Brauner xulu
Brauner xulu (lat. Benthophiloides brauneri) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin benthophiloides cinsinə aid heyvan növü.
== Yayılması ==
Qara, Azov və Xəzər dənizlərində yayılıb. Sonuncuda iki dəfə bir fərd tapılmışdır: 1910-cu ildə Panov tərəfindən Abşeron yaxınlığında və Rəhimov tərəfindən 1973-cü ildə Orta Xəzərin şərq sahilində Jiland burnunun cənub hissəsində.
== Morfoloji əlamətləri ==
Bədəni lövhəvari, burnu gödək, başı bir qədər enlənmişdir. Başın hündürlüyü enindən təqribən 1,5 dəfə azdır. Rəngi qonurumtul, bədənində üç iri tünd qonur xal vardır:I başın ön yanından kəllənin yarısına qədər gedir, Bəzən isə olmur;II birinci bel üzgəcinin əsasından keçib döş üzgəclərinin əsasının arxa hissəsinə qədər enir ; III xaı ikinci bel üzgəcinin arxa yarısından keçir və quyruq gövdəsi üzrə bədənin arxa tərəfinə qədər enir. Bədənin uzunluğu 6-7 sm olur.
== Yaşayış yeri və həyat tərzi ==
Sahildən 0,5-1,5, bəzən isə 5,5 m dərinlikdə, palçıqlı-qumlu yerlərdə, daşların dibində yaşayırlar. Suyun həm yavaş axan, həm də durğun yerlərində də mövcud ola bilərlər.Həşəratların yumurtaları, xərçəngkimilər və molyusklarla qidalanırlar.