Morinaga arsenli süd zəhərlənməsi insidenti
Morinaga arsenli süd zəhərlənməsi insidenti (森永ヒ素ミルク中毒事件) – 1955-ci ildə Yaponiyada 130-dan çox körpənin ölümü ilə nəticələnmiş qida zəhərlənməsi insidenti. Hadisəyə səbəb "Morinaga Milk" şirkəti tərəfindən istehsal olunmuş süd tozuna yanlışlıqla əlavə olunan arsen olmuşdur.
İnsident 12.000-dən çox körpənin sağlamlığına mənfi təsir göstərmişdir. Hadisənin leqal tarixi 18 il davam etmiş və istehsal menecerenin həbsi ilə nəticələnmişdir.
1955-ci ildə iyulunda Yaponiyanın qərbində yeni doğulmuş körpələr arasında qızdırma, iştahsızlıq, səpmə, ishal, qıcolma, dəridə qara nöqtələrin çıxması halları və bu əlamətlərin ölümlə nəticələnməsi müşahidə olunmağa başlamışdır. Avqust ayında Okayama Universiteti Tibb Məktəbinin professoru bu hallara səbəb olan şeyin "Morinaga Milk" şirkəti tərəfindən istehsal olunan süd tozundakı arsen olduğunu müəyyən etmişdir.
Arsenin mənbəyi "Morinaga Milk" şirkəti tərəfindən südü daha həll olan hala salmaq üçün stabilləşdirici kimi istifadə olunan natrium dihidrofosfat idi. Şirkət sənayedə istifadə olunmağa uyğun olan, lakin insanların istehlakı üçün uyğun olmayan böyük miqdarda natrium dihidrofosfat almışdır. Natrium dihidrofosfatın tərkibində 0,0021–0,0035 % arsen mövcud idi. Şirkət stabilləşdirici və son məhsul üçün heç bir təhlükəsizlik testi aparmamışdır.