Əli Razi Şamçızadə
Əli Razi Şəmçizadə və ya Şəmçizadə Əli Məşədi Yəhya oğlu (1886, Yelizavetpol – 1939) — azərbaycanlı şair, publisist, jurnalist və AYB-nin üzvü. Böyük təmizləmə zamanı məhkum edilmiş və həbsdə olarkən vəfat etmişdir.
Şəmçizadə Əli Məşədi Yəhya oğlu 1886-cı ildə Azərbaycanın Yelizavetpol (indiki Gəncə) şəhərinin Əttarlar məhəlləsində anadan olmuşdur. Ata-baba sənətinə görə özünə Şəmçi təxəllüsünü götürüb.
Əli Razi ilk təhsilini Gəncə mədrəsəsində aldıqdan sonra Gəncə Rus-Tatar məktəbini bitirmişdir.
Əli Razi 1906-cı ildə "Molla Nəsrəddin" jurnalında müxtəlif imzalarla yazılar və şerlər dərc etdirmişdir. Bir müddət Dağıstanda sürgün həyatı yaşamışdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə kəşfiyyat xidmətində fəaliyyət göstərmişdir.
Sovet hakimiyyəti illərində "Yeni Gəncə", "Qızıl Talış" (Lənkəran), "Mədəni hücum (Bakı) qəzet və jurnallarında məsul katib, redaktor işləyib. Firdovsinin "Şahnamə"sindən tərcümələr edib.