Üst Paleolit
Üst Paleolit və ya Son Paleolit — təxminən 40 min il bundan əvvəl başlanmış, e.ə.12-ci minilliyə qədər davam etmişdir.
Bu dövrdə iqlim mülayimləşmiş, bitki və heyvanat aləmində, habelə ictimai həyatda xeyli dəyişikliklər baş vermişdir. Üst Paleolit dövründə ibtidai insanlar mağarada yaşamış və özlərini təbiətin təhlükəli hadisələrindən və vəhşi heyvanların hücumlarından qorumuşlar. Bu dövrün maddi qalıqlarına Qarabağ və Qazax bölgələrinin Paleolit düşərgələrində daha çox rast gəlinmişdir.
Üst paleolit dövründə bir sıra heyvanların, xüsusilə nəhəng maralın, mağara ayısının nəsli kəsilmişdir. İnsanlar ən çox Qafqaz maralı, ceyran, cüyür, dağkeçisi və s. ovlayırdılar. İnsanların istifadə etdikləri qaşovlar, biz, gəzli (yəni kənarı dişəkli) və üçbucaq əmək alətləri geniş yayılmışdır.
Üst paleolit dövründə Azərbaycan ərazisində müasir insan tipinin, yəni ağıllı insanın ("Homo Sapiens") yaranması başa çatmışdı. İnsan fiziki və əqli inkişafın yüksək mərhələsinə çatmışdır.