Pontiya rododendronu
Pontiya rododendronu (lat. Rhododendron ponticum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü.
Qafqazda, Balkan yarımadasının şərq sahilində,Suriyada, Livanda rast gəlinir.
Düz və ya əyilmiş gövdəli, hündürlüyü 8 m-ə qədər olan, həmişəyaşıl ağac və yaxud iri koldur. Təbii şəraitdə qoca gövdələrin diametri 40 sm-ə çatır. Qabığı qonur və ya tünd-qırmızı qonurdur. Cavan zoğları tükcüklü, lakin tez çılpaqlaşandır. Yarpaqları uzunsov-lansetvarı, uzunluğu 9-28 sm, eni 2-9 sm, ucu biz, bünövrəsi ensiz, kənarı bir az burulmuş, üst tərəfi parlaq, tünd-yaşıl,alt-tərəfi açıq, hər iki tərəfdən çılpaq, 12-16 cüt damarcıqlıdır. Çiçəkləri 10-15 ədəd, böyük, möhkəm çiçək qruplarında yerləşir. Çiçək tacının diametri 4,5-6,0 sm, bənövşəyi,al-qırmızı, açıq-çəhrayı, sarımtıl-xallı, qıfvari-zəngvari, 5 uzunsov dilimlidir.