Afrika
Afrika — böyüklüyünə görə Avrasiyadan sonra ikinci böyük materik. Sahəsi 29,2 milyon km², adalarla birlikdə 30,3 milyon km²-dir. Ekvator onu şərti olaraq iki hissəyə bölür.
== Adının etimologiyası ==
Afrika adı latın dilində olan "afrikus", yəni soyuq bilməyən sözündən əmələ gəlmişdir. Digər bir ehtimala görə isə Afrika adı materikin şimal-şərqində yaşamış "afrigi" tayfasının adından götürülmüşdür.
== Ümumi məlumat ==
Avrasiyadan sonra ən böyük və ən isti materikdir. Dünyanın ən uzun çayı, dünyanın ən uzun şirinsulu gölü, şərq yarımkürəsinin ən bol sulu çayı, quruda yer qabığının ən uzun çatı, dünyanın ən isti nöqtəsi, dünyanın ən quraq nöqtələrindən biri, ən böyük quraq təbii kompleksi, ən geniş savannası bu materikdədir. Onu Avropadan Cəbəllütariq boğazı və Aralıq dənizi, Asiyadan Aralıq dənizi, Süveyş kanalı, Qırmızı dəniz, Babülməndəb boğazı, Ədən körfəzi ayırır. Ekvator xətti və sıfırıncı meridian bu materikdən keçdiyinə görə o, 4 yarımkürədə yerləşir.
Afrika Atlantik və Hind okeanları ilə əhatə olunub.