Avstraliya aborigenlərinin astronomiyası
Avstraliya aborigenlərinin astronomiyası – Avstraliyanın yerli xalqlarında formalaşmış astronomik və kosmoqonik təsəvvürlərin birləşməsidir.
== Yuxular zamanı ==
Avstraliya aborigenləri düşünürdülər ki, bizim reallıqdan başqa, əcdadların ruhlarının məskunlaşdığı, digər reallıq “Yuxular zamanı” mövcuddur. Bu iki reallıq kəsişir və qarşılıqlı olaraq bir-birinə təsir edir.
Həqiqi aləmlə “yuxu” aləminin kəsişdiyi yerlərdən biri səmadır: əcdadların hərəkətləri Günəşin, Ayın, planetlərin, ulduzların hərəkətində əks olunur, lakin insanların da hərəkətləri göydə baş verən hadisələrə təsir edə bilər.
== Aborigenlərin mifologiyasında ulduz səması ==
Aborigenlərin mifologiyasında ulduz səmasının obyektlərinə: Cənub Xaça, Pleyadlara, Magellan buludlarına və s. geniş yer ayrılır. Hansısa səma obyekti və ya hadisə isə bağlı olan bir sıra mifoloji süjet var. Misal kimi, Orion ülkəri ilə bağlı olan Yolnqu xalqının mifoloji süjetini gətirmək olar: ülkər, qardaşların birinin tabunu pozduğu üçün Günəş tərəfindən göyə qaldırılan 3 qardaşın kanoesi kimi alqılanır. Həmin xalqın inancına görə Venera (Zöhrə) – yaradıcı ruh Barnumbirdir; dan söküləndə qalxan bu ruh, arxasınca işıqdan olan ip çəkir. İp isə ölmüş insanların ruhlarının yaşadığı Baralku adasına bağlıdır; müvafiq ayinləri yerinə yetirərək insanlar bu ip vasitəsi ilə əcdadları ilə təmasa girə bilərlər.