Elnarə Akimova
Elnarə Akimova (28 yanvar 1978, Sumqayıt) — siyasətçi, ictimai-siyasi xadim,Azərbaycan Respublikasının Milli Məclisinin VII çağırış deputatı, ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru (2017), dosent (2014), Nizami adına Ədəbiyyat İnstitutunda "Uşaq ədəbiyyatı" şöbəsinin müdiri (2018), "Ədəbiyyat qəzeti"ndə ədəbiyyatşünaslıq şöbəsinin müdiri (2016), Azərbaycan Yazıçılar Birliyinin üzvü.
== Həyatı ==
Elnarə Akimova 28 yanvar 1978-ci ildə Sumqayıt şəhərində anadan olub. 1995-ci ildə Sumqayıt şəhər Tofiq İsmayılov adına 29 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin filologiya fakültəsində 1995–1999-cu illərdə bakalavr, 1999–2001-ci illərdə magistr təhsili alıb. 2001–2004-cü illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirib. 2006-cı ildə "Müstəqillik dövründə Azərbaycanda ədəbi tənqid (90-cı illər)" mövzusunda namizədlik, 2017-ci ildə "Müstəqillik dövrü Azərbaycan poeziyası müasir ədəbi təmayüllər kontekstində" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Hazırda filologiya elmləri doktoru, dosent, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Uşaq ədəbiyyatı" şöbəsinin və "Ədəbiyyat qəzeti"ndə ədəbiyyatşünaslıq şöbəsinin müdiridir. 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Ailəlidir, iki oğlu var.
== Elmi fəaliyyəti ==
Elnarə Akimova 2001-ci ildən ədəbiyyat tarixçisi kimi elmi fəaliyyətə və çağdaş ədəbi prosesdə tənqidçi kimi fəaliyyətə başlamışdır.