Xanəgah (söz)

Xanəgah[1] və ya xanəqah[2] bir təriqətin bütün təkyələrinin bağlı olduğu və şeyxin yaşadığı təriqətdə ən ali məqamdakı təkyəyə deyilir.[3]

Təkyələr əsasən təhsil və tərbiyə məkanları olub ara-sıra məscid vəzifəsini də yerinə yetirirdi. Şeyxin ailəsi ilə birgə qaldığı hissə ümumiyyətlə, təkyəyə bitişik olurdu. Zaman keçdikcə təkyələr memarlıq baxımından da böyük inkişaf yolu keçmişdir. Mükəmməl quruluşlu xanəgahda səmaxana, xəlvətxana, hücrələr-dərviş otaqları, kiler-mətbəx, qəhvəxana ocağı, hamam, məscid, axur, şeyx türbələri olur.[4]

Həmişə təkyədə qalan dərvişlər eyni zamanda təkyə xidmətlərini də həyata keçirirdilər. Təkyənin xərcləri vəqflər yolu ilə əldə olunur, dərvişlər də qazandıqlarının bir qismini bağlı olduqları təkyəyə bağışlayırdılar. Zikr məclislərində bəstəli olaraq ilahilər oxunduğu üçün şeir və musiqi dünyası təkyələrlə yaxından əlaqəli idi. Başqa sözlə təkyələr dini və ictimai funksiyası ilə yanaşı ədəbiyyat və incəsənətin inkişaf və mühafizəsində də mühüm rol oynamışdır.

  1. xanəgah // Azərbaycan dilinin izahlı lüğəti. 2024-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-24.
  2. xanəqah // Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti. 2024-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-24.
  3. S.Uludağ-Tasavvuf terminleri sözlüğü, İstanbul, 1991
  4. O.Türer-Ana hatlarıyla tasavvuf tarihi, İstanbul, 1995