muzeyində, Avropanın Luvr, Britaniya və başqa muzeylərində və kiçik hissəsi isə Bakıda, Nizami muzeyində saxlanılmaqdadır. Pir Hüseyn kaşılarının üzərində olan ornamental bəzəklər və kitabələr olduqca diqqəti cəlb edən, tarixi əhəmiyyətli materiallar olduğu üçün görkəmli rus şərqşünası V.A.Kraçkovskaya tərəfindən ətraflı şəkildə tədqiq edilmiş və bir monoqrafik əsər şəklində nəşr edilmişdir. Pir Hüseyn kaşılarının bir xüsusiyyəti də ondan ibarətdir ki, o zaman Azərbaycanda əsasən kəsmə kaşı tətbiq edildiyi halda bu binanın kaşı bəzəyi, əvvəlcə müəyyən naxışlar formasında çəkilib üzəri şirələndikdən sonra böyük təbəqələr şəklində bişirilmiş kaşı növündəndir. Belə kaşılar böyük parçalar şəklində olduğu üçün onların quraşdırılması kəsmə kaşıya nisbətən daha asanlıqla başa gəlirdi.