Mübahilə ayəsi
Mübahilə ayəsi — Müsəlmanların müqəddəs kitabı Quranın 3-cü surəsi Ali-İmran surəsinin 61-ci ayəsinə verilən ad. Ayə onda işlənən «nəbtəhil» kəlməsinə əsasən "mübahilə" adı ilə məşhurdur. Ərəb sözü olan Mübahilə kəlməsinin kökü elə ərəbcə olan "bəhl" sözündəndir və mənası "lənət etmək"dir. Bu sözün lüğətdə də mənası budur. Amma sonralar mənasını dəyişib, hər cür dua etmək mənasında işlənmişdir.
== Ayə ==
Ayənin əsli, ərəbcəsi:
فَمَنْ حَاجَّكَ فِيهِ مِنْ بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْا نَدْعُ أَبْنَاءَنَا وَأَبْنَاءَكُمْ وَنِسَاءَنَا وَنِسَاءَكُمْ وَأَنْفُسَنَا وَأَنْفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَعْنَتَ اللَّهِ عَلَى الْكَاذِبِينَ
Ayənin Azərbaycan dilinə olan tərcümələri:
(İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən (məlumatdan) sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlərə de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək!”
Hər kəs (İsa barəsində) sənə elm gəldikdən sonra səninlə mübahisəyə qalxsa (və haqqı qəbul etməkdən imtina etsə), de: Gəlin, biz də öz övladlarımızı çağıraq, siz də öz övladlarınızı çağırın, biz də öz qadınlarımızı çağıraq, siz də öz qadınlarınızı çağırın, biz də öz nəfslərimizi (canlarımızı) çağıraq, siz də öz nəfslərinizi çağırın. Sonra Allah dərgahında mübahilə edib yalançılara Allahın lənət etməsini istəyək.
Buna görə də sənə elm gəldikdən sonra, onun barəsində (İsa Məsih-əleyhissəlam haqqında) səninlə mübahisə edən (höcətləşən) kəsə de: «Gəlin biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü (bizim canımız kimi olan kəsləri) çağıraq, sonra bir-birimizə nifrin edək, beləliklə Allahın lənətini yalançılara yağdıraq. (Peyğəmbər bu hadisədə imam Həsənlə İmam Hüseyni oğulları, Fatiməni qadın və Əlini canı kimi «mübahilə»yə, yəni ayədə işarə olunan qarşılıqlı nifrin etmə mərasiminə apardı və kafirlər təslim oldular.)
Sənə bilik gəldikdən sonra kim səninlə (İsanın) barəsində mübahisə edərsə, de: “Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək”.