Əbülfət Əliyev
Əbülfət Əsəd oğlu Əliyev (30 dekabr 1926, Şuşa, DQMV – 27 dekabr 1990, Bakı) — muğam və opera müğənnisi, Azərbaycan SSR xalq artisti (1964).
İlk ifalarını Seyid Şuşinski, Xan Şuşinski və Musa Şuşinski kimi sənətkarlar dinləyib. 19 yaşında Bakıya gəlir. Azərbaycan Dövlət Filarmoniyasının solisti olur və dövrün tanınmış müğənniləri ilə birlikdə konsertlər verir. Repertuarında "Dinə bilmədim", "Bu qala, daşlı qala", "Ay Pəri", "Endim bulaq başına", "Bülbüllər gəzər bağı", "Tel nazik", "Saçları burma", "Gəl-gəl", "Xal yanağında", "Qara gözlüm" kimi ümumilikdə 400-dən artıq xalq və bəstəkar mahnısı yer alıb. 1971-ci ildə Moskvada keçirilən Ümumdünya Musiqi Konqresində iştirak edən xanəndə yüksək ifaçılıq bacarığına görə UNESCO-nun döş nişanına və diplomuna layiq görülüb, ifası ümumittifaq radiosu ilə yayımlanıb.
Əbülfət Əsəd oğlu Əliyev 30 dekabr 1926-cı ildə Şuşa şəhərində dünyaya göz açıb. Şuşalı musiqiçilər ilin yaz və yay aylarında şəhərin Cıdır düzü, Bazarbaşı məkanlarında toplaşar və məclislər qurarmışlar. Əbülfətin uşaqlıq illəri də belə məclislərin əhatəsində keçib. O, Seyid Şuşinski, Xan Şuşinski və Musa Şuşinski kimi sənətkarları məhz ilk dəfə bu məclislərdə görüb, onların bənzərsiz ifalarına qulaq asıb.