Ərəş qəzası
Ərəş qəzası — Yelizavetpol quberniyasında inzibati vahid. 1873-cü ildə yaradılmışdı. Ərazisi 2308,10 kv.verst idi. Qafqaz təqviminin (1917) məlumatına görə qəzada 99400 nəfər əhali yaşayırdı; onların 53144 nəfəri (53,46%) kişi, 46256 nəfəri (46,54%) qadın idi. Qəza idarə sistemi fəaliyyət göstərirdi. Əhali, əsasən, kənd təsərrüfatında çalışırdı. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1918-ci il avqustun 26-da Ərəş qəzasının Ağdaş yaşayış məntəqəsinə şəhər statusu vermiş, daxili işlər nazirinə şəhərin ərazisi və burada tətbiq ediləcək özünüidarənin forması haqqında xüsusi məruzə təqdim olunmasını tapşırmışdı.
Azərbaycan hökumətibin 10 dekabr 1919-cu il tarixli qərarı ilə Ərəş qəzası Ağdaş qəzası adlandırılmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra qəzanın adının necə işlədilməsində fikir aydınlığı olmamışdır. Azərbaycan Mərkəzi Statistika İdarəsi tərəfindən 1922-ci ildə nəşr olunan Azərbaycanın yaşayış məskənlərinin siyahısında qəzanın adı Ağdaş (keçmiş Ərəş), 1921-ci il kənd təsərrüfatı siyahıya almasının 15-ci buraxılışında isə, sadəcə olaraq, "Ərəş" kimi verilmişdir.