Mənaları çoxdur: qatıq çal, xəşil çal, mıxı yerə çal, çalmanı başına çal, saz çal və s. Çalxamaq sözü də çalmaqla bağlıdır. “Qatıq çal”, “xəşil çal”, “nehrə çalxa”cümlələrində çal sözü “qarışdır” mənasındadır: çalasını südə qat; xəşili oxlovla qarışdır (bula), nehrədə qatığı zərbə yolu ilə qarışdır. Mıxı çal cümləsində çal “zərbə endir” deməkdir, çalma ilə əlaqədar çal sözü bağla deməkdir, sazla əlaqədar çal sözü “səsləndir (oxut,dilləndir)” deməkdir. Mıxla bağlı çal sözü qaxmaq sözünün təhrifidir. Çalış (əlləş, çəlləş) sözü də “qatışmaq” anlamı ilə bağlıdır, “işə qatış”(qoşul) anlamını verir. Otu çalmaq ifadəsində çalmaq zərbə ilə bağlıdır. Çaxmaq (çaxmaq daşı), qığılcım (əsli: kığılcım) sözləri də az və ya çox dərəcədə zərbə anlayışı ilə əlaqədardır. İlan çalmaq ifadəsində çalmaq “iynə, sancaq” anlamına uyğun gəlir. Bəzi dillərdə жало sözünün mənası çaqqıç kimi verilir. Məncə, çal sözü “zərbə” deməkdir. “Qulağım çalıb ki, sən filan işi eləmisən” deyirik. Mənbələrdə çalmaq sözünün bir mənası “достигать” kimi tərcümə olunub. Deməli, burada çalmaq sözü çatmaq kəlməsinin mənasında işlədilib, onunla tarixən eyni kökə malikdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimoloji mənası “oxumaq” deməkdir. Çalar sözü ruscaya “поющий” kimi tərcümə olunub, çalğı isə певчий kimi verilib. Qax rayonunda Nə oxuyursan (deyirsən) əvəzinə, nə çalırsan işlədilir. Mənbələrdə bülbül əvəzinə çalğı quş ifadəsi vardır. Fit çalmaq ifadəsindəki çal sözü də məhz “oxumaq” mənasına uyğun gəlir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)