Azərbaycan Xalq Cümhuriyyəti əhalisi
Azərbaycan Xalq Cümhuriyyəti əhalisi – 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin əhalisi. Həmin dövrdə Azərbaycan Respublikasının mübahisəsiz ərazisində (97,3 min km2) yaşayan əhalinin ümumi sayı 2.861.862 nəfərə bərabər idi, yəni hər km2-ə 29,4 nəfər düşürdü. Müsəlmanlar (əsasən, Azərbaycan türkləri) əhalinin 68,2 %, ermənilər 21,4 %, gürcülər 0,6 %, ruslar 7,5 %, digər xalqların nümayəndələri isə 2,3 %-ni təşkil edirdi. Yuxarıda verilən rəqəmlərə əsasən, 1916-cı ildə Azərbaycan Xalq Cümhuriyyətinin bütün ərazisində (113,9 min km2) əhalinin ümumi sayı 3,3 milyondan çox idi. Azərbaycan xalqı 1916-cı ildən sonrakı dövr ərzində də ermənilərin həyata keçirdiyi kütləvi soyqırımlar və etnik təmizləmələr nəticəsində ağır demoqrafik sarsıntılar keçirmiş, sayca azalmışdı. Hesablamalar göstərir ki, Azərbaycan Xalq Cümhuriyyətinin əhalisi 1920-ci ilin aprel işğalı ərəfəsində azalaraq təqribən 2,6 milyon nəfərə enmişdi.
== Arxaplan ==
Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasınadək olan dövrdə Rusiya imperiyasının Cənubi Qafqazın türk müsəlman əhalisinə qarşı yeritdiyi ayrı-seçkilik siyasəti, deportasiyalar və soyqırımları nəticəsində Şimali Azərbaycan əhalisinin etnik tərkibi, sayı və yerləşməsi məqsədyönlü şəkildə dəyişdirildi, burada yaşayan azərbaycanlıların sayı xeyli azaldı. Rusiya işğalından sonra ermənilərin müxtəlif ölkələrdən kütləvi şəkildə Şimali Azərbaycan torpaqlarına köçürülməsi etnik-siyasi vəziyyətə ciddi təsir göstərmiş, azərbaycanlıların ata-baba torpaqlarından deportasiyası həyata keçirilmişdir. Çar hökumətinin himayəsi və hərtərəfli köməyi ilə ermənilər tərəfindən azərbaycanlılara qarşı defələrlə soyqırımları törədilmişdi. Eyni zamanda, dövrün demoqrafiya-statistika qaynaqlarında da azərbaycanlılara dair məlumatlar qəsdən təhrif edilirdi.