Naxçıvanın iqtisadiyyatı ( I mərhələ )
Sovetlər Birliyinin yarandığı ilk dövrlərində Naxçıvan Muxtar Respublikasında iqtisadi islahatların başlıca istiqamətini kollektivləşmə, əsaslı təsərrüfatçılıq və sənaye potensialının dirçəlişinə yönəlmiş tədbirlər təşkil edirdi.
Naxçıvanda da sənaye istehsalının nisbətən yeni texniki baza üzərində qurulmasına səy göstərilirdi. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində həmin illərdə Ordubad rayonunda konserv zavodu və yeni tipli ipəkçilik fabriki tikilmiş, Şərur rayonunda pambıq zavodu bərpa olunmuş, Naxçıvan şəhərində yeni pambıq zavodu tikilmiş, şərabçılıq müəssisəsi bərpa olunmuşdur. Tarixi inkişafın gedişini əks etdirən sosial-iqtisadi xarakterli materialların, sənədlərin təhlili göstərir ki, sonrakı dövrlərdə Naxçıvan iqtisadiyyatına real vəziyyətdən irəli gələn diqqət göstərilməmiş, müxtəlif dövrlərdə onun qarşısında duran vəzifələrin yerinə yetirilməsinə respublika üzrə icra templərindən gec başlanılmışdır. Azərbaycanda sənayeləşdirmə və birinci beşillik planın vəzifələrinin yerinə yetirildiyi vaxtda muxtar respublikada sənayenin qismən yeni texniki baza üzərində bərpası işləri həyata keçirilirdi. Tarixi mənbələr göstərir ki, muxtar respublikada dağılmış sənayenin ilkin bərpası duz mədəni üzrə 1924–1926-cı, ipəkçilik üzrə 1924–1927-ci, konserv istehsalı üzrə 1925–1927-ci, şərabçılıq üzrə 1926–1927-ci illərdən başlayaraq həyata keçirilmişdir. Sosialist inqilabı ərəfəsində Naxçıvan ərazisində olan sənaye müəssisələri yüngül və yeyinti sənayesi sahələrinə aid olmaqla, əsasən, kiçik kustar xarakteri daşıyırdı. İnqilabdan sonrakı dövrdə aparılan bir sıra yenidənqurma işlərinə baxmayaraq, birinci beşilliyin axırlarında muxtar respublikada hələ də tam gücü ilə işləməyən, texniki bazası zəif olan xeyli sayda kooperativləşdirilməyən xırda müəssisələr vardı. 1930-cu ildə bütün sənayedə işləyənlərin 43,2 faizi, 1932-ci ildə isə 50 faizi fabrik-zavod sənayesinin payına düşürdü. Beləliklə, hələ birinci beşilliyin axırlarında sənaye istehsalının iri fabrik-zavod müəssisələri hesabına təşkili başa çatmamışdı.