Yezid ibn Əhməd
Yəzid ibn Əhməd (Şamaxı – noyabr 1027, Şamaxı) – Şirvanşahlar dövlətinin onuncu hökmdarı, Əhməd ibn II Məhəmmədin oğlu, Kəsranilər sülaləsinin əsasını qoymuş Şirvanşah Mənuçöhr ibn Yəzidin atası.
Şirvanşah Məhəmməd ibn Əhmədin ölümündən sonra hakimiyyətə qardaşı Yəzid ibn Əhməd keçdi. Bu hadisələrdən və hakimiyyətin dəyişilməsindən istifadə edən əmir Məymun II dəfə Dərbəndi tutaraq, cəmi bir il beş ay əvvəl, Şirvanşah Məhəmməd ibn Əhmədin vaxtında tikilmiş orta (köndələn) divarı (Əs-sür əl-vəstani) dağıtdı. Yəzidin hökmranlıq illəri onun öz dövlətinin ərazisini qoşunlarının hesabına genişləndirmək məqsədilə apardığı feodal ara müharibələri ilə əlamətdardır. H.382 (992)-ci ildə Qəbələ rustaqında şirvanlılarla şəkərlilər (şəkililər) arasında şiddətli vuruşma baş verdi. Döyüşdə Şirvanşahın vəziri Müsəddin ibn Həbəşi öldürüldü, onunla birlikdə Şirvan qoşununun adlı-sanlı 400 süvari əsgəri həlak oldu. Şirvanşah Yəzid ibn Əhmədin hakimiyyəti onunla əlamətdar idi ki, o, dövlət işlərini təkbaşına idarə etmir, bütün dövlət işlərini bərdəli Abbasın oğlanları Ədb ül-Əziz və Əbd ül-Səmədə həvalə edir, yalnız onların məsləhəti ilə qərar çıxarırdı.
H.389 (999)-cu ildə Şirvanşah Yəzid Qəbələnin hakimi, Gürzül qalasının sahibi Əbd ül-Bərr Ənbəsə ilə müharibə edərək, Gürzül qalasını onun əlindən aldı. Bundan sonra elə həmin il Şirvanşah Zirkiyyə (daha doğrusu, Rizkiyyə) mülkünə sahib olmaq üstündə Dərbənd əmiri Ləşkəri ibn Məymunla vuruşdu lakin uğur qazana bilmədi. Ləşkəri Şəbərana yürüş etdi.