Açıq Cəmiyyət
Açıq cəmiyyət siyasətin, iqtisadiyyatın, sosial sferanın və ya mədəniyyətin liberallığından ibarət idarəçilik üsuludur. Burada hamının taleyinə birlikdə aid olan ümumi qərarlar hamının, yəni əksəriyyətin və ya nisbi çoxluğun birgə razılığı əsasında qəbul edilir.
Popper tərəfindən verilən tərifə görə, açıq cəmiyyət həqiqət üzərində heç kimin monopoliyasının tanınmadığı, fərqli insanların fərqli baxış və maraqlara malik ola bilməsinin qəbul edildiyi və bütün insanların sülh şəraitində yaşaya bilməsi üçün hakimiyyət institutlarının hamının hüquqlarını bərabər qoruduğu ictimai modeldir.
Qapalı cəmiyyətlə müqayisədə açıq cəmiyyət təbiətlə harmonikliyə daha yaxındır. Belə ki, bu ikincidə cəmiyyətin təkamül yolu çoxsaylı yasaq və qadağalar vasitəsilə süni müəyyənləşdirilib, ona diqtə edildiyindən, son nəticədə bu inkişaf ümumi dünya harmoniyasından təcrid şəkildə baş verir və, buna görə də, cəmiyyətin deqradasiyası ilə nəticələnirsə, əksinə, açıq cəmiyyətdə təkamül, bütün hallarda ətraf dünya ilə harmoniya, adaptasiya şəraitində baş verir ki, bu da ümumi təkamül və təbii seçmə nəzəriyyələri ilə mütabiqdir;
Ən optimal variantın axtarılıb tapılması zamanı məhdud qrupun intellekt potensialına söykənən qapalı cəmiyyətdə çeşidli götür-qoy imkanının mövcud olmaması səbəbindən, burada "təsadüfi" qərarların qəbul edilməsi ehtimalı maksimumdursa, əksinə, çoxsaylı variantların generasiyası və inteqrasiyasına hüdudsuz imkanların mövcud olduğu, hər şeyin yüz ölçülüb, bir biçildiyi açıq cəmiyyətdə belə risk minimumdur;
Qapalı modeldə inkişaf yalnız xarici rəqabət tərəfindən birtərəfli stimullaşdırılırsa, açıq cəmiyyətdə daxili rəqabət də, daxil olmaqla, bu cür stimul ikitərəflidir;
Monoton qapalı cəmiyyətdən fərqli olaraq, rəngarəng açıq cəmiyyətdə hər kəsin öz tələbatlarını (zövqünü, marağını, ehtiyacını…) ödəməsi üçün seçim imkanı, təkliflər assortimenti ifrat böyükdür;
Qapalı modeldə hər kəsin öz əqidə və marağını reallaşdırması üçün vasitələri həddən artıq məhduddursa (cəmiyyətdən təcrid olmaq və ya onu tərk etmək kimi variantlar çərçivəsində), açıq cəmiyyətdə belə vasitələr hüdudsuzdur (mətbu müzakirəsi açmaqdan tutmuş, mitinq, nümayiş, boykot və s. qədər);
Qapalı modeldə bütün hallarda konkret azlığın marağı ilə hesablaşılırsa, açıq cəmiyyətdə ədalət prinsipinə uyğun olaraq, həmişə əksəriyyətin marağının təmin olunması ön planda durur;
İnersial qapalı cəmiyyətlə müqayisədə çevik açıq cəmiyyət xarici embarqolara qarşı daha dözümlüdür.