1. Uca, hündür. Yüksək bina. Yüksək dağ. Yüksək ağac. Yüksək təpə.
// Yüksəklərdə olan. Yüksək yer. Yüksək yaylaqlar. Yüksəkdə uçan təyyarə.
2. Adi səviyyədən yuxarı. Suyun səviyyəsi hələ də yüksəkdir.
3. Say, qüvvə, şiddət və s. cəhətdən böyük, çox güclü, çox artıq. Yüksək əmək məhsuldarlığı. Yüksək məhsul. Yüksək sürət. Yüksək qiymət. Yüksək hərarət. Yüksək təzyiq. Yüksək gərginlik.
4. Keyfiyyətcə yaxşı, əla. Yüksək sənət nümunələri. Yüksək mədəniyyət. Yüksək ixtisas. Yüksək keyfiyyətli mal.
5. Çox böyük əhəmiyyəti olan; ali, şərəfli, fəxri. Yüksək mükafat. Ədəbiyyatın yüksək vəzifəsi.
6. Dərin, qeyri-adi məzmunlu, böyük, ulu, ali. Yüksək ideya. Yüksək ideal. Yüksək hisslər. Yüksək arzular. Yüksək mövzuda söhbət.
7. Təmtəraqlı, təntənəli. Yüksək üslub. Yüksək ifadələr.
8. Çox nazik və uca. Yüksək səs. Yüksək not.
◊ Yüksək fikirdə olmaq – çox yaxşı fikirdə olmaq, yüksək qiymətləndirmək. İşimiz haqqında yüksək fikirdədirlər.
Yüksəkdə durmaq – üstün olmaq, daha irəlidə olmaq.
Yüksəkdən baxmaq – xor baxmaq, saymamaq, etina etməmək, bəyənməmək.
Yüksəyə qalxmaq – ötüb keçmək, üstün olmaq.