İzaməddin Bağırov
İzaməddin Zeynal oğlu Bağırov (d. 6 aprel 1967) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2008).
İ.Bağırov 1990-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Kütləvi tamaşalar rejissoru" fakültəsini bitirmişdir. 1991-ci ildən Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktyoru və rejissoru vəzifələrində işləyir.
Quruluş verdiyi tamaşalardan A.Kamyunun "Ağlasığmaz faciə", Ş.Qurbanovun "Milyonçunun dilənçi oğlu", C.Cabbarlının "Solğun çiçəklər", C.Məmmədovun "Kişi", Y.Həşimovun "Həkimlər nobata gedir" və Ə.Qiyasın "Cəhənnəm ekspresi" kimiləri qeyd etmək olar.
İ.Bağırov tərcümə ilə də məşğul olur. Onun tərcümə etdiyi bir neçə pyes Akademik Milli Dram Teatrının, Sumqayıt və Dərbənd Dövlət teatrlarında tamaşaya qoyulmuşdur.
Sumqayıt teatrında oynadığı rollardan Kefli İsgəndər və Naçalnik (C.Məmmədquluzadə "Ölülər", "Danabaş kəndinin əhvalatları", Dövlət bəy, Aydın və Bəhram (C.Cabbarlı "Aydvn", "Solğun çiçəklər"), Yan(A.Kamyu "Anlaşılmazlıq"), İmran (S.S.Axundov "Tamahkar"), Məsi (Ə.Qiyas" Qarışqa yuvası"), Qarakişi (İ.Məlikzadə "Gəl qohum olaq"), Şahbaz (M.F.Axundov "Müsyo Cordan və Dərviş Məstəli şah"), Sədrəvəzi (A.Babayev "Xilaskar"), Albert (A.İvaşenko "Uşağa bir üç yazın"), Qazan xan (F.Məhərrəmov (Oğuzlar", Müstəntiq (N.Dumbadze "Ağ bayraqlar"), Cəfərqulu xan (Y.Kevr "Xacə şah") və s. göstərmək olar.
İ.Bağırov özünü kino sənətində də yoxlamış və "Yük"-də Dərviş, "Təxribat"-da Səfil və "Biriya"-da Məhəmməd Biriyanın obrazlarını yaratmışdır.