Tektonika
Tektonika - geologiya elminin sahəsi. 1. Yer qabığının tektonik deformasiyaların məcmusu və onların inkişaf tarixilə əlaqədar olan müəyyən bir hissənin quruluşu. 2. Yer qabığının geoloji strukturlarının quruluşu, onların yerləşmə və inkişaf qanunauyğunluqları haqqında təlim
Tektonika bu halda "Geotektonika" termininin sinonimidir. Tektonika bir neçə müstəqil bölməyə ayrılır: ümumi, yaxud morfoloji tektonika (struktur geologiya), regional tektonika, tarixi tektonika, genetik, yaxud nəzəri tektonika, müqayisəli tektonika, eksperimental tektonika, neotektonika və b. Ümumi, yaxud morfoloji tektonika litosferin kiçik və orta miqyaslı struktur elementlərinin müxtəlif tiplərini öyrənir. Regional tektonika struktur formaların yer qabığının ayrı-ayrı sahələrində, yaxud litosferdə müasir vəziyyətini tədqiq edir, geoloji planalma və geofiziki üsulların məlumatlarına əsaslanaraq tektonik rayonlaşdırma məsələlərini işləyib hazırlayır. Tarixi tektonika tektonik hərəkətlərin, Yer qabığının və onun ayrı-ayrı elementlərinin əmələgəlmə tarixini öyrənir, inkişafın əsas mərhələlərini və onun ümumi qanunauyğunluqlarını araşdırır. Genetik, yaxud nəzəri tektonika yer qabığı strukturlarının ümumi inkişaf nəzəriyyəsini işləyib hazırlayır, tektonik hərəkətlərin səbəblərini və tektonik pozulmaların ayrı-ayrı növlərinin əmələgəlmə mexanizmini tədqiq edir.