Azərbaycan Sosial Rifah Partiyası
Azərbaycan Sosial Rifah Partiyası və ya qısaca ASRP — Xanhüseyn Kazımlı tərəfindən qurulan və 1995-ci il avqustun 4-də dövlət qeydiyyatına alınmış, 23 mart 2023-cü il tarixində fəaliyyətini dayandırmış siyasi partiya. ASRP 2000–2020-ci illərdə Milli Məclisdə təmsil olunub. ASRP sədri 1995–2020-ci illərdə Xanhüseyn Kazımlı, 2020-2023-cü illərdə isə onun qızı Əsli Kazımova olmuşdur.
1994-cü ildən İqtisadiyyat Nazirliyi Baş Qiymətlər İdarəsinin rəisi olan Xanhüseyn Kazımlı qurucusu olduğu Azərbaycan Sosial Rifah Partiyası (ASRP) 1995-ci il avqustun 4-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı.
Yeni qurulan Azərbaycan Sosial Rifah Partiyası üç il sonra, 1998-ci ildə baş tutan Prezident seçimlərində mübarizə apardı.[mənbə göstərin] ASRP sədri Xanhüseyn Kazımlı, 8 254 səslə, yəni 0,30 %-lə altı namizəd sırasında sonuncu, 6-cı pillədə qərarlaşdı.
Azərbaycan Sosial Rifah Partiyası 2000-ci il noyabrın 11-də baş tutan Parlament seçimlərində mübarizə apardı.[mənbə göstərin] 58 saylı Biləsuvar dairəsindən namizədliyini irəli sürən ASRP sədri Xanhüseyn Kazımlı, qalib gəldi və Milli Məclisin deputatı seçildi.
Azərbaycan Sosial Rifah Partiyası 5 il sonra, 2005-ci il noyabrın 6-da baş tutan Parlament seçimlərində də mübarizə apardı.[mənbə göstərin] 66 saylı Biləsuvar dairəsindən namizədliyini irəli sürən ASRP sədri Xanhüseyn Kazımlı, növbəti dəfə qalib gəldi və Milli Məclisin deputatı seçildi.
ASRP sədri Xanhüseyn Kazımlı növbəti illərdə də, 2010-cu il noyabrın 7-da baş tutan və 2015-ci il noyabrın 1-də baş tutan Parlament seçimlərində də qalib gəldi və 20 il Milli Məclisin deputatı oldu.
2020-ci il iyulun 15-də Azərbaycan Sosial Rifah Partiyasının IX Qurultayı baş tutdu. COVID-19 pandemiyasına görə online formada baş tutan qurultayda ASRP sədri, sədr müavinləri, Nəzarət və Təftiş Komissiyasının üzvləri seçildi.