Zili
Zili — xovsuz xalça növünün ən maraqlı nümunələrindən biri. Zili zərif toxunuşlu olur.
Yaşlı xalçaçıların söylədiklərinə görə, Bərdə, Cəbrayıl, Naxçıvan, Şirvan, Abşeron, Xızı, Təbriz, Qazax və digər rayonlarda istehsal olunan zililər XVIII əsr – XIX əsrin əvvələrində Avropa və Rusiyaya ixrac olunurdu. "Zili" xalçalarının ən xarakterik xüsusiyyəti - heyvan və bitki elementlərinin üslublaşdırılmış formasıdır.
Qarabağ tipinin xovsuz xalça növünə aid olan “Zili”, əsas etibarilə, Ağcabədi, Bərdə, Ləmbəran, Cəbrayıl, Naxçıvan rayonlarının xalçaçılıq müəssisələrində istehsal olunmuş və “Qarabağ Zili” adı ilə məşhurlaşmışdır. “Qarabağ zili”si “Qazax zili”sindən daha zərifdir, lakin “Bakı zili”sindən daha kobuddur. Bununla bərabər,onlar həm milli, həm də xarici bazarlarda əhəmiyyətli mövqe qazanmışlar. Qədim zamanlarda zili köçəri əhalinin məişətində geniş istifadə olunurdu, hal – hazırda isə yaşayış yerlərinin bəzəyi hesab olunur. Qarabağ zililəri bədii nöqteyi – nəzərdən kompozisiyasına və rəng çalarlarına görə Bakı və Qazax zililərindən fərqlidir. Kompozisiya şahmat sxemini xatırladır, onun kvadrat, düzbucaqlı və çoxbucaqlı formalı əsas elementləri Qarabağ tipi üçün səciyyəvidir.