Ağörən (Dərəçiçək)
Ağörən, Ağverən — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Axta (Razdan) rayonunda kənd, türk mənşəli toponim.
== Haqqında ==
Ağörən kəndi İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Axta (Razdan) rayonunda Dəllər çayının sahilində, Zəngi çayının sağ sahilində, Zəncirli dağının ətəyində, Ərzəkənd kəndindən 10 km şimal-qərbdə yerləşirdi. «İrəvan əyalətinin icmal dəftər»ində qeyd edilmişdir. Erməni mənbələrində Ağverən kimi qeyd edilir.
Əhalisi yalnız azərbaycanlılardan ibarət bu kənddə 1831-ci ildə 22 nəfər, 1873-cü ildə 243 nəfər, 1886-cı ildə 302 nəfər, 1897-ci ildə 307 nəfər, 1908-ci ildə 416 nəfər, 1914-cü ildə 762 nəfər, 1916-cı ildə 390 nəfər yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərafindən qovulmuşlar. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişlər. Kənddə 1922-ci ildə 64 nəfər, 1926-cı ildə 93 nəfər, 1931-ci ildə 129 nəfər azərbaycanlı yaşamışdır.
1926-cı ildə bu kənddə ermənilər yerləşdirilmişdir. 1966-cı ildə azərbaycanlılar bu kənddən zorla Azərbaycana köçürülmüş, kənd ləğv edilərək istirahət zonasına çevrilmişdir.