Alagöz (İrəvan quberniyası)
Alagöz — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd.
== Tarixi ==
Rayon mərkəzində 15 km şimal-şərqdə, Alagöz çayının yanında, Alagöz çayının sağ qolu olan Yoğun su çayının sahilində yerləşir. Kəndin adı 1728-ci il tarixdə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə Ələyəz, Qafqazın 5 verstlik xəritəsində Alagöz, «Сборник сведений о Кавказе» toplusunda Alagöz və Alayaz formasında qeyd edilmişdir. Erməni mənbələrində Alayaz , Alagəz, Alagöz kimi qeyd edilir.
Araşdırmalara görə, kəndin ilkin və əsl adı «Alagöz«dür. Burada XI-XIII əsrlərə aid azərbaycanlılarla bağlı tarixi abidələr mövcuddur.
Toponim alagöz türk etnonimi əsasında əmələ gəlmişdir. Alagöz türk tayfası haqqında ilk məlumata Vamberinin 1863 - cü ildə türk tayfaları ilə bağlı məlumatında rast gəlinir.
== Əhalisi ==
Kənddə 1831-ci illərdə 32 nəfər, 1873 - cü ildə 223 nəfər, 1886-cı ildə 356 nəfər, 1897-ci ildə 412 nəfər, 1904 - cü ildə 524 nəfər, 1914 - cü ildə 576 nəfər, 1916-cı ildə 322 nəfər, 1919 - cu ildə 97 nəfər yalnız azərbaycanlılar yaşamışdır. 1918-1919-cu illərdə kənd erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və kəndə ermənilər yerləşdirilmişdir.