Ziyafət Əsgərov
Ziyafət Abbas oğlu Əsgərov (24 oktyabr 1963, Aşağı Uzunoba, Naxçıvan rayonu) — Azərbaycan ictima-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini (2000–2020, 2024-cü ildən), Milli Məclisin I, II,III, IV, V,VI və VII çağırış deputatı
== Həyatı ==
Ziyafət Əsgərov 1963-cü il oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Aşağı Uzunoba kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Hüquq elmləri namizədi, professordur.
1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasını işləyib hazırlayan Komissiyanın işçi qrupunun üzvü olmuşdur.
Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın üzvüdür.
1990-cı ildən Bakı Dövlət Universitetində konstitusiya hüququ kafedrasının müəllimi, baş müəllimi, dosenti, kafedra müdirinin müavini, hüquq fakültəsi dekanının müavini vəzifələrində çalışmışdır. Hazırda Konstitusiya hüququ kafedrasının professoru və ictimai əsaslarla kafedranın müdiridir.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş, 2000-ci il noyabrın 24-dən parlament Sədrinin müavini, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri vəzifəsində çalışmışdır.
2005-ci il noyabrın 6-da 76 saylı Lənkəran-Astara seçki dairəsindən üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.