Yasin Qaraməmmədli
Yasin Alı oğlu Qaraməmmədli (1 dekabr 1938, Başkeçid rayonu) — Azərbaycanlı alim, siyasi icmalçı, Əməkdar jurnalist, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fəlsəfə və sosial fənlər kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru.
Yasin Alı oğlu Qaraməmmədli 1938-ci il dekabrın 1-də Gürcüstanın Başkeçid (indiki Dmanisi) rayonundakı Muğanlı kəndində anadan olmuşdur. 1946-1954-cü illərdə səkkizillik təhsilini doğma kəndlərində almış, 1954-1958-ci illərdə Sarvanda - Marneuli Dövlət Pedaqoji Məktəbində oxumuş, sonra təhsilini Bakıda Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsində davam etdirmişdir. 1963-cü ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. Bir il Saatlı rayonunun Krasnoselsk və Sabirabad rayonunun Aleksandrovsk kəndlərində müəllim və tədris hissə müdiri işləmiş, 1964-cü ilin yanvarında Bakıya qayıdaraq burada fəaliyyətini davam etdirmişdir. O, əvvəlcə Bakıdakı 19 nömrəli şəhər texniki peşə məktəbində tərbiyəçi, Azərbaycan SSR Nazirlər Soveti Dövlət Mətbuat Komitəsinin Baş Mətbuat İdarəsində (Qlavlit) senzor işləmiş, həmin ilin noyabrından Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsinə işə dəvət olunmuş, 20 ildən artıq bir müddət ərzində burada tərcüməçi, şərhçi, böyük redaktor və baş redaktorun müavini vəzifələrində çalışmışdır.
Ailəlidir 2 övladı var.
Mətbuat sahəsində çalışdığı illərdə elmi-pedaqoji fəaliyyətindən ayrılmamış, Azərbaycan SSR EA Fəlsəfə və Hüquq İnstitutunda “Bədii xarakter anlayışı” mövzusunda tədqiqat işi aparmış, bir sıra elmi nəşrlərdə məqalələr dərc etdirmiş, 1978-ci ildə dissertasiya müdafiə edərək estetika ixtisası üzrə fəlsəfə elmləri namizədi elmi dərəcəsi almışdır. Eyni zamanda 1975-ci ildən Azərbaycan Xarici Dillər İnstitutunda, 1978-ci ildən APİ-də müəllimlik fəaliyyətinə başlamışdır. 1984-cü ilin noyabrında müsabiqə yolu ilə APİ-nin fəlsəfə kafedrasında baş müəllim vəzifəsini tutmuş, kafedranın dosenti seçilmiş, 1986-cı ilin mayından 1990-cı ilin dekabrına qədər həmin kafedranın, sonra isə institutda onun təşəbbüsü ilə təzə yaradılan mədəniyyətşünaslıq kafedrasının müdiri, 1996-1998-ci illərdə Pedaqoji Universitetin tərbiyə işləri üzrə prorektoru vəzifələrində çalışmışdır.